Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə Enactus Azərbaycanın "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyinin təşkilatçılığı ilə "Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə Milli Case Yarışının keçirilməsi" adlı layihəsi başa çatdı.
Milli.Az xəbər verir ki, layihənin əsas məqsədi istehsal prosesində innovasiyaların tətbiqi, peşə təhsili alan gənclərə müasir iş şəraitinin yaradılması, aşpaz, qaynaq və dərzi peşələri üzrə peşə hazırlığının təkmilləşdirilməsidir. Yarışda Texnika və Texnologiyalar, Turizm və Sosial Xidmətlər, Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzlərində "Aşpaz", "Dərzi" və "Qaynaqçı" ixtisasları üzrə təhsil alanlar öz peşə bacarıqlarını nümayiş etdiriblər.
Layihə çərçivəsində dünyanın bir sıra qabaqcıl şirkətləri, eləcə də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyi arasında memorandum imzalanıb.
Tədbirdə qonaqlar və tələbələr üçün özəl şirkətlərdən birinin brend şefi olan Pavel Dzyublo tərəfindən usta dərsləri təşkil edilib, bununla yanaşı 5, 12 nömrəli peşə liseyləri arasında milli yeməklərin hazırlanması üzrə müsabiqə keçirilib. Beynəlxalq mükafatlarla təltif olunmuş azərbaycanlı aşpazlar münsiflər heyətinin üzvü kimi müsabiqədə iştirak edərək tələbələrin hazırladıqları təamları qiymətləndiriblər.
Layihənin nəticəsi olaraq "Sumqayıt Texnologiyalar Parkı" MMC qaynaq və əl elektrik ixtisası üzrə təhsil alan tələbələrə təcrübə proqramı keçirir. Bundan başqa Enactus Azərbaycan və tanınmış yerli şirkətlərdən biri 02.02.2019-cu il tarixində peşə təhsili alan gənclərlə karyera yarmarkası keçirəcəklər. Yarmarkada 100 tələbə iştirak edəcək və işəgötürənlərlə tanış olacaqlar. Məqsəd peşə təhsili alan gənclərin ixtisasları üzrə işlə təmin olunmasıdır.
Zərif Nisə
Milli.Az