Erməni KİV-i: Şahin Hacıyev Yerevanda qondarma "erməni soyqırımı qurbanları" abidəsini ziyarət etdi

6 Fevral 2019 09:23

Azərbaycanın "Turan" informasiya agentliyinin redaktoru Şahin Hacıyev öz işçi qrupu ilə birlikdə Ermənistandadır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən akkreditə olunmuş Azərbaycan jurnalistləri səfərləri zamanı siyasətçilər və jurnalistlərlə görüşlər keçiriblər.

Ermenihaber.am-a verilən məlumata görə, azərbaycanlı jurnalistlərin bir qrupu "erməni soyqırımı qurbanları"nın abidəsini ziyarət edib.

Panorama.am-ın verdiyi məlumata görə isə Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan Facebook səhifəsində Yerevanda olan Şahin Hacıyevə müraciət edib və ona müsahibə verib. Poqosyan Azərbaycan jurnalisti ilə şəklini paylaşıb və sonuncunun onun sözlərini təhrif etməyəcəyinə söz verdiyini bildirib.

Tevan Poqosyan onu da vurğulayıb ki, Azərbaycan jurnalistinin məqsədi "Ermənistanın ictimai rəyini başa düşməkdir".

Yeri gəlmişkən, Ş.Hacıyev Facebook sosial şəbəkəsindəki səhifəsində Ermənistana səfəri ilə əlaqədar hələ heç nə yazmayıb. Bununla belə, "Turan" xəbər agentliyi fevralın 5-də jurnalistin Ermənistana səfəri barədə bəzi təfərrüatları açıqlayıb.

Milli.Az