Nikolun Qarabağla bağlı təzadlı açıqlamalarının ƏSL SƏBƏBİ

2 Fevral 2019 15:24

Əslində Paşinyan üçün iki seçim var: ya təcrid siyasəti davam etdiriləcək və növbəti dəfə Paşinyan özü inqilabların qurbanı olacaq, ya da münaqişənin həlli istiqamətində konkret addımlar atacaq.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O, bildirib ki, Paşinyan ciddi təzyiq altındadır:

"Bu, açıq-aşkar görünür. Əvvəla ölkə daxilindəki Qarabağ klanı istənilən açıqlamadan istifadə edərək, ona qarşı ittihamlar səsləndirir. İkincisi, bütövlükdə Ermənistan cəmiyyətinin sosial-iqtisadi durumu elə bir vəziyyətdədir ki, istənilən hadisə ilə bağlı qığılcım növbəti katakilizmlərin baş verməsinə gətirib çıxara bilər. Daha önəmli faktorlardan biri isə Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin qlobal müstəvidə əsas şərtlərdən biri kimi ortaya qoyulmasıdır. Yəni Paşinyan istəsə də, danışıqlar prosesindən geri qaça bilməz. Paşinyanın beynəlxalq müstəvidə inteqrasiya və ölkəyə investisiya cəlb etməsinin yolu da məhz onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirəcəyi mövqedən asılıdır. Əgər Ermənistan Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutarsa, işğal altında olan ərazilərin azad edilməsi ilə bağlı mövqe sərgiləyərsə, o zaman Ermənistana müəyyən investisiyaların cəlb edilməsi mümkün olacaq".

Politoloq qeyd edib ki, bu bu yanaşmanın bir neçə müstəvidə şahidi olmuşuq:

"Eyni yanaşma ATƏT-in həmsədri olan ölkələr tərəfindən ortaya qoyulub. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olan Con Boltonun Azərbaycan Prezidentinə telefonla zəngində də biz prioritet istiqamət kimi təhlükəsizlik məsələləri konteksində Dağlıq Qarabağ münaqişəsinin həllinin ortada müzakirə mövzusu olduğunun şahidi olduq. Eləcə də ötən il ABŞ Prezidenti Donald Trampın İlham Əliyevə ünvanladığı məktubların ikisində də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaxın zamanlarda ciddi prioritetlərin açılacağının vurğulanması əslində prosesin öncədən elan olunduğunu ortaya qoyur".

Analitik vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hazırda Ermənistan üçün ölüm-dirim məsələsidir:

"Çünki əvvəllər bu məsələ Ermənistanın qarşısında yalnız Azərbaycan və Azərbaycanla müttəfiq olan ölkələr konteksində qoyulurdusa, indi artıq beynəlxalq müstəvidə Ermənistandan tələb olunur. Şübhəsiz ki, Paşinyan danışıqlar prosesinin fəlsəfəsinə və mahiyyətinə uyğun olaraq, hüquq müstəvisində münaqişənin həllinə cəhd göstərməzsə, o zaman müharibənin başlama ehtimalı çox böyükdür. Əgər müharibə başlayacaqsa, Azərbaycan öz hüquqlarından istifadə edərək, ərazilərinin bərpası istiqamətində addım atacaqsa, bu, qısa müddətdə həm də Paşinyanın siyasi hakimiyyətdən getməsinə səbəb olacaq. Yəni bu gün bölgədəki regional və qlobal proseslər Ermənistanın əleyhinədir. Bu baxımdan ənənəvi qaydada Paşinyan Ermənistanda bir bəyanat, başqa bir ölkədə başqa bəyanatlar səsləndirir. O, bununla diqqəti əslində danışıqlar prosesinin mahiyyətindən yayındırmağa çalışır".

Milli.Az