Misgər-qalayçı: "Misdən hazırlanmış samovara, eləcə də digər əşyalara hər zaman tələbat olacaq" - FOTO

11 Fevral 2019 07:00

Həsən Xankişiyev qədim xalq sənətini yaşadan insanlardan biridir. Əslən Lahıcdan olan sənətkar hazırda İsmayıllı şəhər bazarının ərazisindəki emalatxanasında ulu babalarından yadigar qalan və nəsildən-nəslə ötürülən, günümüzədək yaşadılan sənətlə - misgər-qalayçılıqla məşğuldur. Bu sənət Həsən ustanın, ümumən Xankişiyevlər nəslinin dolanışıq yeridir. Ulu babası Qulammirzə, babası Ağababa, atası Baba kişi də vaxtilə tanınan sənətkarlardan olublar.

Əlbəttə, müasir texnoloji avadanlıqların, o cümlədən məişət əşyalarının kütləvi və çeşidli istehsalı dövründə misgər-qalayçılıq da unudulmaq üzrədir. Ancaq Həsən usta öz işindən heç də narazı deyil. Milli.Az bildirir ki, o, AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib ki, texnologiya əsri olsa da, yaxşı ustanın sifarişi heç vaxt azalmaz.

Həsən ustanın incə, zərif döymə naxışlarla bəzədiyi mis samovara, eləcə də misdən hazırladığı digər məişət əşyalarına - güyümə, qazana, tavaya, ləyənə, kəfkirə, aşsüzənə bu gün də tələbat var. "Xalqımız çayı çox sevir. Çoxumuz mis samovarda kömürlə qaynadılan və həmin samovar üstündə dəm alan çayın dadını yaxşı bilirik. Digər məişət əşyaları da onun kimi. İndi satılanlar bu əşyaların yerini vermir. Ona görə də misdən hazırlanmış samovara, eləcə də digər əşyalara hər zaman tələbat olacaq", - deyə usta bildirir.

O, sözünə davam edərək deyib: "Emalatxanada çox vaxt çay içməyə belə vaxtım olmur. Mis samovar, eləcə də digər məişət əşyaları sifariş verənlərin sayı getdikcə çoxalır. Hətta, xaricdən gələn turistlər də bu əşyaları alırlar".

Həsən ustanın davamçısı da var. O, oğlu Ağamirzəyə də bu peşənin sirlərini öyrədib.

Milli.Az