Azərbaycanda məşhur mağazalar şəbəkəsində saxtakarlıq - Çin malları tanınmış brend adı ilə satılırmış - FOTO

4 Fevral 2019 16:09

DİN-dən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iqtisadi cinayətkarlıqla mübarizə, milyonlarla pul vəsaitinin büdcədən gizlədilməsi və bu qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkənin aşkar edilməsi istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən "Lady Sharm" mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib. Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri "Lady Sharm"ın gizli sexlərində  dəyişdirilib. Həmin paltarlara "Chanel", "Fendi", "Dolce & Gabbana", "Valentino", "Chiristian Dior" , "İtterre" və  digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.  "Lady Sharm"ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları  aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq "Lady Sharm" mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

Pünhan Mirzə
Milli.Az