Bir cib diktatorunun manifesti və ya Müsibəti-Əli

21 Yanvar 2019 16:18

"Hörmətli Fransa vətəndaşları, möhtərəm fransalılar! Sizdən xahiş edirəm ki, bundan sonra hakimiyyəti dəstəkləyən telekanallara baxmayın, "Le Monde" və ya "Liberation" oxumayın".

Fransa müxalifətinin faktiki lideri, 50 yaşlı Marin Le Penin belə müraciəti onun siyasi karyerasının sonu olardı.

Rusiyanın ən məşhur bloqeri, əslində real siyasətçiyə çevrilmiş Aleksey Navalnı "Xahiş edirəm - federal telekanallara baxmayın, hakimiyyətin nəzarətində olan qəzetləri və saytları oxumayın" tipli bəyanatla çıxış etsəydi, onun indiyədək əldə etdiyi nüfuz bir gündə puç olardı.

Çünki adekvat siyasətçilər demokratiya, insan haqları, inkişaf və sosial tərəqqidən bəhs edəndə fikir azadlığını, plüralizmi, fərqli mövqelərin varlığının təminatını inkarı mümkünsüz məsələlər sayırlar.

Yəni insana hava və su kimi gərəkli olan müxalif fikirli olmaq normal cəmiyyətin məntiqli siyasətçiləri üçün danılmaz normadır.

Lakin Azərbaycan hakimiyyətini diktatura yaratmaqda və insan haqlarını az qala hər saniyə pozmaqda suçlayan AXCP sədri Əli Kərimli belə düşünmür.

ABŞ-da yaşamağa cəhd göstərən və peşəkar jurnalistikanı çoxdan bir düşərgənin, bir qrupun maraqlarına həvəslə fəda etmiş Sevinc Osmanqızının YouTube-dəki vloqunda sualları cavablayan Əli Kərimli xalqa çağırış etdi.

Özünü müxalifətin yeganə, səbatlı, möhtəşəm və ilaxır lideri sayan Əli bəy Kərimli xahiş etdi ki, vətəndaşlarımız "iqtidar mediası"nı yox, müxalifətin saytlarını, bloqlarını oxusun, sərhədin o tayından buraya səslərini çatdırmağa çalışan xışıltı və xırıltı sahiblərini dinləsinlər.

O kəsləri ki, printerdə çap edilmiş kağızları yandırır, söyür, təhqirləri təsbeh muncuqları kimi sıralayır və tez-tez "mənim xalqım" deyirlər.

Kamera qarşısında boğaz arıtlayıb məntiqdə çeçəyənlərə liderlik eşqinə düşmüş Əli Kərimlini anlamaq çətin deyil.

Siyasi mövqeyi və məntiqi çoxşaxəli olmayan, bu səbəbdən də arıtlanmış ağacı kol kimi qələmə verib siyasi qalalar quran Əli Kərimli demaqogiyasının zirvəsindədir.

O, yanvarın 17-də "Məhsul" stadionunda keçirilmiş mitinqə az qala 50 min nəfərin qatıldığını söyləyir, səsinə qətiyyətə sırıdılmış ekstaz çalarları verərək hakimiyyəti hədələyir. Onun dediyinə görə, "Məhsul"a yığışmış on minlərin sayı əslində yüz minlərdir və "bu hakimiyyətin sonuna çox qalmayıb".

Son günlər müxalifət "lider"lərinin və "müstəqil bloqer"lərinin təqvimindəki məqamlara nəzər salaq:

1. Avropa Parlamentinin qətnaməsi

2. Mehman Hüseynovun aclıq aksiyası

3. "Məhsul" stadionundakı mitinq.

4. "Məhsul"dakı mitinqə qatılanların sayı

... Qətnamənin və mitinqin formal olaraq, Mehman Hüseynovun azadlığa buraxılması səbəbi ilə - bir anlıq olsa da, belə fərz edək - baş tutduğunu yəqinləsək, ikinci bənddən başlayaq.

Gənc və sadəlövh bloqer Mehman Hüseynov mart ayında azadlığa çıxmalı idi və ümid edirəm ki, çıxacaq. Onun həbsdə qalmasında hakimiyyət maraqlı deyil, çünki Mehman nə ciddi siyasi fiqurdur, nə məşhur ictimai xadim, nə müxalifət düşərgəsinin namlı mənsubu. O, sadəcə videobloqer, sosial şəbəkə fəalıdır.

Mehman Hüseynovun "dərhal və qeyd-şərtsiz" azad edilməsini indi tələb edənlər nə üçün o, həbs olunanda səslərini çıxarmırdılar? Nə üçün Mehmanın məhkəməsi gedəndə nisbətən sivil və təmkinli görünməyə çalışan Sevinc Osmanqızıdan tutmuş, tam qeyri-adekvat Vidadi İsgəndərli və marginallığın rekordunu vurmaq istəyənlərə dibdən "Burada mən varam" deyən Məhəmmədəli Mirzəli və Orduxan Temirxanadək, Vaşinqtonla Brüssel və Strasburq arasında "qardaş harayı" məkiyindəki Emin Hüseynovdan tutmuş, Müsavat Partiyasının qərargahında "növbəli aclıq" (!) keçirən şəxslərədək çox insan bir-iki "hayqırtı" yapıb işlərini bitmiş saydılar?

Avropa Parlamentinin sessiyası ərəfəsində Mehman Hüseynov nə üçün əsla ona xas olmayan ifadələr və cümlələrlə "aclıq məktubu" yazaraq olduğu yeri Moabitə, özünü də yeni və gənc Musa Cəlilə bənzətmək istədi?

Təhkiyələri davam etdirsək, Vaşinqtonda tələsik mətbuat konfrası keçirib "Qoymayın, hakimiyyət Mehmanı öldürmək istəyir" deyənlər 1938-ci ilin martında Parisdə jurnalistləri başlarına toplayan Oleq Budnitski və Andrey Şkuroya bənzədilər.

Xatırladım ki, Paris konfransında "Rusiyada aclıq elan edən vicdan məhbus"larından danışan Budnitski və Şkuronun əslində Almaniya kəşfiyyatının muzdlu agentləri olduqları, Himmlerin başçılıq etdiyi "Sicherheitsdienst des Reichsführers"in, yəni SS-in sifarişlərini yerinə yetirdikləri illər sonra faş olmuşdu.

Vaşinqtonda eyni konfrans təşkil etmək istəyən Yeqor Arxipovunsa nasistlərin "Abver"inin, yəni admiral Vilhelm Kanarisin idarə etdiyi "Auslandsnachrichten und Abwehramt"ın marionetkası olduğunu amerikalılar aşkarlamışdılar.

Mehman Hüseynov Azərbaycana qarşı hazırlanan və mərhələlərlə həyata keçirən böyük oyunun sadəcə, bir fiqurudur. İndi onu müdafiə edənlərin arxasında duran əsl müəlliflərin bu gəncə münasibəti "mavr işini gördü, mavr getməlidir" prinsipi ilə müəyyənləşir.

Avropa Parlamentinin qətnaməsinə gələk. Qlobal qüvvələr nisbətində və dünya siyasi düzənində çəkisini çoxdan itirmiş Avropa İttifaqının üç əsas siyasi təşkilatı var - Avropa İttifaqı, ATƏT və Avropa Şurası.

Avropa Parlamentində Azərbaycana qarşı yeni proses ötən ilin noyabrın ortalarında başlanmışdı. Avropada "Breksit" və "sarı jiletlilər" təki çox ciddi problemlərin olduğu halda, Azərbaycanda "zillət çəkib ölüm aclığına başlamış gənc"lə bağlı qətnamə layihəsi genişmiqyaslı, media və sosial şəbəkələrdəki emosional, qərəzli kampaniyadan sonra müzakirəyə çıxaraq "təcili qətnamə" statusunda tələsik qəbul olundu.

Qətnamə absurddur və hüquqi qüsurlarla dolu ultimatumdur.

Sadəcə, bir fakt: qətnamədə Mehman Hüseynovun "dərhal, qeyd-şərtsiz azadlığa buraxılması" tələb olunur.

Avropa Parlamenti Azərbaycanda məhkəmələri yox sayır, yoxsa istənilən məhkumun "Dərhal burax!" qışqırtısından sonra azad edilməsini hüquqi-prosessual norma bilir. Mehman Hüseynovun həbs müddəti, qeyd etdiyimiz kimi, mart ayında başa çatır.

Martdan sonra yeni istintaq olarsa, avropalı deputatların indiki isterikasını anlamaq olar. Axı Avropa Parlamenti haradan bilir ki, həmin müddətdə M.Hüseynov azad olunmayacaq?!

Qətnamədəki digər bənddə vurğulanır: "Azərbaycanda hüquq müdafiəçilərinə kobud təzyiqlər var". Hansı hüquq müdafiəçisinə? Bununla bağlı məhkəməyə müraciət varmı?

Sənəd başdan-ayağa tələb, ultimatum, hədədir.

Sanki Azərbaycan bu təşkilatın üzvüdür və Nizamnamənin də hansısa tələbləri pozub. Reallıq isə odur ki, Avropa Parlamentinin üzvü deyilik, sadəcə, "Avronest" çərçivəsində əməkdaşlıq vardı. Eyni uğurla Afrika Birliyi də Azərbaycan qarşısında tələblər irəli sürə bilər.

Avropa Parlamentində qətnamənin müzakirəsi zamanı maraqlı kazuslar yaşanıb. Məsələn, 6 deputat "aclıq edən Pənah Hüseynov"un, 8 deputat isə "Hüseyn Mehmanlı"nın azadlığını tələb ediblər. Səbəb: təcili toplantıya çağırılan, "Azərbaycanla bir gənc ölüm aclığı edir, təcili köməyə ehtiyacı var" məlumatı alan deputatların total əksəriyyəti Mehman Hüseynovun kim olduğunu belə, bilmirlər.

Və ya "Azərbaycanda qeyri-hökumət təşkilatlarının bank hesabları dondurulub". Cənablar, Azərbaycanda belə QHT yoxdur. Varsa, lütfən, adını çəkin, biz də bilək.

Müxalifətin kontrolundakı QHT-lərin hamısı buradakı hesablarını ləğv edərək Gürcüstanda hesablar açıblar, orada pulu nəqdləşdirib Azərbaycana gətirirlər.

"Azərbaycanda bir sıra radiostansiyaların yayımı qapadılmayıb". Qapadılmayıb, cənablar, FM dalğalardan orta dalğalara keçirilib. Avropa İttifaqının heç bir ölkəsində BBC, "Amerikanın səsi" və "Azadlıq radiosu" FM dalğalarda yayımda deyillər.

Avropa özünə rəva görmədiyini bizdən hansı ağılla tələb edir?!

Qətnamə Mehman Hüseynovla bağlı olsa da, sənədi oxuyun: Avropa Parlamentindəki liberallarla demokratların ALDE adlı qrupunun Corc Sorosun təşkilatları ilə birlikdə hazırladıqları sənədin bəndlərinin 98 faizi M.Hüseynovla bağlı deyil.

Gələk "Məhsul"dakı mitinqə.

Mitinqə hazırlıq ərəfəsində, sosial şəbəkələrdə həftələrlə davam edən isterik kampaniya çərçivəsində AXCP sədri Əli Kərimli "sizi etiraza çağırırıq" deyirdi.

Mitinqdən sonra isə o, "Məhsul"a toplaşanları "AXCP və Milli Şuranı dəstəkləyənlər" kimi qələmə verdi.

Əli Kərimlinin belə davranışını, müxalifətə mini-diktatorluq istəklərini elə müxalifət partiyalarının sədrləri az qala ikrahla qarşılayıblar.

"Bu hamımızın mitinqi olmalıdır!" deyərək insanları "Məhsul"a toplamağa çalışan, sonra isə mitinqi "AXCP-nin aksiyası" kimi qələmə verən Əli Kərimli həmişəki ampluasındadır.

Mitinqə qatılanların sayı da əsla önəmli deyil: baxmayaraq ki, Əli Kərimli israrla "ən azı 30 min adam gəlmişdi" deyir.

Dünən Afinada 600 min yunan parlament binasının qarşısına yığışaraq aksiya keçirdilər - nə dəyişəcək! Rəsmi Afinanın siyasətində heç nə.

Fransada yüz minlərlə insanın "sarı jiletlilər" aksiyası səngimək bilmir. Prezident Emmanuil Makronun və ölkə hökumətinin siyasətində zərrə qədər dəyişiklik yox.

ABŞ-da son günlərdə 110 minə yaxın insan Meksika ilə sərhəd boyunca divarın tikilməsinə etiraz edərək küçələrə çıxıblar. Divarın inşası davam edir.

Özlərini "dərin intellektə malik lider"lər sayan, müxalifətdə qocalıb ahıllaşanlar nədən anlamırlar ki, say yox, keyfiyyət önəmlidir?

İllah da ki, heç say da yox ortada.

Elçin Alıoğlu
Milli.Az

Yazının linki: https://tinyurl.com/y7xlzxjw