Qarabağ məsələsinin həllini istəməyən qüvvələr Paşinyana qarşı kampaniyaya başlayıblar - azərbaycanlı ekspert

7 Fevral 2019 07:00

Nikolun Qarabağla bağlı təzadlı açıqlamalarının ƏSL SƏBƏBİ

"Nikol Paşinyan nümayişlər yolu ilə Ermənistanda hakimiyyətə gəlməsinə və hətta son seçkilərdən sonra parlamentdə çoxluğa sahib olmasına baxmayaraq, elə müxalif qüvvələr var ki, onlar maliyyə və hərbi resurslara arxalanaraq ona qarşı kampaniya aparırlar. Bunu da edənlər əsasən "Qarabağ klanı"nın üzvləridirlər. İşğal edilmiş Azərbaycan ərazilərindəki hərbçilər və oradakı qondarma separatçı-siyasi qurum Paşinyana qarşı gizli müharibəyə başlayıb. Onların əsas arqumenti və hədəfi də Dağlıq Qarabağ probleminin həlli məsələsində Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləridir. Faktiki olaraq Nikol Paşinyanla cənab İlham Əlyevin Davos görüşündən sonra Paşinyanın sözləri Azərbaycan tərəfindən müsbət qarşılanırdı. Hətta danışıqlar prosesinin bərpa olunması böyük etimad yaratmışdı".

Bu fikirləri Milli.Az-a "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov deyib.

Lakin ekspertin sözlərinə görə, görünür birbaşa ikili görüşlər bir çoxlarının xoşuna gəlməyib və bu məsələ ilə bağlı Ermənistanda Paşinyana qarşı kampaniyaya başlanılıb:

"Çünki Davos görüşündən sonra danışıqların məzmunu barədə Azərbaycan və Ermənistan tərəfindən rəsmi olaraq heç bir açıqlama verilməyib. Paşinyanın Almaniyaya səfəri zamanı verdiyi açıqlamalarına gəlincə, bu göstərir ki, o, Dağlıq Qarabağ ermənilərini ayrıca tərəf kimi qəbul etdirməyə çalışmaqla daxildəki tənqidlərdən və müxalifətin təzyiqlərindən yaxa qurtarmaq istəyir.

İndiyədək Ermənistan və bəzi həmsədrlər danışıqları başqa cür təqdim edib

 Səbəb isə odur ki, Paşinyan bu danışıqlara hazır deyil. Çünki onun İrəvandakı hakimiyyəti hələ çox möhkəmlənməyib.

Eyni zamanda, bu məsələdə maraqlı olan digər qüvvələri də nəzərə almaq lazımdır. Burada üçüncü ölkələr var ki, onlar münaqişənin həll olunmasını istəmirlər. Bəzi qüvvələr Dağlıq Qarabağ məsələsində status-kvonun dəyişdirilməsinə qarşı çıxış edirlər. Bu qüvvələr açıq şəkildə olmasa da, mətbuat vasitəsilə gizli şəkildə Paşinyana qarşı əks kampaniya aparırlar".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya səfəri çərçivəsində bir neçə bəyanatla çıxış edərək, "Azərbaycan tərəfinin güzəştləri; münaqişənin həllinin Dağlıq Qarabağ və Ermənistan xalqları üçün məqbul olması" kimi fikirlər səsləndirib.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, TwitterYoutube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət
Milli.Az