Prezident İlham Əliyevin fikirləri Azərbaycan gəncliyinin mənəvi kodeksi kimi qiymətləndirilməlidir

2 Fevral 2019 13:54

Bu fikirlər Azərbaycan vətəndaşının həyat və fəaliyyətinin fəlsəfəsini müəyyən etməlidir.

"Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən gənclər siyasətinin konseptual əsaslarına toxunaraq bu siyasəti milli inkişafımızı təmin edən mühüm istiqamət kim səciyyələndərdi. 1994-cü ildə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin etməklə onların ictimai, siyasi mədəni və iqtisadi həyatımızın bütün sahələrində bugünkü vacib yerini və rolunu müəyyən etdiyini qeyd edərək, hazırda da gənclər siyasətinin daima diqqət mərkəzində olduğunu bildirdi.

Əslində çıxışda səsləndirilən fikirlər Azərbaycan gəncliyinin ötən illər ərzində keçdiyi inkişaf yolunun qısa xülasəsi olmaqla, həm də ümummilli tərəqqi yolunda nə qədər mühüm yol qət etmələrinin göstəricisi idi".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının bu fikirləri Azərbaycan gəncliyinin mənəvi kodeksi kimi qiymətləndirilməlidir: "Prezident İlham Əliyev bir daha dövlət müstəqilliyimizin önəmini vurğulayaraq bunun necə böyük sərvət olduğunu diqqətə çatdırdı. İqtisadi və siyasi müstəqilliyi bir-birini tamalayan iki mühüm faktor kimi izah edərək gənclərimizi milli maraqlarımız üçün iqtisadi və siyasi müstəvidə daha fəal olmağa çağırdı.

Prezident İlham Əliyev: "Gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycan xalqının maraqları hər şeydən üstündür"

Dövlət başçısı tarixi müqayisə yolu ilə bildirdi: "Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir".

Düşünürəm ki, bu fikirlər Azərbaycan gəncliyinin mənəvi kodeksi kimi qiymətləndirilməli, hər bir Azərbaycan vətəndaşının həyat və fəaliyyətinin fəlsəfəsini müəyyən etməlidir".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak ediblər - FOTO

Politoloqun fikrincə, cənab Prezidentin Azərbaycanın hərbi uğurlarında gənclərin rolunu məxsusi qeyd etməsi mühüm əhəmiyyət daşıyır: "Bu gün müasir Azərbaycanın idman, mədəniyyət, musiqi, sosial həyat, elm, təhsil sahəsində əldə etdiyi bütün qələbələrin əsasında məhz Azərbaycan gəncliyinin nailiyyətlərinin durduğunu bildirən Prezident İlham Əliyev hərbi sahədə də əldə etdiyimiz qələbələrin qazanılmasını məhz Azərbaycan gəncliyinin fədəkarlığı ilə izah etdi: "Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir".

Bu fikirlər Azərbaycan gəncliyinin əslində nələrə qadir olmasının bir sübutu olmaqla yanaşı, onların gələcəkdə ərazi bütövlüyümüzün təminatçıları olduğunun göstəricisidir. Buna görə də gənclərimizin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev onların bütün problemlərinin həllinin daim dövlətin diqqətində olacağına işarə etdi".


H.Babaoğlu əlavə edib ki, ümumilikdə bu görüş gənclərin bundan sonrakı fəaliyyətlərinin cazibə mərkəzində milli maraqlarımızın müəyyənləşməsi baxımından ciddi siyasi və ideoloji təşviq hadisəsi kimi yadda qaldı ki, bu da ölkəmizin gələcəkdə də davamlı inkişafının təmin olunması baxımından olduqca əhəmiyyətlidir.

İlkin İzzət
Milli.Az