Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır

12 Yanvar 2019 16:56

Özbəkistandakı Boy-Bulak mağarası Mərkəzi Asiyada ən dərin mağaradır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1971-ci ildə mağaranın yaxınlığındakı Duybolo kəndinin sakini Mustafakul Zakirov yaşadığı kənd üçün su axtarmaq məqsədilə mağaraya gedib və itib. 14 il ondan soraq gəlməyib.

1985-ci ildə Ural speleoloqları Surxantau dağ silsiləsindəki bu mağaraya giriblər. Dərinliyə düşəndə isə bulaq və insan sümüklərinə rast gəliblər. Bu, Mustafakul Zakirovun qalıqları olub. Qalıqlar dəfn olunmaq üçün kəndə göndərilib.

Boy-Bulaq özbək dilində "zəngin bulaq" deməkdir. Alimlər müəyyən edib ki, mağaradan axan bulağın suyu minerallar və duzlarla zəngindir.

Mağaranın ümumi dərinliyi 1415 metrdir, 20-30 metr dərinlikdə üç quyu var. Bulaq da buradan axır. Mustafakul Zakirov da məhz bu bulağı tapmaq ümidi ilə mağaraya getmişdi. Onun ölümünün səbəbi isə sirr olaraq qalır.

Milli.Az