Azərbaycanda avtomobillərin qiymətində hansı dəyişiklər gözlənilir?
14 Yanvar 2019 12:05
Bu ilin əvvəlindən avtomobillərin qiymətində artım müşahidə edilir. Avtomobil idxalına tətbiq edilən aksiz dərəcələrinin artırılması artıq bazarda öz təsirini göstərir.
Milli.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Mərkəz tərəfindən aparılan monitorinqlər göstərir ki, mühərrik gücündən asılı olaraq avtomobillərin qiymətində 6-9 faiz artım qeydə alınıb. Bununla belə, avtomobillərə tələb aşağı olaraq qalır: "Qiymət artımı birbaşa idxal xərclərinin artması ilə bağlıdır. Bu baxımdan güman olunur ki, yanvar ayının sonuna doğru qiymətlər stabilləşəcək. Amma qiymətlərdə yenidən azalma gözlənilmir. Mühərrik gücü az olan avtomobillərə də tətbiq edilən aksiz dərəcəsinin artırılması avtomobil parkının köhnəlməsinə gətirib çıxaracaq. Bu isə yaxın gələcəkdə köhnələn avtomobil parkının yaratdığı ekoloji və texniki problemlərinin sayını artıra bilər. Buna görə də, kiçik mühərrikli avtomobillərin idxalına yüksək aksiz vergilərinin tətbiq edilməsi məqsədə uyğun deyildi".
İlkin İzzət
Milli.Az