Söyüşə qocalar gedir

29 Yanvar 2019 11:34

Simurq quşu ilə Bencamin Batton arasında nə kimi əlaqə var? Varsa, necədir?

Müxtəlif xalqların mifologiyasında "Simurq" və ya "Feniks" kimi tanınan bu quşun ölümünü düyanda yuvasında özünü yandırdığı, külündən də balasının doğulduğunu düşünürdülər əyyami-qədimlərdə. Bəzi xalqlar isə deyirdilər ki, Simurq yanır, ölür, külündən yenidən doğulur.

Bir sözlə, metafora baxımından Simurq və ya Feniks quşu əbədi yenilənmə, təkrar doğulma, ölməzlik simvoludur,

Bencamin Battona gəldikdə isə o, amerikalı yazıçı Frensis Skott Ficeraldın "Bencamin Battonun sirli əhvalatı" hekayəsinin qocaldıqca cavanlaşan qəhrəmanı.

Azərbaycan müxalifətinin "ənənəvi" sayılan, əslindəsə tarixi eksponatlara çevrilərək siyasət muzeyinin anbarlarına təhvil verilmiş subyektlər yenidən gündəmə dönmək istəyirlər.

Onlar "Azərbaycan Xalq Hərəkatı" (AXH) adlı erzas siyasi təşkilat qurduqlarını bəyan edirlər.

Londona sığınmış siyasi ekvilibrist Qurban Məmmədovun "PR meneceri" funksiyasını yerinə yetirdiyi AXH-nin yaradıldığını sabiq DİN başçısı İsgəndər Həmidov Azərbaycan Demokrat Partiyasının (ADP) ofisində bəyan edib.

Onun sözlərinə görə, "Azərbaycanın oyanmaqda olan xalqının etiraz dalğasına demokratiya uğrunda rəhbərlik edəcək qüvvə formalaşır".

Sən demə, sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü olan quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.

Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti və Məclisinin formalaşdırlacağı, bölgələrdə dayaq dəstələrinin olacağı bildirilir.

AXH-nın təsis olunması ilə bağlı məlumat yayılandan az sonra müxalifət düşərgəsindəki "köhnə"lərlə "yeni"lər hərəkətə gəldilər.

Əvvəlcə AXCP sədri Əli Kərimli üstüörtülü şəkildə bəyan etdi ki, AXH heç bir perspektivi olmayan qurumdur. Sonra "Milli Şura"nın sədri, həvəskar və diletant siyasətçi, 15 illik deputat mandatlığının səbəblərini və nəticələrini anlamamış kimi davranan Cəmil Həsənli Facebook səhifəsində "dodaqbüzmə əməliyyatı" etdi, sonda da ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı yeni "qurum"la bağlı dərin şübhələrini və kəskin antipatiyasını ortaya qoydu.

Onun YouTube-dakı canlı yayım əsnasında İsgəndər Həmidovla Skype vasitəsilə əlaqə yaratması və sual-cavab zamanı əvvəlcə "qoca qurd" Həmidovun 26 il əvvəl jurnalist Cahangir Hüseynovu döyməsini, sonra da nazir postunda olarkən aqressiv və kobud hərəkətlərini xatırlatması özünü hələ də "Boz Qurd" sayan Həmidovu təbdən çıxardı.

Bu söhbətdə Sevinc Osmanqızı AXH-ni özünə rəqib sayan tərəfin nümayəndəsi, İsgəndər Həmidov isə siyasət meydanında çoxdan canlı müqəvvaya çevrilmiş fiqurun eynən Simurq quşu təki yandığı külündən doğulmaq cəhdinin təzahürü təsiri bağışladı.

Özünü Azərbaycan müxalifətinin "haqq səsi" saymağa başlayaraq eyforiyaya qapılan Sevinc Osmanqızını anlamaq olar: o, növbəti sifarişi yerinə yetirir və "anti-hakimiyyət düşərgəsi" formatına dönmüş söyüş müxalifətindəki yerlərdən heç birini mənşəyi bilinsə də, özü naməlum AXH-yə asanlıqla vermək niyyətində olmayanların mövqelərindən çıxış edir.

Bu, anlaşılandır: sosial şəbəkələrdə Azərbaycanı hədəfə almaq gəlirli işə çevrildiyindən oradakı məxluqat stabil gəlir mənbələrini kiminləsə paylaşmaq fikrində deyillər.

AXH-yə toplaşan "əski"lər, yəni "köhnə"lərsə itirilmiş hesab etdikləri mövqeləri yenidən qazanmaq, aktiv siyasətə dönmək niyyətlərini gizlətmirlər.

Amma bu, sadəcə, mümkün deyil.

Mirmahmud Mirəlioğlu, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, İsgəndər Həmidov və başqaları - onların müasir siyasi şərtlərdə hansısa önəm kəsb edərək çəki sahiblərini düşünməyin özü belə, sadəlövhlükdür.

Azərbaycanda xalq hərəkatı dedikdə 1990-cı illər yada düşür.

AXH-nin də adı, bu baxımdan, çox dəqiq seçilib. "Qoca"lar hələ də 1990-cı illərin siyasi atributası, qaydaları və şərtləri ilə yaşadıqlarından yeni şəraitə əsla uyğunlaşa bilmirlər. Əslində, bu, mümkün də deyil.

"Çayxana müxalifəti"nə çevrilmiş bu adamlar 25 ildən bəri tor basdıqları müxalifət düşərgəsindəki ətalət yuxusundan ayılmaqda, unudulmuş olduqlarını təkzib etməkdə qərarlı olduqlarını göstərirlər.

AXCP və Müsavatın "lider"ləri Əli Kərimli ilə Arif Hacılı bir yana - Avropa ölkələrinə səpələnərək "siyasət yapmaq"la məşğul olan və günləri sosial şəbəkələrlə YouTube-da keçən, maliyyə mənbələri gün keçdikcə əyanlaşan "müstəqil bloqer"lər də "qocaların qayıdışı"na çox kəskin reaksiya veriblər.

Səbəb siyasi mübarizə yox, siyasi yorğan davasıdır.

Həm də o ki, Rəsul Quliyev illərdən bəri yerini möhkəmlədə bilmədiyi siyasətə bu dəfə arxa qapıdan, başqasının namı ilə daxil olmağa çalışır.

"Söyüş müxalifət"inə ayrılan pullar artıq unudulmuş, nadir hallarda mitinq yığnaqlarına dəvət alan "qoca"ları da şirnikləndirib deyəsən...

Elçin Alıoğlu
Milli.Az