KTMT: "Birgə səylər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginliyin azalmasına səbəb oldu"

6 Fevral 2019 17:57

"Beynəlxalq vasitəçilərin və region ölkələrinin birgə səyləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dialoqun fəallaşmasına, həmçinin gərginliyin azalmasına səbəb oldu".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş qərargahının rəisi general-polkovnik Anatoli Sidorov Yerevan-Moskva-Minsk-Bişkek-Astana videokörpüsü zamanı deyib.

O bildirib ki, Azərbaycan və Errmənistan rəhbərliklərinin müntəzəm görüşləri sülh prosesi üçün zəruri olan şəraitin yaradılmasına və etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin görülməsi üzrə müəyyən razılaşmaların əldə olunmasına imkan verdi: "Son onilliklər ərzində ilk dəfə olaraq yüksək səviyyədə birbaşa təmas quruldu".

Ermənistan tərəfindən Rusiya istehsallı Su-30SM çoxfunksiyalı qırıcıların alışının KTMT-nin sərhədlərinin təhlükəsizliyinə nə dərəcədə təsir göstərəcəyinə gəlincə, A.Sidorov təşkilatın üzv dövlətlərinin rəhbərləri tərəfindən qəbul edilən qərarı şərh edə bilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Rusiya və Ermənistan Su-30SM qırıcı təyyarələrinin tədarükü haqqında müqavilə bağlayıblar.

Milli.Az