Ötən il fərdi kompüterlər bazarında lider kim olub?

12 Yanvar 2019 21:26

ABŞ-ın "Gartner" analitik şirkəti 2018-ci ilin dördüncü rübü və il üzrə hazır fərdi kompüterlər bazarının yekunlarını açıqlayıb. Rüb ərzində 68,6 milyon fərdi kompüter tədarük edilib ki, bu da 2017-ci ilin müvafiq dövründən 4,3 faiz çoxdur. İl ərzində fərdi kompüterlərin tədarük həcmi 259,4 milyon ədədi ötüb. Bu, 2017-ci ilin göstəricisini 1,3 faiz üstələyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkət analitiklərinin sözlərinə görə, 2018-ci ildə sahəyə iki əsas tendensiya təsir edib: prosessor çatışmazlığı və ABŞ və Çin arasında ticarət müharibəsi. Bundan başqa, analitiklər qeyd edib ki, mövsümi satışlar daha fərdi kompüterlərə istehlak tələbatı üçün əsas stimulyator rolunu oynamır.

İlin yekunları üzrə dünya fərdi kompüterlər bazarında lider il ərzində payı 20,8 faizdən 22,5 faizədək artan "Lenovo" şirkətidir. İkinci pillədə payı 21 faizdən 21,7 faizədək yüksələn "HP" qərarlaşıb. Əsas tədarükçülər üçlüyünü "Dell" şirkəti tamamlayıb. Bu şirkətin payında da ötən illə müqayisədə artım (15,1 faizdən 16,2 faizədək) müşahidə olunub. Maraqlıdır ki, ümumi payı 60 faizi üstələyən bu şirkətlər sahə üzrə tendensiyaların əksinə olaraq il ərzində satış həcmini artıra biliblər.

Digər iri iştirakçıların payında isə azalma qeydə alınıb. Belə ki, dördüncü yeri tutan "Apple" şirkətinin payı 7,2 faizdən 6,9 faizədək, beşinci pillədə yer alan "Acer Group" şirkətinin 6,5 faizdən 6,1 faizədək azalıb. Bir il əvvəl payı 6,8 faiz təşkil edən "Asus" şirkəti 2018-ci ilin yekunlarına görə 6 faizlə kifayətlənib. Digər əsas istehsalçıların ümumi payı isə 22,5 faizdən 20,6 faizədək aşağı düşüb.

Milli.Az