ABŞ-dakı saxta universitet diplomatik qalmaqal yaratdı

3 Fevral 2019 16:10

ABŞ-da aparılan "miqrant ovu" Hindistanla əsl diplomatik qalmaqala səbəb olub.

Belə ki, ABŞ hüquq-mühafizə orqanları bu günlərdə saxta universitetdə guya tələbə kimi qeydiyyatdan keçmək bəhanəsi ilə ölkəyə gələn 129 hindli tələbəni həbs edib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, "BBC News"un informasiyasına əsasən, internetdə reklam olunan Miçiqan ştatındadkı "Farminqton universiteti" qeyri-leqal miqrantları axtarıb, tapmağa çalışan ABŞ Daxili təhlükəsizlik nazilriyinin agentləri tərəfindən ifşa edilib.

Yerli prokurorluq bu universitetdə adlarını qeyd etdirən şəxslərin əslində əvvəldən onun saxta olduğunu bildiyini bəyan edib. Lakin Hindistan hökuməti bəhs olunan tələbələrin aldadıldığını düşünür.

Buna görə Hindistan Xarici işlər nazirliyi ABŞ-ın Nyu-Dehlidə yerləşən səfirliyinə etiraz notası təqdim edib.

Diplomatik idarə ABŞ hakimiyyətinin həbs olunan tələbələrə konsul yardımını göstərmək imkanını verməməsindən də şikayətlənib.

Milli.Az