Qərib Aşkarinin evi muzeydən seçilmir - FOTO

10 Fevral 2019 23:25

Xaçmaz rayonunun Çaykənarı kənd sakini Qərib Aşkarinin yaşadığı ev muzeydən seçilmir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu evin və həyətinin divarlarını məşhur azərbaycanlıların 100-ə yaxın mozaik panoları bəzəyir.

Əslən Quba rayonunun Zərdabi qəsəbəsindən olan Qərib Aşkari 1970-ci ildən təyinatla Xaçmazın Çaykənarı kəndindəki məktəbdə dil-ədəbiyyat müəllimi işləməyə başlayıb. Sonradan bu kənd onun daimi yaşayış yerinə çevrilib.

Gənc yaşlarından rəssamlığa böyük maraq göstərən Q.Aşkari ilk mozaik panosunu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 850 illiyinə həsr edib. Daha sonra dahi şairin əsərləri də panolarda öz əksini tapıb. Hazırda Q.Aşkarinin evinin və həyətinin divarlarını ulu öndər Heydər Əliyevin, Xəqani Şirvaninin, Əcəmi Naxçıvaninin, Məhəmməd Şəhriyarın, Həzi Aslanovun, Şah İsmayıl Xətainin və onlarla başqa dahi şəxsiyyətlərin mozaik təsvirləri bəzəyir.

Qərib Aşkari bu panoları divarlarda həkk etmək üçün kafel, metlax, şüşə qırıntıları, həmçinin sement, qum kimi adi tikinti materiallarından istifadə edir. Panonun hazırlanması üçün bir həftə, bəzən isə bir aya yaxın vaxt sərf olunur.

O, yaxın gələcəkdə həyətinin divarlarında şəhidlərimizə həsr olunmuş yeni mozaik panolar hazırlamağı planlaşdırır.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Q.Aşkari yazdığı şeir və nəsr əsərləri ilə də tanınır.

Milli Qəhrəman Yavər Şahbazov adına orta məktəbdə dərs deyən Q.Aşkari təhsil müəssisəsində öz təşəbbüsü ilə yaradılan xalq yaradıcılıq mərkəzinə rəhbərlik edir. Burada şagirdlərə rəssamlıq və xalq yaradıcılığı ilə bağlı biliklər aşılanır.

Milli.Az