10 minə görə "oyun"a girənlərin faciəvi sonu - Xilas otağında baş verənlər - FOTO

6 Fevral 2019 10:53

Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (7-ci say) təqdim edir:

Normalda qorxu filmlərinin ssenarisi bir-birinə bənzəyir. Meşəyə istirahətə gedən qrupun növbəylə ölməsi, film qəhrəmanı güzgüyə baxan zaman kompüter effektləri və ya qrimlər sayəsində düzəldilmiş əcaib varlığın anidən çıxması, lənətlənmiş ev, ruh, cinlər bu tipli filmlərin əsas mövzusudur. Hətta mövzular o qədər işlənib ki, qorxulu səhnələri belə əvvəlcədən müəyyənləşdirmək olur.

Lakin həm qorxu, həm triller janrında olan "Escape room" (Xilas otağı) filmi bu qəlibləşmiş mövzulardan tamamilə uzaqdır (Filmin adı rusca Klaustrofobia kimi tərcümə edilib).

Ssenarisi ilə "Jigsaw" (Mişar) kinosunu xatırladan kinonun yaş məhdudiyyəti 16+ dur. Filmdə qətiyyən erotik və ya açıq səhnələr yoxdur. Yaş məhdudiyyəti filmdəki qorxulu, daha doğrusu həyəcanlı səhnələrlə bağlıdır.

Kino son illər gənclər arasında maraq yaradan kvestlərdən bəhs edir. Filmdə kvestə daxil olan 6 nəfərdən, sadəcə, ikisi sağ qalır. Filmin əsas obrazları dəhşətli hadisələr zamanı ölən bir neçə nəfər arasında sağ qalan "seçilmişlər"dir. Onlar 10 min dollar üçün həyatlarını qurban verəcəklərindən xəbərsizdirlər. Aktyor və aktrisalar tanınmış simalar deyil.

Filmi "Mişar" ilə oxşar edən cəhət kvestə salınan şəxslər barədə bütün məlumatları onları dəvət edən adamın bilməsi, fərqləndirən cəhət isə orada iştirak edənlərin bir-birini tanımamasıdır. Bu kinoda "Mişar"dan fərqli olaraq iyrənc səhnələrə yer verilməyib.

"Sony" şirkətinin istehsalı olan film 2 saata yaxın (1 saat 39 dəqiqə) davam etsə də, o qədər maraqlı və həyəcanlıdır ki, vaxtın necə keçdiyini hiss etmək olmur. Filmə baxdıqca sonun necə olacağını müəyyənləşdirmək çətinləşir.

Kinoda diqqət çəkən ifadələrdən biri kvant nəzəriyyəsinə uyğun olaraq "çaydanı izləyirsənsə, o, heç vaxt qaynamaz, kənara çəkilən kimi qaynayar. Nəyəsə baxırsansa, bu atomların hərəkətini dayandırır" sözləridir. Görünür, ssenarist bununla izləyicilərə mesaj vermək istəyib.

Filmin janrı fantastika olmasa da, çoxmərtəbəli binanın daxilində buzlu gölün qurulduğu səhnə kinonun inandırıcılıq dərəcəsini müəyyən qədər azaldıb.

Kadrların seçimi, montaj, səsləndirmə yerli və türk filmləri ilə müqayisə olunmayacaq dərəcədə möhtəşəmdir.

Triller sevən şəxslərin izləməsi tövsiyə olunan kinonu son 4,5 ilin bu janr üçün ən yaxşı kinosu hesab etmək olar. 

IMDb xalı 6.4 olan film 2019-cu ildə ABŞ-da çəkilib. Rejissoru Adam Robitel olan kinonun büdcəsi 9 milyon dollardır.

Filmin sonuncu səhnəsindən bilinir ki, "Mişar" filmi kimi bunun da davamı olacaq. Çox güman, ikinci hissədəki olaylar təyyarədə gerçəkləşəcək.

Film bu gündən etibarən "CinemaPlus" kinoteatrlarında nümayiş olunacaq.

Qeyd edim ki, bu ilin yanvar ayının 7-də Polşanın Koşalin şəhərindəki kvestdə yanğın olub. Nəticədə 5 yeniyetmə qız dünyasını dəyişib.

Milli.Az