Fransada “sarı jiletlər” yenə etiraz aksiyasına başladı

12 Yanvar 2019 18:54

Fransada "sarı jiletlər" etiraz aksiyasının doqquzuncu aktı başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aksiyaçılar, əsasən, ölkənin Burj şəhərində, eləcə də digər şəhərlərdə toplaşıblar. Burj şəhərinin polis prefekturası nümayişi qadağan etsə də, səhər saatlarından artıq əvvəlki həftələrdən də çox aksiyaçının toplaşdığı bildirilir.

Parisdə etiraz aksiyaçıları Maliyyə və İqtisadiyyat Nazirliyinin yerləşdiyi Bersi məhəlləsindən yığışıblar. Aksiyaçıların şəhərin küçələrindən keçərək sonda mərkəzi Yelisey çölləri prospektinə gəlməsi planlaşdırılıb.

İctimai asayişin qorunması məqsədilə ölkə üzrə 80 min polis və jandarm səfərbər olunub ki, onlardan 5000-i Parisdədir.

Hökumətin aksiya zamanı qəti və sərt tədbirlər görməklə bağlı məlumatları "sarı jiletlər" etiraz aksiyaçılarının küçələrə çıxmasının qarşısını ala bilməyib.

Qeyd edək ki, hökumət ölkəni bürümüş etiraz aksiyası ilə bağlı milli debatların gələn çərşənbə günü başlayacağını bildirsə də, onun gözlənilən nəticələr verəcəyinə inam yoxdur. Eləcə də, aidiyyəti rəsmi şəxslərə milli debatları aparmaq təklif olunsa da, onlar bundan imtina ediblər.

Milli.Az