Çin kinoteatrlarında kassa yığımı rekord həddə çatıb

11 Yanvar 2019 21:23

Çində kinoteatrların kassa yığımı ötən il 9 faiz artaraq 60,98 milyard yuana (8,88 milyard ABŞ dolları) çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, ölkə tarixində rekord göstəricidir. Keçən il kinoteatrlarda nümayiş olunan filmlərin sayı da artaraq 60 mini ötüb.

Bildirilir ki, 2018-ci ildə 3 yerli filmin hər birinin kassa yığımı 3 milyard yuanı (441 milyon dollar) keçdiyi halda, ilk onluqdakı xarici filmlər cəmi 2 milyard yuanlıq kassa yığımına nail olublar. Buna baxmayaraq, kinoteatrlarda nümayiş olunan filmlərin təxminən yarısı xarici istehsal olub.

Qeyd edək ki, son illər Çinin kino sənayesi sürətlə inkişaf edir. Ölkədə hazırda 9914 kinoteatrda 53 min 824 kinoekran fəaliyyət göstərir ki, bu da sayca dünyada ən çoxdur. Hazırda dünyanın ən böyük ikinci kino bazarı olan Çində kassa yığımı 2003-cü ildən bəri hər il orta hesabla 35 faiz çoxalır. Mütəxəssislər hesab edirlər ki, 2020-ci ildə Çində film nümayişinin kassa yığımının ümumi məbləği 15 milyard dollara çatacaq.

Milli.Az