İlham Əliyev: "Ermənistan vasitəçilərin təklifini qəbul etməsə, danışıqlar prosesi yenidən nəzərdən keçirilməlidir" - FOTO - YENİLƏNİB

9 Aprel 2010 09:30
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Tallində Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etmişdir.

- Hörmətli xanımlar və cənablar! Bu gün burada olmağıma və ikitərəfli münasibətlərlə, eləcə də regional məsələlərlə bağlı fikirlərimi sizinlə bölüşməkdən çox şadam. Elə burada indicə qeyd olundu ki, bu, mənim Estoniyaya ilk dövlət və münasibətlərimizin tarixində ilk səfərimdir. Demək istəyirəm ki, ölkələrimiz arasında əlaqələrimizin uzun tarixi vardır. Bu gün Estoniya Prezidenti ilə birgə mətbuat konfransımız zamanı o qeyd etdi ki, sabah Azərbaycanda eston cəmiyyətinin yaradılmasının 100 illiyi qeyd olunacaqdır. Beləliklə, sözün əsl mənasında, bu, xalqlarımız arasında münasibətlərin qədim tarixindən xəbər verir. Biz bir ölkədə yaşayırdıq və bu səbəbdən, əlbəttə ki, xalqlar arasında əlaqələr və ünsiyyət təbii xarakter daşıyırdı. Lakin mühüm amil ondan ibarətdir ki, hazırda müstəqil dövlətlər, suveren ölkələr kimi Estoniya və Azərbaycan qarşılıqlı hörmətə, maraqlara əsaslanan əlaqələr qurmuşlar. Bu münasibətlərin çox güclü dinamikası vardır.

Ötən il tariximizdə digər mühüm hadisə baş verdi. Estoniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri baş tutdu. Bir ildən sonra mən ölkənizə səfər edirəm. 2008-ci ildə Estoniyanın Baş naziri ölkəmizə səfər etmişdir. Beləliklə, bu səfərlər münasibətlərimizin dinamik inkişafının yaxşı göstəricisidir. Əminəm ki, bu səfər nəticəsində əlaqələrimiz daha da güclənəcəkdir. Bu gün biz Prezident və Baş nazirlə ikitərəfli münasibətlərə, regional məsələlərə, o cümlədən beynəlxalq münasibətlərə dair müxtəlif mövzuları müzakirə etdik. Biz ikitərəfli əlaqələrimizi irəliyə aparmaqda güclü mövqedə dururuq. Artıq mövcud güclü siyasi əlaqələri nəzərə alsaq, biz iqtisadi sahəyə diqqət yetirməli və hər iki ölkədə birgə iqtisadi təşəbbüslərin həyata keçirilməsi yolları haqqında düşünməliyik.

Ölkələrimiz sürətlə inkişaf edir. Estoniyada və Azərbaycanda iqtisadi göstəricilər, ölkələrimizdə həyata keçirilmiş islahatların səmərəliliyi göstərir ki, biz irəliyə doğru çox uğurla addımlayırıq. Biz
ölkələrimiz arasında ikitərəfli əlaqələri gücləndirmək üçün Azərbaycanın Estoniyada səfirliyinin açılması qərarına gəldik. Ümidvaram ki, səfirlik bu yaxınlarda burada fəaliyyətə başlayacaqdır. Bu gün regional əməkdaşlıq, Baltik, Xəzər və Qara dəniz regionlarının ölkələri arasında əməkdaşlıq məsələlərinin əhəmiyyəti get-gedə artır. Çünki həyata keçirilməsi planlaşdırılan və artıq həyata keçirilən layihələrimizə güclü beynəlxalq dəstək lazımdır. Regionumuzdakı vəziyyət, əlbəttə ki, sizin regionunuzdakı vəziyyətdən fərqlənir. Lakin eyni zamanda, regional məsələlərlə bağlı çox ətraflı fikir mübadiləsi aparmaq, regionumuzda daha sabit, proqnozlaşdırılan və çiçəklənən mühitin yaradılması üzərində düşünmək kimi məsələlər xüsusi əhəmiyyət kəsb edir.

Hazırda Azərbaycan olduqca yüksək iqtisadi inkişaf səviyyəsi ilə seçilən ölkədir. Lakin müstəqilliyimizi bərpa etdiyimiz dövrdə biz ola bilsin ki, keçmiş sovet respublikaları arasında ən ağır vəziyyətdə idik. Çünki ölkədə iqtisadi böhran, siyasi qeyri-sabitlik, vətəndaş müharibəsi kimi hadisələr baş vermişdi. Eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzü və torpaqlarımızı işğal etməsi, əlbəttə ki, bizim üçün çox ciddi problemlər yaratdı. Bununla belə, siyasi və iqtisadi islahatlar sayəsində və özünü təminetmə siyasəti nəticəsində biz əsas iqtisadi və sosial problemləri aradan qaldırmağa müvəffəq olduq. Hazırda Azərbaycan sürətlə inkişaf edən ölkədir.

Mən bir sıra rəqəmləri sizin nəzərinizə çatdıra bilərəm ki, onlar Azərbaycanın cari inkişaf səviyyəsini əks etdirir. Son altı il ərzində iqtisadiyyatımız demək olar ki, üç dəfə artıb. Bizim iqtisadiyyat son bir neçə ildə dünyada ən sürətlə artan iqtisadiyyatdır. Ölkəmizdə bir sıra əsas infrastruktur layihələrini həyata keçirməyə nail olduq. İşsizliyin və yoxsulluğun azaldılması sahəsində bir çox nailiyyətləri əldə etdik. Azərbaycanda yaşayış şəraiti yaxşılaşır. Son altı ildə büdcə xərclərimiz 10 dəfədən çox artmışdır. Bu, sosial problemlərə və iqtisadiyyatın şaxələndirilməsinə daha çox vəsait sərf etməyə imkan verir.
Siyasi və iqtisadi islahatlar siyasətini həyata keçiririk. Azərbaycanın gördüyü işlər aparıcı beynəlxalq maliyyə təşkilatları tərəfindən qiymətləndirilir. 2008-ci ildə Dünya Bankı Azərbaycanı özünün "Doing Business" hesabatında ən islahatçı ölkə kimi tanımışdır. Ötən il Dünya İqtisadi Forumu iqtisadiyyatımızın rəqabətliliyi baxımından Azərbaycanı MDB ölkələri arasında birinci ölkə elan etdi.
Keçmiş sovet respublikaları arasında bizi qabaqlayan yeganə ölkə Estoniyadır. Mən sizi bu nailiyyət münasibətilə təbrik etmək istəyirəm. Lakin 20 ildən az bir müddət əvvəl bazar iqtisadiyyatı sıfır səviyyəsində olan ölkə üçün dünya miqyasında iqtisadi rəqabətlilik üzrə siyahıda 51-ci yerdə olmaq artıq yaxşı nəticədir. Biz özümüzü təmin edən ölkəyik.

Əlbəttə ki, bizim təbii sərvətlərimiz var, lakin onların əhəmiyyəti yalnız hasil edilib daşınanda göz qabağına gəlir. Ölkəmizin açıq dənizlərə çıxışı yoxdur.

Bu səbəbdən bizim boru kəmərlərinə ehtiyacımız vardır. Açıq qapı və xarici sərmayələrin təşviqi siyasəti sayəsində milyardlarla, on milyardlarla dolları ölkə iqtisadiyyatına, xüsusən də enerji sektoruna cəlb edə bildik. Eyni zamanda, neft və qaz hasilatını gözəçarpan dərəcədə artırmaq və nəinki artırmaq, o cümlədən etibarlı, şaxələndirilmiş daşıma vasitələrini də yaratmağa nail olduq.

Azərbaycan xarici sərmayələrin qanunvericilik əsasında güclü şəkildə qorunduğu ölkədir. Əminəm ki, xarici şirkətlər özlərini ölkəmizdə çox rahat hiss edirlər. İqtisadiyyatımızın enerji sektoru, əlbəttə ki, növbəti bir çox illər ərzində də əsas yeri tutacaqdır. Lakin bu, onunla bağlı deyil ki, digər sektorlarda inkişaf zəifdir. Bunun səbəbi onunla bağlıdır ki, neft və qaz hasilatı artmaqdadır. Bu il neft hasilatı 50 milyon tondan, qaz hasilatı isə 25-26 milyard kubmetrdən artıq olacaqdır. Aydındır ki, qeyri-enerji sektorunun genişləndirilməsinə yönəlmiş ciddi səylərimizə baxmayaraq, həmin iki sektor arasında balansı saxlamaq çox çətin olacaqdır. Lakin eyni zamanda, iqtisadiyyatımız özünü sabit iqtisadiyyat kimi göstərdi. Çünki 2009-cu il böhran ili idi. Bizim üçün bu, daha çətin ola bilərdi. Çünki neftin qiymətləri sürətlə aşağı düşdü. Ancaq buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2009-cu ildə 9,3 faiz artmışdır, sənaye istehsalındakı artım 8,4 faiz təşkil etmişdir. İnflyasiya səviyyəsi 1,5 faiz olmuşdur. Milli valyuta öz dəyərini itirmədi. Bu, onu göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanda artıq reallıqdır.

Enerji sektoru, neft və qaz hasilatı, sadəcə özümüzü rahat hiss etməyə, kiminsə yardımından asılı olmamağa, özünü təmin etməyə imkanlar yaradır. Siz özünüzü təmin edəndə və iqtisadi baxımdan müstəqil olanda, təbii ki, siyasi müstəqilliyiniz də daha güclü olacaqdır. Onilliklər, əsrlər boyu biz, əgər belə demək olarsa, digər ölkələrin tərkibində yaşamışıq. Azərbaycan digər ölkələrin hissəsi idi, müstəqil deyildi. Bu gün isə, bizim üçün, xalqımız və gələcək nəsillərimiz üçün bu, nadir şansdır. Bizdən öncəki nəsillər müstəqil olmaq məqsədi ilə yaşamışlar. Biz xoşbəxtik və bəxtimiz gətirib ki, bunun şahidiyik və nəinki şahidi, həmçinin müstəqilliyin gücləndirilməsinə, inkişaf etmiş müasir dövlətin qurulmasına töhfəmizi veririk. İqtisadi müstəqillik və özünü təminetmə hər bir ölkə üçün əhəmiyyətli olan iki elementdir.

Eyni zamanda, Azərbaycanda siyasi islahatlar olduqca düzgün istiqamətdə aparılır. Azərbaycan artıq on ildir ki, Avropa Şurasının üzvüdür. Biz bu quruma qəbul olunduğumuz dövrdə götürdüyümüz bütün öhdəlikləri yerinə yetirirdik. Həmçinin biz bu sahədə gözəçarpan tərəqqini görə bilərik. Bu gün Azərbaycanda müasir, inkişaf etmiş və intellektual səviyyəyə malik olan cəmiyyət qurulub. Cəmiyyətimiz tolerantdır. Azərbaycan cəmiyyəti olduqca dünyəvidir. Bu müsbət keyfiyyətlər bizə dövlətçiliyimizi və iqtisadi potensialımızı gücləndirməyə imkan verir.

2010-cu il üçün nəzərdə tutulan bütün planlar həyata keçirilir. Xarici sərmayələrə gəldikdə şirkətlərimiz artıq çox fəaldırlar. Biz xaricdə böyük sərmayələr yatırırıq. Digər ölkələrin nəqliyyat və enerji sektoruna yatırdığımız sərmayələr artıq 7 milyard dollar səviyyəsindədir. Biz bu siyasəti genişləndirməyi planlaşdırırıq, çünki maliyyə vəsaitlərimiz, enerji resurslarımız və artıq qeyd etdiyimiz kimi, şaxələndirilmiş boru kəmərləri sistemimiz vardır. Bizim neft və qazımızı müxtəlif istiqamətlərdə nəql etmək üçün yeddi boru kəmərimiz vardır. Biz bir marşrutdan asılı deyilik. Bizim üç neft və dörd qaz boru kəmərimiz vardır. Bunlar bizə enerji resurslarımızın xalis dəyərindən maksimal dərəcədə bəhrələnmək imkanı yaradır.

Eyni zamanda, biz enerji siyasətimizdə olduqca çevikik. Enerji siyasətimiz hər zaman çox açıq və səmimi olmuşdur. Biz hər zaman çalışmışıq ki, enerji resurslarımızdan istifadə edərək digər ölkələrlə, qonşularla apardığımız əməkdaşlığı gücləndirək. Azərbaycan qonşu ölkələrin enerji təhlükəsizliyində artıq mühüm rol oynayır. Bu gün şaxələndirmənin inkişafı ilə bağlı irəli sürülmüş yeni təkliflər üzərində düşünürük. Amma açıq desək, resurslarımızın enerji şaxələndirilməsinə gəldikdə, biz əldə oluna biləcək nailiyyətlərin maksimal həddinə nail olmuşuq. Çünki biz nefti, qazı, elektrik enerjisini bütün qonşu ölkələrə ixrac edirik. Baxmayaraq ki, həmin qonşu ölkələrdən bəziləri enerjini Azərbaycandan daha çox həcmdə istehsal edir.

Azərbaycan Avropa təsisatları ilə geniş məsələlər ətrafında çox sıx işləyir. Enerji gündəlikdə duran məsələlərdən biridir. Enerji təhlükəsizliyi məsələsi, "Cənub dəhlizi" layihəsi sahəsində biz çox səmərəli şəkildə əməkdaşlıq edirik. Eyni zamanda, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının yeni üzvü kimi Azərbaycan, həmçinin öz tərəfindən Avropa qitəsinin ümumi enerji təhlükəsizliyinə töhfə verə bilər. Biz "Şərq tərəfdaşlığı" Proqramına Avropa İttifaqından nəyisə almaq və ya müəyyən yardımı xahiş etmək məqsədi ilə qoşulmamışıq. Baxmayaraq ki, hər hansı dəstək bizim tərəfimizdən çox yüksək dəyərləndirilir. Lakin bu, bizi bir-birimizə yaxınlaşdırır, biz qonşuyuq. Əsl qonşu olmaq üçün aramızda daha çox əlaqələndirmə olmalıdır. Eyni zamanda, Avropa İttifaqının bütün müsbət təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Çünki biz ölkəmizi müasirləşdiririk, yüksək təhsilə, sosial müdafiəyə və iqtisadi azadlıqlara malik olan müasir dövlət qururuq. Hazırda ümumi daxili məhsulumuzun 85 faizi özəl sektorda yaradılır. Baxmayaraq ki, əsas resursumuz neft dövlət tərəfindən idarə edilir. Bu, onu göstərir ki, özəlləşdirmə proqramı və bazar iqtisadiyyatı prinsipləri Azərbaycanda tam şəkildə tətbiq edilir.

Mən bunu təfərrüatlarla ona görə deyirəm ki, ölkəmizdəki real vəziyyət haqqında sizdə məlumat olsun. Eyni zamanda, biz bütün problemləri, o cümlədən sosial problemləri həll etmək istiqamətində ürəkdən çalışırıq. Burada Ermənistanın torpaqlarımıza təcavüzü və işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri bizim üçün əsas problemdir.

Əhalimiz 9 milyondur, onun bir milyonu qaçqın və məcburi köçkündür. Bu, ola bilsin ki, adambaşına düşən ən yüksək göstəricidir. Belə ağır problemin olması ilə yanaşı, Azərbaycanda bu cür sürətli iqtisadi inkişafa nail olmaq müəyyən göstəricidir. Torpaqların işğalı təkcə Azərbaycan üçün deyil, regional sabitliyə və proqnozlaşdırmaya da problemdir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin iyirmi faizi demək olar ki, artıq 20 ildir Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışlar. Onlar Xocalıda soyqırımı törətmişlər. Həmin hadisədə 600-dən artıq vətəndaş, o cümlədən qadın və uşaq erməni müharibə cinayətkarları tərəfindən qətlə yetirilmişdir.

Əfsuslar olsun ki, müharibə cinayətkarları hələ də məsuliyyətə cəlb olunmayıblar. Lakin ümidvaram ki, vaxt gələcək və onlar öz əməllərinə görə mühakimə olunacaqlar. Etnik təmizləmə siyasəti nəticəsində nəinki Dağlıq Qarabağda, o cümlədən ətraf rayonlarda yaşamış azərbaycanlılar, yəni ümumi hesabla 750 mindən artıq insan həmin ərazilərdən qovulmuş, onların evləri yerlə-yeksan olunmuşdur. Həmin yerlərdə bütün tarixi abidələr, məscidlər və qəbirlər dağıdılmışdır. Bu, Ermənistanın təcavüzünün nəticəsidir.

Bu təcavüzün nəticələri hələ də aradan qaldırılmayıb. Artıq iyirmi ildir ki, biz danışıqlar prosesindəyik. Lakin hər hansı nəticə yoxdur. Hələ 1990-cı illərin əvvəlində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni silahlı birləşmələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul olunması faktına baxmayaraq, Ermənistanın silahlı qüvvələri ərazilərimizdə işğalı yenə də davam etdirir. Bu, nə deməkdir? Bu, o deməkdir ki, beynəlxalq hüquq normaları işləmir. Bu, o deməkdir ki, ən yüksək səviyyədə beynəlxalq qərarları qəbul edən qurumun, yəni BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Həmin beynəlxalq normaları pozan və qətnamələrə məhəl qoymayan təcavüzkar isə cəzalandırılmır. Əfsuslar olsun ki, bəzən biz hətta təcavüzkarın nəinki cəzalandırılmamasını, hətta müxtəlif güzəştli razılaşmalarla, maliyyə dəstəyi və sair vasitələrlə təqdir olunmasını görürük.

Azərbaycan ərazisinin erməni qüvvələri tərəfindən işğalı artıq 20 ildir ki, davam edir. Buna son qoyulmalıdır. Onların qoşunları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmalıdır. Hazırda Dağlıq Qarabağda yaşayanlar və birmənalı olaraq ora qayıdacaq azərbaycanlılar təhlükəsizlik zəmanəti əsasında suveren Azərbaycan dövlətinin hüdudlarında dünyada mövcud olan yüksək muxtariyyət statusu ilə birgə yaşamalıdırlar. Bu mövqe beynəlxalq hüquq normalarına tam uyğundur. Eyni zamanda, vasitəçilərin fəaliyyəti və əslində iki tərəfə irəli sürdükləri təkliflər bu mövqeni əks etdirir.

Azərbaycanın ərazi bütövlüyünün pozulmasına son qoyulmalıdır. Dağlıq Qarabağın müstəqil olması heç müzakirə predmeti belə deyildir. Vasitəçilərin təkliflərində həmin müstəqilliyin verilməsi mexanizmi yoxdur. Ermənilər bir çox hallarda öz müqəddəratını təyinetmə prinsipinə istinad edirlər. Bu, əlbəttə ki, beynəlxalq hüququn mühüm prinsipidir. Lakin ermənilər öz müqəddəratını artıq təyin ediblər. Onlar müstəqil Ermənistan dövlətinə malikdirlər. Əgər bu məntiqlə getsək, belə çıxır ki, ermənilər yaşadıqları istənilən yerdə öz müqəddəratını təyin edəcəklər?! Onda neçə erməni dövləti yaranacaq?! Çünki onlar bir çox yerlərdə yaşayırlar və xüsusən də, münaqişənin həllinə görə məsuliyyət daşıyan Minsk qrupunun həmsədr ölkələrində də yaşayırlar.

Onlar Amerika, Fransa və Rusiyada yaşayırlar. Əgər onlar həmin yerlərdə öz müqəddəratını təyin etmək fikrinə gəlsələr, onda nələr baş verər? Həmin ölkələrin reaksiyası necə olar? Ermənilər öz müqəddəratını artıq təyin ediblər. Onlar Ermənistan dövlətinə malikdirlər, baxmayaraq ki, bu dövlət də tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu, hamıya aydındır. 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra, növbəti gün Azərbaycan Demokratik Respublikası qərar qəbul etmişdir ki, İrəvan şəhəri paytaxt məqsədi ilə Ermənistana verilsin. İrəvan şəhəri azərbaycanlıların yaşadığı İrəvan xanlığının şəhəri idi.

Tarixə gəldikdə, bu belədir. Onlar artıq Azərbaycan torpaqlarında öz dövlətini yaradıblar. Bizim torpaqlarda yenidən digər erməni dövləti yaradıla bilməz. Azərbaycan bununla heç vaxt razılaşmayacaq və bu, heç vaxt baş verməyəcəkdir. Erməni tərəfi bunu nə qədər tez başa düşərsə, bu, həm onlar və həm də bizim üçün bir o qədər yaxşı olar. Beləliklə, məsələ tezliklə həll olunar. Sonra isə Qafqazda sülh qurula bilər. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olmadan, regionda hər hansı digər təşəbbüs və ya siyasi məzmunlu layihə həyata keçirilə bilməz. Dağlıq Qarabağ münaqişəsini regionda ümumi inkişaf və ya yeni münasibətlərin yaradılması mövzusundan kənara çıxarmaq məqsədi ilə edilən bütün cəhdlər əbəsdir. Bu, baş tutmayacaqdır. Çünki bu, əsas problemdir və əsas maneə aradan qaldırılmalıdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə tam hüququ vardır.

Ümidvaram ki, vasitəçilərin fəaliyyətinin praktiki nəticələrini yaxın vaxtlarda görəcəyik. Çünki dünyanın aparıcı dövlətləri və Təhlükəsizlik Şurasının daimi üzvləri olan həmin həmsədr ölkələr üçün də artıq iyirmi il ərzində danışıqlar prosesini nəticəsiz aparmaq qeyri-məqbuldur. Xüsusən də indi növbə Ermənistanındır - vasitəçilərin son təklifini qəbul edirlər, yoxsa yox?! Əgər onlar təklifi qəbul etməsələr, onda hesab edirəm ki, danışıqlar prosesi yenidən nəzərdən keçirilməli və yeni mərhələ başlanmalıdır.

Beləliklə, vaxtınızı çox almaq istəmirəm. Bir daha istərdim qeyd edəm ki, ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunam. Fikrimcə, münasib vaxtdır. Uğurlu əməkdaşlıq aparacağımız yeni sahələri müəyyən etmək üçün bütün səylərimizi göstərməliyik. Bunun üçün güclü qarşılıqlı iradəmiz, potensialımız vardır. Bu gün Estoniya Prezidenti ilə görüşüm zamanı qeyd etdiyim kimi, iqtisadiyyatlarımız rəqabət aparmır. Əksinə, biz bir-birimizə dəstək verə bilərik. İqtisadiyyatlarımız bir-birini tamamlaya bilər. Hesab edirəm ki, biz bu cür möhkəm siyasi əsaslarla və xalqlarımız arasındakı münasibətlərin böyük tarixi irsi ilə və qarşılıqlı hörmətlə, ölkələrimiz arasında çox güclü tərəfdaşlıq münasibətlərini qura bilərik. Həmin əlaqələr ölkələrimiz, regional əməkdaşlıq, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq üçün yaxşı olacaq və vəziyyəti daha proqnozlaşdıran və sabit edəcəkdir.

Mən Xarici İşlər Nazirliyinə və sizin institutunuza burada çıxış etmək fürsətini yaratdığınıza görə minnətdarlığımı bildirmək istəyirəm. Sizə böyük uğurlar arzulayıram.
Diqqətinizə görə minnətdaram.

------------------------------------
7 aprel, 22:40

Aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu səfərin ikitərəfli əlaqələrin inkişafı və gələcək əməkdaşlığımızın genişlənməsi baxımından əhəmiyyəti qeyd olundu. Azərbaycan ilə Estoniya arasında münasibətlərin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Prezidentlər ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əlaqələri çərçivəsində vacibliyini vurğuladılar.
Geniş tərkibdə görüşdən sonra prezidentlər İlham Əliyev və Toomas Hendrik İlves mətbuat üçün bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı:

-Cənab Prezident, əvvəlcə, gözəl ölkənizə səfər etmək məqsədi ilə dəvətinizə görə minnətdarlığımı bildirirəm. Burada olmağımdan və Sizinlə olduqca fəal dialoqumuzu davam etdirməkdən çox şadam. Bu dialoq bir il öncə Azərbaycana etdiyiniz səfər zamanı başlanmışdır. Bu, Estoniya Prezidentinin Azərbaycana ilk səfəri idi. Bu gün isə Azərbaycan Prezidentinin Estoniyaya ilk səfəridir. Münasibətlərimizin dinamikası və görüşlərimizin mütəmadi olması qarşılıqlı marağı nümayiş etdirir. Eyni zamanda, bu, onu göstərir ki, ölkələrimiz arasında geniş münasibətlərin olmasında hər iki tərəfin iradəsi vardır. Bizim çox güclü siyasi dialoqumuz mövcuddur. Ümidvaram ki, bu səfər və səfərim zamanı imzalanmış sənədlər iqtisadi münasibətlərin güclü inkişafına xidmət edəcək.

Humanitar sahədəki əlaqələr hər zaman mühüm olmuşdur. Biz ikitərəfli münasibətlərimizin bu aspektini də geniş şəkildə müzakirə etdik. İnsanlarımız bir-birini daha yaxşı tanımalıdır, - bir-biri ilə daha çox ünsiyyətdə olmalıdır. Birgə iqtisadi və sərmayə layihələrini həyata keçirməlidirlər. Başqa sözlə desək, bu münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə fikrimcə, biz bu cür qarşılıqlı, möhkəm iradənin olmasından istifadə etməliyik. Əminəm ki, ölkələrimizdəki biznes dairələri siyasi liderlərin yolunu davam etdirəcəklər və münasibətlərimizi gələcəkdə fəal şəkildə inkişaf etdirmək məqsədi ilə güclü iqtisadi əlaqələr quracaqlar.

Cənab Prezidentin qeyd etdiyi kimi, biz bu gün gündəlikdə duran bir çox ikitərəfli və beynəlxalq məsələləri geniş şəkildə müzakirə etdik. Mən Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması sahəsində baş vermiş son hadisələr barədə cənab Prezidentə məlumat verdim. Təxminən 20 il ərzində torpaqlarımızın işğal altında olması faktı onu göstərir ki, məsələnin beynəlxalq səviyyədə tanınmış normalara və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, sülh yolu ilə həllinə yönəlmiş bütün səylərimizə baxmayaraq, Ermənistanın hələ də qeyri-konstruktiv mövqedə olması və sülh prosesini yubatmaq siyasəti münaqişənin həllinə böyük maneə yaradır.

Prosesdə vasitəçi kimi çıxış edən tərəflər, yəni Minsk qrupunun həmsədrləri hər iki tərəfə münaqişənin həlli ilə bağlı təklif veriblər. Bu təklif beynəlxalq səviyyədə tanınmış normalara, beynəlxalq təşkilatların qətnamə və qərarlarına əsaslanır. Ümumən, həmin təklif çox kiçik istisnalarla üç ay bundan əvvəl Azərbaycan tərəfindən rəsmən və açıq şəkildə qəbul edilib. Lakin əfsuslar olsun ki, biz Ermənistan tərəfindən eyni yanaşmanı görmədik. Beləliklə, Azərbaycan həmin təkliflə irəliyə doğru getməyə hazırdır. Lakin biz Ermənistan tərəfindən adekvat cavabı görmədik. Bu, bizim şübhələrimizi daha da artırır ki, Ermənistan sadəcə status-kvonu saxlamaq fikrindədir, öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmaq istəmir, prosesi yubatmaq arzusundadır və müəyyən mərhələdə qaçmağı üstün tutur. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan dairələr, o cümlədən Avropa təsisatları Azərbaycana qarşı aparılmış etnik təmizləmə siyasətinin nəticələrini aradan qaldırmaq, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yerlərinə qayıtmağına imkan vermək və işğala son qoymaq məqsədi ilə suveren ölkənin 20 faiz ərazisini qeyri-qanuni olaraq işğal altında saxlayan Ermənistanı inandırmaq üçün səylərini artırmalıdırlar. Bundan sonra regionda sülh bərqərar oluna bilər.

Bu məsələdən başqa, biz enerji əməkdaşlığını müzakirə etdik. Bu əməkdaşlığın güclü potensialı və artıq yaxşı nəticələri vardır. Regional vəziyyəti müzakirə etdik. Deyə bilərəm ki, ölkələrimiz arasında çox yüksək qarşılıqlı anlaşma vardır. Fikrimcə, Estoniya və Azərbaycan kimi ölkələr arasındakı əməkdaşlıq Xəzər, Qara və Baltik dənizləri regionlarında da daha yaxşı anlaşmanın yaranmasına xidmət edəcəkdir.

Hesab edirəm ki, mən bu sözlərlə öz şərhlərimi yekunlaşdıra bilərəm və münasibətlərimizi irəliyə doğru aparmaqda səmimi arzularımızı bildirirəm. Cənab Prezidentlə dost münasibətlərimizi nəzərə alaraq, mən nümayəndə heyətinin bütün üzvlərindən xahiş edərdim ki, bu müsbət nümunədən istifadə etsinlər və öz aralarında yaxşı münasibətlər yaratsınlar. Eyni zamanda, Azərbaycandakı eston cəmiyyətinin 100 illiyi münasibətilə azərbaycanlıları və estonları təbrik edirəm. Bu, onu göstərir ki, xalqlarımız arasında ünsiyyətin qədim tarixi vardır. Bu gün biz inkişafın bu mərhələsində belə müsbət tarixi nümunədən istifadə etməliyik. Sağ olun!

Estoniya Prezidenti Toomas Hendrik İlvesin bəyanatı:

- Mən çox şadam ki, əziz dostum, Azərbaycan Prezidenti İlham Əliyev hazırda Estoniyada səfərdədir. Bu, ötən il Bakıya etdiyimiz çox uğurlu səfərin davamıdır. Fəaliyyətim boyu görüşdüyüm insanlarla, xüsusən də Sizin kimi yüksək intellektual səviyyəyə malik şəxsiyyətlərlə hər zaman yaxşı müzakirələrimiz olub.

Təbii ki, ölkələrimiz arasında münasibətlər çox yaxşıdır. Azərbaycan Xəzər regionunun aparıcı ölkəsi kimi əsrlər boyu enerji sahəsində əsas iştirakçı olub. Biz əminliklə qeyd edə bilərik ki, Azərbaycan ilə Estoniya bir-biri ilə rəqabət aparan deyil, bir-birini tamamlayan ölkələrdir. Elə cənab Prezident də bunu belə qeyd etdi. Ölkələrimiz qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni yolları birgə müəyyən edə bilər.

Biz Avropa İttifaqının üzvü kimi istəyirik ki, Avropa İttifaqı Dünya Ticarət Təşkilatına üzvlük və digər bu kimi mühüm məsələlərdə Azərbaycanı daha dəstəkləyici mövqe ilə çıxış etsin. Avropa İttifaqının üzvü kimi Estoniya Azərbaycan ilə əlaqələri daha da sıx qurmaqda maraqlıdır. Biz bundan sonra çalışacağıq ki, bu məsələyə bacardığımız qədər töhfəmizi verək. Çünki hesab edirik ki, Azərbaycan Avropanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir. Avropanın gələcəyindən asılı olmayaraq, Azərbaycan Avropanın ən mühüm tərəfdaşı və qonşularından biri olaraq qalacaqdır.

Biz bu gün burada bir çox məsələləri müzakirə etdik. Onların sırasında ikitərəfli münasibətləri, qonşu ölkələrlə əlaqələri, regional məsələləri qeyd etmək olar. Biz NATO ilə əlaqələrimizi müzakirə etdik, öz regionlarımızda təhlükəsizlik anlayışı ilə bağlı fikir mübadiləsi apardıq.

Azərbaycan Prezidentinin burada olması çox mühüm tarixə təsadüf edir. Sabah Azərbaycanın eston icmasının 100 illiyi qeyd ediləcəkdir. Bir sözlə, cənab Prezident, səfəriniz çox mühüm tarixi hadisə ilə üst-üstə düşür. Yüz il əvvəl Azərbaycanın eston icması mütəşəkkil forma alıb. Düzdür, onun formalaşması həmin tarixdən də əvvələ təsadüf edir. Lakin məhz 100 il bundan öncə eston icması rəsmən qeydiyyatdan keçib. Sabah eston icmasının 100 illiyidir. Hesab edirəm ki, əlaqələrimizin 100-cü ildönümü onu göstərir ki, biz münasibətlərimizi davam etdirməliyik və yeni əməkdaşlıq ideyaları ilə çıxış etməliyik. Sağ olun.

--------------------
Tallinndə Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlvesin adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.

---------------------

Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Tallinndə Estoniyanın sabiq Prezidenti Arnold Rütel ilə görüşüb.

----------------------

Prezident İlham Əliyev Tallinndə Estoniyanın sabiq Prezidenti Arnold Rütel ilə görüşüb.

----------------------

Azərbaycan Prezidenti İlham Əliyev Tallinndə "Microlink" şirkətindəki informasiya-kommunikasiya texnologiyaları Sərgi Mərkəzində olub.
 
Azərbaycan dövlətinin başçısı Estoniyada İKT sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə görüşüb. Perspektiv texnologiyaların işlənib hazırlanması və tətbiqi ilə məşğul olan qurumların nümayəndələri Prezident İlham Əliyevə təmsil etdikləri şirkətlərin fəaliyyəti və məhsulları barədə ətraflı məlumat veriblər
.
Dövlət başçısı Sərgi Mərkəzində müxtəlif sahələrdə tətbiq olunan və müasir tələblərə cavab verən innovasiya layihələri ilə tanış olub.

-------------------

Aprelin 7-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış edib.
Dövlətimizin başçısı mühazirəsində ölkələrimiz arasında əlaqələrin inkişafı, Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar, Avropa İttifaqına inteqrasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri və problemin həlli ilə bağlı məsələlərə toxunub.

-------------------
21:20


Aprelin 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib.
Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb və münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves birgə Bəyannamə imzalayıblar.

----------------------------

19:17


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinin Köhnə şəhərində yerləşən və buranın əsas diqqətəlayiq yerlərindən olan Ratuşaya gəlib.

Şəhərin meri Edqar Savisaar Prezident İlham Əliyevi Ratuşanın önündə səmimiyyətlə qarşılayıb.

Tallinin meri Azərbaycan dövlətinin başçısını salamlayaraq vurğulayıb ki, 600 il bundan əvvəl şəhərin bu tarixi abidəsi barədə çox mühüm bir qərar qəbul olunub. Qərara əsasən şəhərin yüksək səviyyəli qonaqlarını burada qarşılayırlar.

Tallinin tarixi və bu günü haqqında ətraflı məlumat verən E.Savisaar bildirib ki, Şimali Avropanın qədim paytaxtı olan bu şəhər Estoniyanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Əsrlər boyu Tallinn açıq və çoxmillətli şəhər olmuşdur. Hazırda burada 120 millətin nümayəndələri yaşayır.

Bu qədim şəhərdə 700-dək azərbaycanlının yaşadığını qeyd edən mer, həmvətənlərimizin Azərbaycan ilə Estoniya arasında ən yaxşı körpü olduğunu vurğulayıb.

E.Savisaar bildirib ki, Estoniyada yaşayan azərbaycanlılar bu ölkədə uğurla fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində birləşmişlər. Mərkəz azərbaycanlıların həmrəy olmasına, dilinin, adət-ənənələrinin qorunmasına və Azərbaycan-Estoniya münasibətlərinin inkişafına xidmət edir. Biz çox şadıq ki, Tallində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan Azərbaycan uşaq bağçası da fəaliyyət göstərir.

Sonra Prezident İlham Əliyev Tallinin meri Edqar Savisaarın müşayiəti ilə Ratuşanın binası ilə tanış olub.

Bildirilib ki, XV əsrin əvvəlində mərkəzi ticarət meydanında inşa edilmiş bu tarixi abidə dövlət tərəfindən Şimali Avropanın yeganə qotik üslubda olan memarlıq incisi kimi qorunur. Estoniya paytaxtına gələn turistlərin diqqətini daha çox çəkən 600 illik tarixə malik Ratuşada əsrlər boyu maqistrat üzvləri - ratmanlar şəhər həyatının mühüm məsələlərini müzakirə etmişlər. Bu gün isə burada rəsmi mərasimlər, sərgilər, konsertlər keçirilir. İkimərtəbəli tarixi binada Vətəndaş, Ratuşa, Bürqer, Maqistr, Ticarət, Podval zalları və dövlət xəzinə idarəsi yerləşir.

Ratuşa ilə tanışlıq zamanı bildirilib ki, Tallinə xüsusi yaraşıq verən bu tarixi memarlıq abidəsinin ən əsas elementlərindən biri də paytaxtın rəmzi olan və bir çox əfsanələrdə xatırlanan "Qoca Tomas" yelqovanıdır. Bu yelqovan 1530-cu ildə Ratuşanın qülləsində qurulub.

Azərbaycan Prezidenti İlham Əliyev Ratuşanın Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

/AzərTAc/

----------------------------------

18:49

Estoniya və Azərbaycanı ümumi maraqlar birləşdirir. Bu, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin saxlanmasından, Avropa İttifaqının enerji təhlükəsizliyinin mümkün qədər hərtərəfli təmin olunmasından, həmçinin dövlətlərimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafından ibarətdir. Bunu çərşənbə günü Prezident Toomas Hendrik İlves Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevi və Mehriban Əliyevanı salamlayarkən deyib.

Bu barədə Estoniya Prezidentinin rəsmi saytı məlumat yayıb.

"Azərbaycan Xəzər regionunda aparıcı dövlət kimi Avropa İttifaqı üçün həm iqtisadi, həm də siyasi planda mühüm tərəfdaş hesab olunur. Öz növbəsində Avropa İttifaqı və Birlik dövlətləri Azərbaycanda planlaşdırılan bir çox islahatların uğurla həyata keçirilməsi üçün sizinlə öz təcrübələrini bölüşə bilərlər", - Estoniya dövlətinin başçısı bildirib.

Prezident İlvesin sözlərinə görə, Avropa İttifaqının üzvü olan bir ölkə kimi Estoniya Azərbaycanın ÜTT-yə daxil olmasının tərəfdarıdır ki, bu da Azərbaycanda beynəlxalq hüquq və normalara riayət olunmasını nümayiş etdirəcək. "Bu, öz növbəsində iqtisadi və işgüzar stabilliyə və dövlətin inkişafına, həmçinin Avropa İttifaqı ilə əlaqələrin möhkəmlənməsinə yardım edəcək", - o deyib.

Estoniya və Azərbaycan arasındakı əlaqələr barədə danışan Prezident İlves xatırladıb ki, 100 il əvvəl - 1910-cu il aprelin 8-də Bakıda Eston Cəmiyyəti yaradılıb ki, bu da iki ölkə arasındakı əlaqələrin məzmunlu tarixindən xəbər verir.

Estoniya dövlətinin başçısı qeyd edib ki, bu gün iki ölkə arasında sıx siyasi dialoq aparılır, lakin hökumət başçıları, həmçinin İqtisadiyyat, Müdafiə və Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlığı da genişləndirmək lazımdır.

"Eyni zamanda, iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmək lazımdır. Estoniya bu məslədə çox maraqlıdır", - Prezident İlves deyib. - "Biz Azərbaycanda estoniyalı investorlar üçün təhlükəsiz sahibkarlıq mühiti istəyirik. Həmçinin istəyirik ki, onların əməkdaşlığı düzgün, artıq bürokratik maneələr olmadan, şəffaf, hamı üçün aydın olan qaydalar üzrə olsun".

Prezident İlves Azərbaycanın öz ictimai sektorunu təkmilləşdirmək və bundan ötrü Estoniya ilə əməkdaşlıqdan istifadə etmək istəyini yüksək qiymətləndirib. Məsələn, Estoniyanın informasiya texnologiyaları sahəsini təmsil edən müəssisələri Estoniyada "x-tee" kimi tanınan informasiya mübadiləsi üzrə təhlükəsiz xətt yaratmaqla ölkədə elektron hökumətin yaradılmasında azərbaycanlı həmkarları ilə tərəfdaşdırlar.

"Bundan sonra Azərbaycanda Estoniyada uğurla fəaliyyət göstərən "e-Tervis", "e-Politsei", "e-Kool" kimi həllər asanlıqla tətbiq olunacaq. Bundan sonra isə ID-kart tətbiq olunacaq", - İlves bildirib.

Prezidentlər İlves və İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ətrafında daha ətraflı dayanıblar.

"Estoniya Dağlıq Qarabağ və ona bitişik ərazilər barədə məsələnin danışıqlar yolu ilə həll edilməsini dəstəkləyir və mən bilirəm ki, siz bu cür mövqenin tərəfdarısınız. Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsiplərinə dair razılığa gəlmək üçün müharibəyə deyil, sülhə hazırlaşmaq, səbrlə danışıqlar aparmaq lazımdır ki, bu da hamı tərəfindən qəbul edilən sülh razılığına gəlməyə kömək edə bilər", - Prezident İlves Azərbaycan dövlət başçısına deyib.

Görüş zamanı Estoniya rəhbəri Azərbaycanın Avropa İttifaqının etibarlı enerji təminatındakı mühüm rolunu vurğulayıb.

"Buna görə də biz Azərbaycanın "Cənub dəhlizi" layihəsində fəal iştirakını və "Nabukko" qaz kəməri kimi layihələrdə iştiraka hazır olmasını yüksək qiymətləndiririk", - Prezident İlves deyib.

Estoniya və Azərbaycan prezidentləri hər iki ölkənin NATO-nun rəhbərliyi altında beynəlxalq missiyada iştirak etdiyi Əfqanıstandakı vəziyyət barədə danışıblar.

"Bu regionun əsas ölkələrindən biri kimi Azərbaycan Əfqanıstandakı stabilliyin bizim və bizə qonşu olan ölkələr üçün nə dərəcədə mühüm olduğunu çox dəqiq anlayır. Çünkü bu sabitlik ekstremizmin yayılma imkanlarının qarşısının alınmasına kömək edə bilər", - Prezident İlves deyib.

Prezident İlves və İlham Əliyev bu gün Estoniya və Azərbaycan arasındakı münasibətlər haqqında müştərək bəyannamə imzalayıblar.

Trend

---------------------------------

16:46

Tallinndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves mətbuat üçün bəyanatlarla çıxış ediblər.

Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Tallindəki Vabaduze meydanına gələrək, Müstəqillik uğrunda mübarizə abidəsini ziyarət edib.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hərbi orkestrin ifasında Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub və Estoniyanın müstəqilliyi uğrunda həlak olmuş azadlıq mübarizlərinin xatirəsini yad edib.

/AzərTAc/



--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
 

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

Fotolar: AzərTAc, President.az, President.ee