iPhone 2019 üçlü arxa kameraya sahib olacaq

2 Fevral 2019 07:01

Bloomberg saytı xəbər verib ki, iPhone 2019 modeli üçlü arxa kamera və USB-C girişi ilə təchiz olunacaq. Bundan əlavə olaraq 10 düym ekrana sahib iPad, iPad Mini 5 və iOS 13 əməliyyat sistemində olacaq Dark Moderejimi barəsində də məlumatlar verilib. Bu ayın əvvəlində bəzi dizaynerlər üç arxa kameraya sahib iPhone smartfonunun konsept fotolarını təqdim etmişdilər. Bugün isə Bloomberg saytı təsdiqlədi ki, keçən ilki iPhone XS Max modelinin davamçısı həqiqətən də üçlü arxa kameraya sahib olacaq.

"Apple şirkəti D42 və D43 kod adlarına sahib iPhone 2019 modelləri üzərində aktiv iş görür. Bu il ən yüksək qiymət göstəricisinə sahib olacaq iPhone modeli üçlü arxa kamera ilə təchiz olunacaq" - deyə Bloomberg bildirib. Bununla yanaşı məlumata əsasən şirkət USB-C girişinə sahib yeni iPhone prototiplərini test edir. Lakin bu il şirkətin Lightning girişdən USB-C girişinə keçid edib-etməyəcəyi bilinmir.

Həmçinin saytın hesabatında qeyd edilib ki, şirkət 3D kamera sisteminə sahib iPhone modelini 2020-ci ildə satışa çıxarda bilər. Analitiklərin proqnozlarına əsasən sözügedən 3D kamera sistemi sayəsində Apple şirkəti özünün ayrıca AR cihazının tez zamanda satışa çıxartmasına səbəb ola bilər. Bloomberg saytının məlumatlarında qeyd edilib ki, şirkət bu il 10 düym ekrana sahib iPad və iPad Mini 5 planşet modellərini satışa çıxardacaq. Hər iki planşet modeli özündə Lightning girişini saxlayacaq. Məlumata əsasən yeni planşet modelləri bu ilin mart ayında təqdim edilməlidir.

Daha bir maraqlı məlumat isə iOS 13 əməliyyat sistemində Dark Mode rejminin olacağı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, şirkət bu funksiyanı keçən il macOS Mojave əməliyyat sistemində təqdim etmişdi. Buna görə də Dark Mode rejimi iOS 13 əməliyyat sistemində ən çox gözlənilən yeniliklərdən biridir.

Milli.Az