“1962-1972-ci illəri yadımıza salacaq” - Azərbaycan üçün qorxulu proqnoz

12 Yanvar 2019 17:50

Ukraynada son 1 ay ərzində kəskin soyuq havalar nəticəsində 64 nəfər dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən il dekabrın 12-dən bu il yanvarın 9-na qədər 64 nəfərin öldüyü bildirilib. Nazirlik qeyd edib ki, 12 dekabr-9 yanvar aralığında 1037 nəfər həddindən artıq soyuq və donvurmaya görə həkimə müraciət edib, onlardan 955-i xəstəxanaya yerləşdirilib. 
Son məlumatlara görə, Avropada da soyuq hava 17 nəfərin ölümüylə nəticələnib. Mütəxəssislər bildirir ki, tədricən qlobal soyuqlaşma baş verir. 

Belə olduğu təqdirdə soyuq hava kütləsinin Azərbaycana gəlmə ehtimalı varmı? 
Milli.Az bildirir ki, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov cebhe.info-ya açıqlamasında deyib ki, Avropada da hava şəraiti ölümlərə səbəb olub: 



"Almaniya və digər ölkələrdə 3 metr hündürlüyündə qar yağır. Ukraynada soyuq hava kütləsi insanların ölümü ilə nəticələnir. Rusiyada 40-45 dərəcə şaxta var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də deyir ki, qlobal istiləşməyə doğru gedirik. Hansı qlobal istilikdən danışırlar? Azərbaycana qar yağmayıb deyə, bu, o demək deyil ki, havalar isinir. Yanvarın sonu və fevralın əvvələrində Azərbaycanda qar yağma ehtimalı böyükdür. Qar yağacaq və 1962-1972-ci illəri yada salacaq. Nəqliyyat zəif işləyəcək, yollar da buz bağlanacaq. Ən azı 2-5 ilə bu soyuqlar Azərbaycana qayıdacaq. Dünyada qlobal istiləşmə yoxdur, qlobal fırıldaqçılıq var. Yadınızdadırsa, 2012-ci ilin dekabrın 21-də guya dünyanın sonu idi. O vaxt da oyun oynadılar. Əgər dünyanın sonudursa və mən şam almışamsa, harada yandıracağam? İndi fırıldaqçıların dünyasıdır". 

Milli.Az