Azərbaycan Prezidenti: "Biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına xidmət edir"

11 Yanvar 2019 23:55

Biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına xidmət edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı bildirib ki, bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq: "Bildirməliyəm ki, əvvəlki illərdə sahibkarlara 2,2 milyard manat məbləğində güzəştli kreditlər verilmişdir, keçən il isə 160 milyon manat. Sevindirici haldır ki, verilən kreditlər əvvəlcə verilmiş və sonra qaytarılan kreditlər hesabına verilir. Yəni, büdcə bu məsələyə pul xərcləmir. Artıq bu vəsait akkumulyasiya olunub. Biz sahibkarlara hər il bu cür dəstək göstəririk və göstərəcəyik. Sahibkarlara daha böyük kömək göstərmək üçün indi bir çox ölkələrə ixrac missiyaları təşkil olunur. Biz kömək edirik, bu işlərə büdcədən vəsait ayırırıq. Biz sərgilərdə, xüsusilə ərzaq məhsullarının təbliği ilə bağlı sərgilərdə dövlət hesabına iştirak edirik. Sahibkarları oraya cəlb edirik ki, onlar öz məhsullarını xaricə daha rahat sata bilsinlər. Ticarət evləri yaradılır. Artıq Belarusda, Çində, Ukraynada, Latviyada, Polşada Azərbaycan Ticarət evləri açılıb. Bu da bizim təşəbbüsümüzdür. Onu da bildirməliyəm ki, bizim Ticarət evlərimizə çox böyük maraq var. Bu Ticarət evlərinin açılması nəticəsində həmin ölkələrə bizim ixracımız da artır. Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulur".

Prezident qeyd edib ki, sənaye potensialımızın inkişafı ilə bağlı keçən ilin göstəriciləri çox müsbətdir. Sənayenin qeyri-neft sektorunda istehsal 9,1 faiz artıb: "Bütün bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Sənaye zonalarının, sənaye məhəllələrinin, sənaye parklarının yaradılması geniş vüsət alıb. Nəinki Sumqayıtda, indi Gəncədə, Mingəçevirdə və digər şəhərlərdə də bu proses gedir. Bu günə qədər bizim sənaye parklarımızda 67 rezident var. Onlardan 40 rezident artıq fəaliyyətdədir. Sənaye parklarında həyata keçirilən layihələrə nəzərdə tutulan sərmayə 5 milyard manatdan çoxdur. Bu layihələr nəticəsində 11 min yeni iş yeri yaradılıb. Bu proses davam etdiriləcək. Bu il də sənaye zonalarının yaradılması nəzərdə tutulur".

İlham Əliyev vurğulayıb ki, investisiya təşviqi mexanizminin işə düşməsi də çox ciddi islahat idi: "Bu proqram 333 layihəni əhatə edir. Onlardan 107-si 2018-ci ildə icra edilib. İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır. Bu layihələrin icrası nəticəsində 12 min iş yeri yaradılıb. İndi baxın, əgər biz bu mexanizmə keçməsəydik, bunu tətbiq etməsəydik, ölkə iqtisadiyyatına 2,8 milyard manat qoyulmayacaqdı.

Bu, islahatların nə qədər vacib olduğunu bir daha göstərir. Bəzi hallarda artıq o sözə sadəcə öyrəşirlər. Amma islahat çox böyük məna daşıyır. İslahat nəticəsində dünya inkişaf edir, ölkələr inkişaf edir, yeni imkanlar yaranır. Ona görə islahat məqsədyönlü olmalıdır. Biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir, o cümlədən bax, bu sahibkarlıqla bağlı aparılan islahatlar. Görün, nəticələr nə qədər təsirlidir".

Milli.Az