20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər”

19 Yanvar 2019 10:14

Azərbaycan xalqının tarixinə qanlı faciə kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 29 il keçir. Bu günə qədər 20 Yanvar faciəsinin işıqlandırılması, həqiqətlərin dünyaya çatdırılması sahəsində əhəmiyyətli addımlar atılıb, müxtəlif vasitələrlə təbliğat prosesi həyata keçirilib. 

Azərbaycanda qanlı Yanvar qırğınını əks etdirən çoxsaylı kitablar, məqalələr, ekran əsərləri və filmlər ərsəyə gətirilib. Amma təəssüf ki, bu cür işlərdən bəziləri pərdə arxasında qalıb, ictimaiyyətə, o cümlədən beynəlxalq arenaya lazım səviyyədə çatdırılmayıb.

20 Yanvar hadisələri haqqında hələ 1991-ci ildə "Hüznlü ana" adlı sənədli film də çəkilib. Hansı ki, bu film "Qanlı Yanvar"ın ildönümlərində ekrana çıxarılmadığından əksəriyyət ekran işindən xəbərsizdir. Baxmayaraq ki, ekran əsəri 20 Yanvar faciəsinin şahidlərinin yaşadıqları müsibətləri onların öz dili ilə əks etdirir.

Milli.Az xəbər verir ki, sözügedən filmin çəkilməsi prosesində baş məsləhətçi kimi iştirak etmiş YAP Nərimanov təşkilatının üzvü  Nizami Babaşov bu haqda  modern.az-a danışıb.

- 1990-cı ilin 20 Yanvarında Bakıda törədilən faciə haqqında sənədli film çəkmisiniz. Belə bir filmin hazırlanması ilə əlaqədar ideya necə yarandı? 

- "Hüznlü ana" filmi 1991-ci ildə 20 Yanvar faciəsinin birinci ildönümü ilə əlaqədar ərsəyə gətirilmişdi.  O zamanlar, demək olar, bir çox ziyalıların, mövcud vəziyyəti dərk edən vətəndaşların tək məqsədi 20 Yanvar faciəsini bütün dünyaya çatdırmaq, təbliğatını aparmaq idi. Vətən üçün yanan vətəndaşlar hər vasitə ilə xalqımıza qarşı törədilən bu ədalətsizliyin haqq səsini dünyaya yaymağa çalışırdılar. Lakin Azərbaycan informasiya blokadasında olduğundan bu işi görmək xeyli çətinləşmişdi.

Bütün bunlara rəğmən bizim haqq səsi uğrunda vuruşmamız səngimirdi. Azərbaycan xalqını  düşünən, Səttarxan adına (əvvəlki letyenant Şmidt) Maşınqayırma zavodunun direktoru mərhum Əyyam Musayev o zaman bu sahədə təbliğat aparmaq üçün fərqli bir üsula əl atdı.

O, Samarada yerləşən "Volqa"  film kinostudiyasının əməkdaşlarını şəxsi təşəbbüsü ilə Bakıya dəvət etdi. Biz düşmənlərimizə bu faciəni daha yaxşı çatdırmaq üçün qanlı Yanvar haqqında elə düşmənin öz dilində film çəkməyi qərara aldıq.

Şmidt zavodu ilə Samara film kinostudiyası arasında müqavilə imzalandı və Əyyam Musayevin tapşırığı ilə mən filmin baş məsləhətçisi təyin edildim. Çünki filmi çəkənlər ruslar idi, burada hər hansı təhrifə yol verə bilərdilər. Bunun qarşısını almaq məqsədilə filmin hazırlanmasına ciddi nəzarət etdim. O zamanlar mən zavodda Partiya Təşkilat Komitəsinin sədri vəzifəsində çalışırdım.

 

- Filmin sujet xətti ilə bağlı məlumat verməyinizi istərdik... 

- Filmin çəkilişləri üçün biz 20 Yanvar şəhidlərinin evlərinə getdik, ailələri ilə görüşüb, onlarla söhbətlər apardıq. Bütün çəkilişlərdə mən yaradıcı heyətin tərkibində iştirak etdim. 20 Yanvar şahidləri həmin gecə haqqında yaddaşlarında qalanları, şəhid ailələri şəhidlərin həyatı, həmin gün yaşadığı iztirablardan danışdılar. Ürəkağrıdıcı xatirələr həmin vaxt hətta rus kinorejissorların, çəkilişdə iştirak edən əməkdaşların da göz yaşlarına səbəb olurdu.

O zaman hazırlandıqda film 45 dəqiqəlik idi və rusca hazırlanmışdı. Həm filmin yaradıcı heyəti ruslar olduğuna görə bu, belə alınmışdı, həm də biz faciəni törədənlərə Azərbaycan xalqının yaşadığı dəhşətləri elə onların öz dilində çatdırmağa çalışırdıq. "Hüznlü ana" filmi Samarada sənədli filmlər festivalında iştirak etdi və diploma layiq görüldü.

Bundan sonra filmi Azərbaycan Dövlət Televiziyasına təhvil verdik. Tərcümə olunan film bir neçə dəfə televiziya ekranına çıxarıldı. Amma ondan sonrakı illərdə heç qanlı Yanvarın ildönümlərində belə ekranlarda yayımlanmadı. Ötən il 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində AzTV-dən xahiş etdim ki, "Hüznlü ana" filmini yenidən yayımlasınlar. Lakin müraciətimə müsbət cavab verilmədi və film yenə pərdə arxasında qaldı.

- Filmin yaradıcı heyətində tək azərbaycanlı siz idiniz?

- Bəli. Dediyim kimi, qalan hər kəs - operatordan, montajçıdan tutmuş rejissora qədər hamısı ruslar idi. Mənə tapşırıldığı kimi, filmin qaralamasına əvvəl özüm baxdım. Mən rəy verəndən sonra montaj edib, yayımladılar. Ciddi nəzarət etdiyimə görə, həmin filmdə rusların təhrifindən söhbət belə gedə bilməz.

- Niyə bu film ən azından Azərbaycan telekanallarında yayımlanmadı? Səbəbi nə idi? 
 

Düşünürəm ki, bunun yeganə səbəbi laqeydlikdir. Düzü, biz özəl kanallara müraciət də etmədik, onlar özləri də maraqlanıb, filmin nümayişi ilə əlaqədar addım atmadılar. "Hüznlü ana" filmi kommersiya məqsədilə hazırlanmamışdı ki, biz bunu yaymaq üçün xüsusi addım ataydıq.

Bu, sadəcə 20 Yanvar faciəsinin işıqlandırılmasına yönəlmiş könüllü təşəbbüs idi. Biz düşündük ki, telekanallar öz vətəndaşlıq vəzifəsinin öhdəsindən gələcək, əgər vacibdirsə, bu filmi götürüb, yayımlayacaqlar. Lakin bu belə olmadı. Aidiyyəti şəxslər və təşkilatlar vətəndaşlıq borcunu unudaraq, laqeydlik göstərdilər.

- Bununla bağlı qeyd etdiyiniz təsisatlara müraciətləriniz varmı? 

- Açığını desəm, heç bir müraciətim yoxdur. İndiyə qədər 20 Yanvar faciəsinin dünyaya çatdırılması işində bu cür əhəmiyyətli ekran əsərindən istifadə edilməyibsə, bundan sonra da kiminsə belə bir diqqəti göstərəcəyini düşünmürəm. Əgər qeyd etdiyim kimi, telekanallarımız laqeyd olmasaydılar, indiyə qədər "Hüznlü ana" filminin yayımlanmasına diqqət göstərərdilər. Təəssüflə qeyd etməliyəm ki, biz cəmiyyət olaraq, faciələrimizə, başımıza gətirilən müsibətlərə laqeyd yanaşırıq, unuduruq. Baxın, Latviya kimi kiçik bir ölkə Yazov və Qorboçovu məhkəməyə verdi.

Latviya öz xalqına qarşı törədilən kiçik miqyaslı qırğına görə həmin rəhbərlərdən hesabat istəyir, onların cəzasını çəkməsi üçün addım atır.

Biz isə sadəcə təbliğat məsələsinin belə, öhdəsindən gələ bilmirik. Faciəmizi əks etdirən, beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edəcək filmin, hər hansı bir işin, addımın pərdəarxasında qalmasına göz yumuruq. Bundan sonra nəyinsə dəyişəcəyinə ümid etmirəm.

Milli.Az