Şahid: İstəmirdim ki, onu tutsunlar

10 Yanvar 2019 21:52

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Umuhani Nəhmətova ifadə verib.

O deyib ki, 2012-ci ilə qədər Şəhriyar qəsəbəsinin nümayəndəliyində çalışıb. Onun sözlərinə görə, bir müddət əvvəl əkin pulu almaq üçün idarəyə gedib:

"Orada Ağaqədir müəllimlə görüşdüm, onunla uzun müddət bir yerdə çalışmışdım. Sonra Ağaqədir müəllim mənə bir kağız gətirib, onu doldurmağımı xahiş etdi. Əvvəllər bu işə baxdığım üçün Ağaqədir müəllimin xahişini yerinə yetirdim".

Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran U. Nəhmətova həmin vaxt mərhum Minə Əhmədova ilə bağlı heç nə bilmədiyini deyib.

Prokuror söyləyib ki, şahid ilkin ifadəsində istintaqa bu barədə heç nə demədiyini vurğulayıb.

U. Nəhmətova isə "istəmirdim ki, Ağaqədir müəllimi tutsunlar, ona görə də heç nə söyləmədim", - deyə cavab verib.

Məhkəmə prosesi yanvarın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A. Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində üç nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.

Milli.Az