2500 illik monarxiya niyə və necə çökdü? - Xalqdan uzaq düşən Şahın acı aqibəti...

12 Yanvar 2019 21:05

Qırx il əvvəl, yanvar ayında bütün dünyanı heyrətləndirən, SSRİ və ABŞ kimi super dövlətlərin ən dərrakəli strateqlərinin axıra qədər hesablaya bilmədikləri, təkcə Yaxın və Orta Şərqdə deyil, bütövlükdə dünyanın ictimai-siyasi həyatında böyük təbəddülat yaradan inqilab baş verdi: İranda 2500 illik monarxiya quruluşu dünya ictimaiyyətinin gözləri önündə süqut etdi.

Yumruqlarını şəhadət dirəkləri kimi havaya qaldırmış İran xalqının birliyi, onun Mauna Loa vulkanından daha heybətli səslə hayqırdığı antimonarx şüarları ən müasir qorxunc silahla silahlanmış 400 minlik şah ordusunu da, 1957-ci ildən ölkədə terror əsdirən gizli polis təşkilatı SAVAK-ı da  bir saman çöpü kimi əzib keçdi. Məlum ölkələrin dəstəklərinə və himayədarlığına rəğmən, Pəhləvi rejimi  çökdü.

Pəhləvilər İranın sayca 20-ci xanədanlığı, çıxış yolunu mühacirətdə görmiş Məhəmməd Rza Pəhləvi isə 35-ci şahı idi. Əslində, Pəhləvi xanədanlığının qədim şahlarla heç bir bağlılığı da yoxdu. Sonuncu şahın atası RzaxanMazandaranda yoxsul ailədə doğulmuşdu. Gənc vaxtlarında rus kazak dəstəsində qulluq edirdi. Savadsız olmasına baxmayaraq, sövqi-təbiiliklə amirlərinin rəğbətini qazanmaq yolunun mütilikdən və yaltaqlıqdan keçdiyini yaxşı bildiyindən, özünü oda-közə vurur, zabit ola bilmək üçün mümküm olan bütün üsullara əl atır, canfəşanlığı ilə seçilirdi. Nəhayət, Əhməd şah Qacarın diqqətini çəkə bilmiş, o da onu sarayına gətirtmiş, öncə saray mühafizə alayına başçı təyin etmiş, sonra hərbi nazir, daha sonra da baş nazir vəzifəsinə yüksəltmişdi.

15 dekabr 1925-ci ildə Əhməd şah Qacar xaricdə olanda isə Rzaxan özünü şah elan etmiş, 1926-cı ilin fevralından özünün Pəhləvi soyundan gəldiyini bildirmişdi. Yeri gəlmişkən, ölkəyə rəsmi şəkildə İran adı verilməsini Rza şah istəmiş, bu məqsədlə 1935-ci ildə Millətlər Liqasına  yazılı müraciət etmiş, "Persiya" sözünün "İran" sözü ilə əvəzlənməsinə nail olmuşdu.

16 il şahlıq edən Rza Pəhləvini iqtidardan İ.V. Stalin və U. Çörçil düşürtmüşdülər. 25 avqust 1941-ci ildə İranı işğal edən SSRİ və Böyük Britaniya başçıları Rza Pəhləvini Hitlerlə gizli sövdələşmədə suçlu bilərək onu zorla istefaya göndərmiş, Rza Pəhləvini məcburən Cənubi Afrikaya sürgün etmiş, yerinə isə 22 yaşlı oğlu Məhəmməd Rzanı gətirmişdilər.

16 sentyabr 1941-ci ildən rəsmi fəaliyyətə başlayan gənc Məhəmməd Rza Pəhləvi bütün fəaliyyəti boyu onu hakimiyyətə gətirmiş güclərin ziddinə hərəkət etməyəcəyinə şərəfi üzərinə and içmişdi.

II Dünya müharibəsi qurtarandan sonra Böyük Britaniya və ABŞ-ın birgə təkidi ilə BMT -də 2 dəfə SSRİ-dən öz qoşunlarını İran ərazisindən çıxarılması məsələsi müzakirə olundu. Nəhayət, SSRİ ilə Böyük Britaniyası arasında  bağlanmış 29 yanvar 1942-ci il müqaviləsinə əsasən, SSRİ 1946-cı ilin aprelindən başlayaraq öz qoşunlarını İrandan çıxarmağa başladı və 26 mayda bu proses tamamlandı.

İran şahı 1946-cı ilin may ayından sonra Qərbin dəstəyi ilə tədricən özünün varlığını büruzə verməyə başladı. ABŞ-la gizli sövdələşmə əsasında 20 milyon dollarlıq silah-sursat aldı, Böyük Britaniya da gənc monarxa gərəkən yardımı əsirgəmədi. II dünya müharibəsində müttəfiq olan SSRİ, ABŞ və Böyük Britaniya muharibə başa çatandan sonra fərqli mövqe nümayiş etdirməyə başladılar. Qərb siyasətçiləri SSRİ-nin Yaxın və Orta Şərqə doğru ekspansiya siyasətinin qarşısını almaq işində İranın önəmli məntəqə olduğunu hesab edirdilər. Qərbdən lazımı dəstək alan şah qoşunları 1946-cı ilin dekabr ayında, Təbriz başda olmaqla, bütün Cənubi Azərbaycan ərazisini silah gücünə təkrar öz nəzarətinə keçirdi.

Yerli mətbuat onu İranın ərazi bütövlüyünün təminatçısı kimi tanıtmağa və təbiliğə başladı. Soyuq muharibə şiddətini artırdıqca Qərb strateqləri də ona olan diqqətlərini gücləndirirdilər.

Hadisələrin belə şəkil almasından xoşlanmayan Sovet rəhbərliyinin razılığı ilə İranda fəaliyyət göstərən solçular İran şahını cəzalandırmağı qərara alırlar. 4 fevral 1949-cu ildə şah Məhəmməd Rza Pəhləvi tələbələrlə görüş üçün Tehran universitetinə gəlmişdi.  Hüquq fakültəsinin pilləkənlərinə çıxan zaman  "Pərçəm-e eslam"- "İslam bayrağı"- qəzetinin müxbiri Naser Fəxrarayi ( ناصر فخرآرایی )  tapança ilə şaha 5 dəfə atəş açıb onu yaralamışdı. Mühafizəçilər suiqəsdçini hadisə yerində güllələmiş, bundan sonra İranda  solçu "Hezb-e tudə""Xalq partiyası"- qadağan edilmiş, İran neftinin Böyük Britaniya şirkətlərinin istismarına qarşı kəskin etirazları ilə ilə tanınan və "Pərçəm-e eslam" qəzetinin naşiri olan Ayətullah Kaşani həbs olunaraq işgnəcəyə məruz qalmış, sonra da Livana sürgün edilmişdi.

Ehtimal ki, bu "sui-qəsd" ssenarisi  İrandakı marksist yönlü hərəkatçıları məhv etmək və şahda sosialistlərə qarşı nifrət yaratmaq məqsədi ilə Qərbin xüsusi xidmət orqanı əməkdaşları tərəfindən düzənlənəmişdi. Bu məqsədlə onlar sol görüşlü bir fanatiki özü də bilmədən bu oyuna cəlb etmişdilər,  "terrorçu" da ona verilmiş barıt tapança ilə şahı "güllələdikdən" sonra hadisə yerində "zərərsizləşdirilmiş" və təhqiqat zamanı cibindən "Hezb-e tudə"yə - "İran Xalq Partiyası"na mənsubluğunu təsdiqləyən partiya bileti də "aşkarlanmışdı".

Solçular 1951-1953-cü illərdə İran şahını devirməyə çox yaxın idilər. İslahatçı M. Müsəddiqin baş nazir postuna gətirilməsi, açıq-aşkar İran antimonarxistlərinin mövqeyinin möhkəmlənməsinə təkan vermişdi. Baş nazir Müsəddiq qısa vaxt ərzində radikal islahatlara başlamış, 1908-ci ildə ingilislərə böyük imtiyazlar verən İran- Britaniya neft müqaviləsini ləğv etmiş, şah ailəsi üçün ayrılan dövlət xərclərini kəskin şəkildə azaltmış, əhaliyə geniş sosial hüquqların verilməsi yolunda ciddi addımlar atmışdı.

Vəziyyətin SSRİ-nin lehinə dəyişdiyini görən CİA və Mİ6 təcili şəkildə "Ayaks" kodu ilə gizli əməliyyat planı hazırlayır. Xüsusi təlimatlandırılmış adamlar küçə və meydanlarda, ictimai yerlərdə Müsəddiq əleyhinə mitinqlər təşkil edir, yüksək vəzifəli hərbçilər böyük məbləğdə "hədiyyələr"lə ələ alınır və 19 avqust 1953-cü ildə Müsəddiq hökuməti devrilir. Ölkəni tərk etmiş Məhəmməd Rza Pəhləvi qalib kimi xaricdən İrana qayıdır. "Şah üçün darıxmış" minlərlə insan Mehrabad hava limanında onu  məşhur Tehran şivəsində "Əlahəzrəta, be İran xoş umədin""Əlahəzrət, İrana xoş gəldiniz!" şüarı ilə qarşıladı. Solçular yenə də istədiklərinə nail ola bilmirlər.

İran uzun zaman Sovet və Qərb ideoloji savaşı cəbhəsində  strateji hədəf olaraq qalmağa davam etdi. Tərəflər heç vəchlə onu digərinin nüfuz dairəsinə çevrilməsinə razı olmurdular. Onlar bu məqsədlə İran şahını öz tərəflərinə çəkmək üçün bütün mümkün variantlardan yararlanmışlar.

1959-cu ildə İranla ABŞ arasında hərbi əməkdaşlıq müqaviləsi bağlandıqdan sonra SSRİ-ABŞ-İran triosu arasında yeni gərginlik yaşandı. İran şahı mümkün qədər  tərəflərə qarşı mötədil davranmağa çalışsa da, vəziyyət öz gərginliyini qoruyurdu.

Sovet dövlət başçısı N. Xruşşovun 4 iyun 1961-ci ildə Vyanada ABŞ Prezidenti Con Kennedi ilə görüşdə saymazyana söylədiyi "Bu yaxınlarda İranda vəziyyət qarışacaq, amma bu, bizim işimiz olmayacaq" sözləri elə-belə, gəlişigözəl ifadə deyildi. Xüsusən, təhdidkar "İran tezliklə Sovet İttifaqı ərazisinə düşəcək çürümüş bir almadır"- "ايران سيب گنديده اي است كه به زودي جلوي پاي اتحاد شوروي به زمين خواهد افتاد" - ifadəsi beynəlxalq miqyasda ciddi təşvişə səbəb olmuşdu. ( Bax: ص.٢٠٥.   اسكندر دلدم، من و فرح پهلوی، ١٣٩٣، جیلد  ١٣٩٣،،جیلد  ٢ )

Dövlət Təhlükəsizlik Komitəsinin (KQB-nin)  3-cü İdarəsinin  (Hərbi Əks-Kəşfiyyat İdarəsi ) rəisi A. M. Quskovun göstərişi ilə Fadeyev saxta  familyası ilə Tehrana gəlmiş general-mayor İ. A. Fadeykin təxminən bir ilə düşünüb hazırlığı terror planının gərçəkləşməsi üçün 1962-ci ilin fevralında münasib fürsət yaranmışdı. Bu məqsədlə şübhə yaratmamaq üçün o vaxtlar Tehranda dəbdə olan "Volkswagen Frog" maşını alınmış,  içi uzaqdan idarə olunan partlayıcıyla doldurulmuş və parlament binasına yaxın Şahabad (indiki adıyla, Cümhuriyyət) xiyabanında park edilmişdi. Məhəmməd Rza Pəhləvi bu xiyabandan keçib Baharstan adlanan yerə- parlamentin iclasında çıxış etməyə gedəcəkdi, Şahın oturduğu "Rolls Royce" avtomobili fəxri eskortun müşaiyət ilə partlayıcı ilə dolu "Volkswagen"ə yaxınlaşanda maşını partlatmalı olan şəxs pultun düyməsini sıxsa da, partlayış baş verməmiş və İran şahı sağ-salamat şəkildə parlamentə gəlmişdi. Əgər "Volkswagen" partlasaydı, 500 metrlik radiusda hər şey darmadağın olacaqdı. Şahı ölümdən xilas edən isə Tehranda  havanın o gün  qatı dumanlı olması imiş. 500 metr uzaqlıqda pusquda durmuş icracı, partlayıcı qurğunun  pultunun düyməsini 3 saniyə sıxmalıymış ki, siqnal sıx duman qatından keçib qurğunu işə salsın. O isə canının qorxusundan və tələsdiyindən pultun düyməsini ani sıxaraq gizləndiyi yerdən dərhal qaçıb uzaqlaşıbmış.

İran şahı müdhiş şimal qonşusunu sakitləşdirmək üçün 1962-ci ilin sentyabrında rəsmi bəyanatla çıxış edərək hər hansı bir dövlətə İran ərazisindən SSRİ-yə qarşı təcavüzkar hərəkət etməyə imkan verməyəcəyini bildirmiş, 1963-cü ildə isə SSRİ ilə iqtisadi əməkdaşlıq haqqında müqavilə bağlamışdı. Buna baxmayaraq, İran şahının həyatı daim təhlükə altında tutulurdu.

10 aprel 1965-ci ildə İran şahını öldürmək üçün daha bir sui-qəsd gerçəkləşdirilmişdi. Bir təsadüf şahın bir qədər gecikməsi Mərmər sarayın ( كاخ مرمر ) mühafizəçilərindən olan 23 yaşlı Reza Şəmsabadiyə öz terror əməlini həyata keçirməyə mane olmuşdu. Onun şahı nişan aldığını görən digər mühafizlər atəş açaraq Reza Şəmsabadini yaralayırlar. Şəmsabadi "من بايد اين جلاد را بکشم " - "Mən bayəd in cəllad ra bekoşəm" - "Mən  bu cəlladı öldürməliyəm"- deyə hayqıranda İran şahı cəld yerə yatır, şahın digər qorumaları isə Şəmsabadini öldürürlər və təhlükə bu dəfə də şahdan yan keçir.  ( Bax: دکتر باقر عاقلی. روزشمار تاریخ ایران از مشروطه تا انقلاب اسلامی. چاپ ماه منظر. تهران: مامک. ۱۸٣ )

Hadisəni təhqiq etmiş SAVAK (سازمان اطلاعات و امنیت کشور - Sazeman-e Ettelaat və Əmniyyət-e Keşvər ) qeyd olunan terror aktının Pərviz Nikxah adlı bir solçu maoist tərəfindən təşkil edildiyini bildirsə də, Məhəmməd Rza Pəhləvi buna inanmamışdı.  SAVAK uzun axtarışdan sonra Pərviz Nikxahı yaxalayıb İran şahının huzuruna gətirəndə, şah sui-qəsddə təqsirli bilinən Pərvizdən niyə onu öldürmək istədiyini soruşur: مردک برای چه می‌خواستی مرا بکشی؟" - "Mərdək, bəray-e çe mixasti məra bekoşi?"- "Zavallı, nə üçün məni öldürmək istəyirdin?"

Pərviz də yanıldığını, peşman olduğunu və şahdan əvf dilədiyini bildirir. Təəccüblüdür ki, şah həmin adamı bağışlamışdı. ( Bax: اسرار زندگی شاه و فرح، فرح دیبا، صفحه ٣٦٦   )

Şah zamanında İranın feodal-patriarxal geriliyi aradan qaldırmaq, ölkənin beynəlxalq nüfuzunu artırmaq məqsədilə 1963-cü ildə  "Enqelab-e sefid"- "Bəyaz inqilab" hərəkatına start verilmişdi. Bu inqilabın əsas hədəfi torpaq islahatlarının həyata keçirilməsi olsa da, bu islahatlar yoxsul kəndlilərə gözlədikləri səmərəni vermədi. Kəndlilər öz kəndlərini tərk edib iş arxasınca böyük şəhərlərə üz tutdular.

1970-ci illərin başlanğıcında neft və neft məhsullarının bahalaşması İrana astronomik gəlirlər gətirsə də şah bu neft kapitalını əhalinin maddi rifah halının yaxşılaşmasına sərf etmək əvəzinə sürətlə silahlanmağa yönəltmişdi. Hətta bir dəfə Şahbanu Fərəh Pəhləvi parlament komissiyasının iclasında  mədəniyyət və incəsənətin inkişafı üçün əlavə maliyyə vəsaitinin ayrılmasını xahiş edəndə İran şahı ona etiraz etmişdi:

İran şahı qəribə bir inadla İranı dünyanın beşinci ölkəsinə çevirmək uğrunda fəaliyyətə keçmiş, tədricən də reallıq hissindən uzaqlaşaraq xəyallarını gerçək kimi görməyə başlamışdı.

 Məsələn, 26 oktyabr 1967-ci ildə ( doğum günündə ) özünə və xanımına tacqoyma mərasimi keçirmişdi.Ondan "Niyə 26 illik şahlıqdan sonra özünüzə indi tacqoyma mərasimi keçirirsiniz?"- deyə soruşulduqda, "O vaxtlar İran kasıb ölkəydi, belə təmtəraqlı mərasim keçirmək ayıb olardı"- cavabını vermişdi.

Heç bir zərurət olmadan 1971-ci ilin 12-14 oktyabrında dünyanın 69 ölkəsindən dövlət başçılarını, baş nazirləri, kralları, şahzadələri, kraliçaları ( toplamda 600 nəfər yüksək vəzifəli xarici qonaqları ) İrana dəvət edib, Əhəmənilər ( farslar Həxamənişan - هخامنشیان - deyirlər ) xanədanlığının hökmranlığının 2500 illiyini təntənə ilə qeyd etmişdi.

Rəsmi mənbələrdə  bu tədbirin gerçəkləşməsi üçün 22 milyon dollar xərcləndiyi bildirilsə də, qeyri-rəsmi məlumatlara görə, bu tədbirə dəfələrlə  böyük miqdarda pul vəsaiti sərf olunmuşdur.

İran şahı fərman verib 1976-cı ildən etibarən İranda rəsmi şəkildə 2536-cı ilin başlanacağını bildirmişdi. Şah özü dindar olsa da, ölkəsinin mümkün qədər dini zəmindən uzaqlaşmasına çalışırdı. İran şahı İranda fəaliyyət göstərən bütün ABŞ vətəndaşlarına xüsusi toxunulmazlıq statusu vermişdi. Heç bir halda amerikanlar İranda məsuliyyətə cəlb oluna bilməzdilər. İran şahı bütün siyasi partiyaları sıxışdırıb iflic vəziyyətinə salmışdı. 2 mart 1975-ci ildə onun təşəbbüsü ilə yaradılmış "Rəstaxiz" ("Dirçəliş") partiyasından başqa digərlərinə fəaliyyət şəraiti yoxdu. Bütün ziyalılar, məmurlar, zənginlər məcburi qaydada bu partiyanın üzvü olmalı idilər. Təkpartiyalı sistemin hökmranlıq sürdüyü bir şəraitdə, hər şey bu partiyanın inhisarına alınmışdı.

Ölkədə mənasız əyləncələrin keçirilməsi, dövrü mətbuatda və televiziya proqramlarında bayağı həyat təzinin reklam olunması, məddahlığın, rüşvətxorluğun əxlaqi normaya çevrilməsi, məmur özbaşınalığının cəzasızlığı, müxtəlif məqam sahiblərinin əhalini süründürməsi, bürokratik əngəllərin getdikcə artması, zənginlərlə yoxsullar arasında keçilməz uçurumların dərinləşməsi, mənəvi dəyərlərin aşınması, şəxsi münasibətlərin ön plana keçməsi əhali arasında Məhəmməd Rza Pəhləviyə olan-qalan inamın büsbütün yoxa çıxmasına, ac və yalavac milyonların fors-major qüvvəyə çevrilməsinə, öz məcrasından çıxıb daşaraq böyük əraziyə yayılan nifrət selinə döndü. Xüsusən xaricdə tahsil alan gənclərin Avropa ölkələrində müntəzəm şəkildə keçirdikləri etiraz mitinq və yürüşləri dünya ictimaiyyətində şahı bir müstəbid, xalqının düşməni kimi tanıtmaları şahın sonunu sürətləndirdi. 9 noyabr 1978-ci ildə ABŞ-ın İrandakı səfiri Vilyam Sallivan  prezident C. Karterə ünvanladığı  "Thinking the unthinkable"- "Düşünülməzi düşünərək"- adlı məlumatında  İran şahının labüd sonunun gəldiyini bildirmişdi.

Xalq hamılıqla İran şahına qarşı vahid cəbhədə birləşib sarsıdıcı gücə çevrildi. Artıq bu qüvvəni şahın nə çox güvəndiyi SAVAK saxlaya bilərdi, nə də 400 minlik ordusu. Əli silahlı əsgərlərin qarşısında qol-qola səf bağlamış həmyaşıdları  çeynənmiş  haqlarının bərpasını, ədalət tələb edərək o dönəmin məşhur "Yar-e dəbistaniye mən"- "Mənim məktəb yoldaşım" şeirinə yazılmış mahnısını oxuyurdular:

دست من و تو باید این، پرده‌ها رو پاره کنه

کی می‌تونه جز من و تو، درد ما رو چاره کنه؟

(Mənim, sənin əllərimiz gərək cırsın bu pərdəni parə-parə,

Məndən başqa, səndən başqa kim bu dərdə qılar çarə?)

Ordunun aşağı rütbəli heyəti və əsgərləri küçə döyüşlərində barrikadanın qarşı tərəfindəkilərə güllə atmaqdan imtina etdi, çünki orada dayananlar onlara yad adamlar  deyildi, düşmən deyildi:  bir parça çörəyə möhtac duruma gətirilmiş ata-anaları idilər, sabahına inamı oğurlanmış qardaş və bacıları idilər, işsizlikdən bezmiş dost-tanışları idilər... Əsgərlər dərk edirdilər ki, sabah ordudan tərxis ediləndə bugünkü əsgərləri də  barrikadaların qarşı tərəfində nifrət və qəzəbini silaha çevirmiş o yoxsul soydaşlarının aqibəti gözləyir. Ordu mənsubları bir-birinin ardınca antişah cəbhəsinə keçdilər. Ordu və xalq qardaşlaşdı.

1930-1936-cı iillərdə İsveçrədə (Institut Le Rosey) təhsil almış, Avropa mədəniyyətinə yaxşı bələd olan Məhəmməd Rza Pəhləvi ingilis və fransız dillərini mükəmməl səviyyədə bilsə də, sadə İran xalqından uzaq düşmüşdü. Şahın ən fəlakətli səhvi öz xalqına deyil, ona dost görünən xarici dövlət başçılarının vədlərinə güvənib öz xalqından ayrılmasi oldu. O dövlətlər üçünsə daimi olan ancaq öz  maraqlarıdır.

İran şahının ciddi-cəhdlə gizləməyə çalışmasına baxmayaraq, Sovet və amerikan xüsusi xidmət orqanlarının əməkdaşları onun 1975-ci ildən sağalmaz bədxassəli limfoma xəstəliyinə tutulduğundan xəbərdar olmuşdular. Mötəbər mütəxəssislərin ehtimallarına görə, İran şahının maksimum 5 il yaşamaq şansı qalmışdı. Hər iki ölkənin ağır çəkili strateqləri  gizli şəkildə, 1975-ci ildən etibarən İranda iqtidara gələ biləcək qüvvələri hesablamaqla məşğul idilər.

O zaman Şərq və Qərb blokunun avanqard gücləri ruhaniləri ciddi qüvvə olaraq görə bilməmişdilər. Onların çox asanlıqla ortadan qaldıra bilinəcəyini düşünmüşdülər. Şərq bloku yetkililəri şahdan sonra hakimiyyətə çox asanlıqla solcu təmayülün gələcəyini planlayır, bütün hesabları bu variant üzərində qururdular.

Qərb stratetləri isə əksinə, liberalların daha çox şanslı olacaqlarını ehtimal edirdilər.

Hər iki tərəf hadisələri öz axarına buraxmağı, ən yaxşısı,  seyirçi mövqedən olub-bitənləri izləməyi tərcih etdilər. İrandakı hadisələr özünün kulminasiya nöqtəsinə çatanda şah yardım üçün ürək qızdırdığı havadarına - ABŞ Prezidenti C. Karterə müraciət etdi. O da şahın  müvəqqəti olaraq ölkəni tərk etməsini məsləhət bildi. Lakin  məsləhət görən də, məsləhət alan da unutmuşdu ki, indi daha 1953-cü il deyil.

İqtidardan düşmüş şaha sığınacaq üçün bu dünyada yer verən tapılmadı. Ümidlə üz tutduğu Misirdə, Mərakeşdə, Bəhamda, Meksikada bir müddət sonra, "inciməyin, sizi daha burada saxlaya bilmərik" sözlərini eşidirdi.  Bədxassəli limfoma xəstəliyi şiddətlənincə, müalicə üçün ABŞ-a getsə də, orada da onun arzuolunmaz şəxs olduğunu söylədilər. Panama dövlətinin başçısı İran şahının siyasətini təqdir etməsə də, alicənablıq göstərib ona Panamada sığınacaq verdi.

Şah siyasi sığınacaq üçün  güvəndiyi İngiltərə baş naziri M. Tetçerə müraciət ünvanlasa da,  "Dəmir Ledi" müsəlman Şərqində Böyük Britaniyaya uzun müddət böyük dəstək verdiyinə görə ona təşəkkür etdikdən sonra təəssüf hissi ilə bildirmişdi ki, yeni yaranmış vəziyyətlə əlaqədar Böyük Britaniyanın İran şahına sığınacaq verməsi doğru olmaz. Baş nazir nəzakətlə sözünü belə tamamlamışdı ki, o inanır ki, şah bunu anlayışla qarşılayacaq.

Ümidi  qırılan şah təkrar Misirə qayıtdı və 27 iyul 1980-ci ildə, 60 yaşında  ikən Qahirədə vəfat etdi.

Şah və ailəsinin gedişinə tarixi şahidlik etmiş Tehranın məşhur Mehrabad hava limanı  iki həftə sonra Parisdən gələn başqa bir tarixi şəxsiyyətə qucaq açdı. Onun gəlişi ilə İranda tamamilə yeni ictimai-siyasi dövran başladı.

Milli.Az