Azərbaycan cəmiyyəti - tolerantlıq nümunəsi

10 Yanvar 2019 14:23

Əsrarəngiz təbiətə, inkişaf etmiş infrastruktura malik, ov axtaranlarla "zəhərlənmiş" ənənəvi yay istirahəti regionlarının səs-küyündən uzaq olan Azərbaycan, həm də əhalisinin sakitliyi, tolerantlığı ilə seçilir. Bu, oraya səfəri, gəzintini turistlər üçün rahat işə çevirir.

Böyük təbii sərvətlərə, resurslara malik olan bu ölkə Çar Rusiyası, Osmanlılar, Səfəvilər, daha sonra isə Sovet İttifaqı kimi böyük regional güclərin rəqabət, mübarizə meydanı olub. Ötən əsrin 90-cı illərinin əvvəlində Sovet İttifaqından müstəqqillik əldə etmiş ölkə o vaxtdan Qərb standartlarına cavab verən dövlət quruculuğu, azad iqtisadiyyat və demokratiya yolunu seçib. Ötən illər ərzində Azərbaycan ciddi iqtisadi inkişafa nail olub. Nəticədə o, cəmi 20 ilə xaricdən kredit alan dövlətdən donor dövlətə çevrilib.

Azərbaycanda milli, dini və məzhəb baxımından müxtəlif xalqlar yaşayır. Lakin oraya səfər edən şəxs bu müxtəlif xalqların, dinlərin və ya məzhəblərin nümayəndələrini nə davranışlarından, nə özlərini ifadə tərzindən fərqləndirə bilir. Ölkə əhalisinin 95%-ni müsəlmanlar təşkil edir. Qalanları xristianlar, ortodokslar, Hindistan mənşəli Krişna dininin azsaylı nümayəndələri və sairdir.

Azərbaycanda savadlılıq səviyyəsi təxminən 97% təşkil edir.

Burada bir vaxtlar kommunist hakimiyyətinin, sonradan isə dünyəvi düzənin, həmçinin dini zəmində təhrikçiliyin qarşısını alan ciddi qanun-qaydanın sayəsində din və etiqad ümumi ictimai münasibətlərdə nəzərəçarpacaq dərəcədə rol oynamır. Cəmiyyət öz gündəlik həyatını yaşayır. Ölkədə dinin geyim və ya başqa zahiri əlamətlər "gözə girmir". Ümumi təhsildə də dini təlim proqramı yoxdur. Dini təhsil yalnız məscidlərdə, kilsələrdə və dini mərkəzlərdə verilir.

Azərbaycanda diqqətçəkən məsələlərdən biri də başqasını qəbul etmək səviyyəsi, müxtəlif xalqların, din və məzhəb nümayəndələrinin arasındakı tolerantlıq mühitidir. Məsələn, Bakıda yerləşən və Qafqazın ən böyük məscidlərindən olan Heydər məscidində sünni və şiə din xadimləri cümə namazlarında növbə ilə pişnamaz olur. Müxtəlif məzhəbdən olan müsəlmanlar oraya toplanır, birlikdə ibadət edir. Bu, ölkənin ayrı-ayrı bölgələrində də belədir.

Azərbaycanda müsəlmanların yas mərasimlərindəki adət-ənənələrdə də məzhəb fərqi yoxdur. Onlar eyni qəbiristanlıqda dəfn edilirlər.

Bununla yanaşı, hökumət cəmiyyətdə dini təzahürlərin ortaya çıxmasına qarşı zaman-zaman bir qədər sərt tədbirlər görür. İslamçılar isə dini azadlıqların artırılmasını istəyir.

Ərəb dünyasında rast gəlmədiyimiz bu unikal təcrübə geniş araşdırılmalı, dinin ictimai-siyasi həyatdakı sərhədləri öyrənilməlidir. Orada dinlə gündəlik həyat arasında müsbət harmoniya yaradan təcrübə var. Bu, cəmiyyətdə daxili ixtilaflara köklənmək əvəzinə, tolerantlıq və mehribanlıq mühitini gücləndirəcək.

Əlcəzair əl-cədidə, Əlcəzair
10.01.2019 

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az