DNT-nin atası bütün titullarını itirdi

14 Yanvar 2019 16:28

Dünyaca məşhur amerikalı bioloq, Nobel tibb mükafatının laueratı Ceyms Uotson bütün fəxri adlarından və titullarından məhrum edilib. Onun əvvəllər başçılıq etdiyi "Cold Spring Harbor" laboratoriyasının qərarı belədir.

Milli.Az bildirir ki, qərarın səbəbi 90 yaşlı dahi alimin, "DNT-nin atası" kimi tanınan Ceyms Uotsonun neqroid irqindən olan insanlar, qaradərililər barədə dedikləridir. Uotson qaradərililərin əqli qabiliyyət səviyyələrinin aşağı olduğunu iddia edir.

"American Masters: Decoding Watson" sənədli filmində o, deyib: "Əslinə baxanda Afrikanın gələcəyini çox pis görürəm, çünki bütün sosial siyasətimiz qaradərililərin intellekt səviyyəsinin bizdə olduğu kimi düşüncəsinə əsaslanır. Halbuki bütün araşdırmalar bunun əksini göstərir".

2007-ci ildə də qaradərililəri aşağıladığı üçün o, laboratoriya rəhbərliyindən kənarlaşdırılmışdı.

İndi isə C.Uotson fəxri rəhbər, Oliver Qreys adına əməkdar professor və digər fəxri adlarından məhrum olunub.

C.Uotson 2014-cü ildə Nobel medalını hərracda sataraq əldə edilən pulları universitet və institutlarda elmi tədqiqatların dəstəklənməsinə yönəltmişdi.

O, DNT strukturunun şifrəsini açdığı üçün 1962-ci ildə Frensis Krik və Moris Uilkinsonla birlikdə tibb üzrə Nobel mükafatı almışdı.

Milli.Az