Necə ibadət edək?

12 Yanvar 2019 19:50

İbadətin üsulunu Quran və Əhli-beytdən (ə) öyrənməliyik; necə ki, hər bir evin ünvanını ev sahibindən soruşmaq lazım gəlir. "Quran ayələri və məsumların hədisləri ən gözəl ibadət nəyi hesab edir və onu hansı səciyyələrlə tanıtdırır? " - sualının cavabını Quran və Əhli-beytdə (ə) tapmaq mümkündür. Beləliklə, din övliyalarının sözlərini yada salaq:

1. Agah ibadət:

Milli.Az maide.az-a istinadən bildirir ki, hədisdə deyilir: "Alimin iki rükət namazı cahilin yetmiş rükət namazından üstündür."[1]

Allahın Rəsulu (s) buyurur: "Namazın düşüncə və agahlıqla qılınan hissəsi qəbuldur."[2]

Agah namaz odur ki, insan nə etdiyini, nə dediyini, kiminlə danışdığını bilsin və qəlb iştirakı ilə Allahı düşünsün. Peyğəmbər (s) buyurur: "Diqqətlə qılınan iki rükət namaz düşünmədən bir gecə oyaq qalmaqdan üstündür."[3]

Qurani-Kərimdə buyurur: "Ey iman gətirənlər! Sərxoş halda namaza yaxınlaşmayın. Dediyinizi anlayanadək!"[4]

İmam Sadiq (ə) buyurur: "Hər kəs iki rükət namaz qılıb, kiminlə danışdığı və nə danışdığı haqda düşünərsə, günahları bağışlanar."[5]

2. Eşqlə ibadət:

Xəstə dadlı yeməkdən ləzzət almadığı kimi, həvəssiz ibadət edənlər də heç bir ləzzət almır. İbadət sönüklük, halsızlıq və yorğunluq yox, məhəbbət, şadlıq və ləzzətlə yanaşı olmalıdır.

Qəlbən vurğun insanlar ibadət zamanı xoş əhval-ruhiyyə əldə edirlər. Bu dəyər mərifət və düşüncə ilə əldə olunur. Məcburi ibadət səmərəsizdir. İmam Sadiq (ə) buyurur: "Məcburən ibadət etməyin."[6]

Böyük şəxsiyyətlərlə görüşə maraqlı olduğumuz kimi, Allahla görüşə, Onun dərgahına eşq dolu qəlblə gəlməliyik. Din övliyaları və məsumlar Allahla görüş vaxtını eşqlə gözləyirdilər. Onlar insanı heyrətə gətirəcək eşqlə namaz qılıb ibadət edirdilər.

3. Xalis ibadət:

İxlas gövhəri ibadətlərə dəyər və etibar verir. Riyakarlıq, şöhrətpərəstlik və avamları aldatmaq üçün edilən ibadət dəyərsizdir və qəbul olunmur. Quran-Kərimdə buyurulur: "Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamətə) ümid bəsləyirsə, Ona etdiyi ibadətə heç kəsi şərik qoşmasın!"[7]

İmam Rza (ə) buyurur: "Hər kim ibadətini cəmiyyətə göstərib özünü tanıtdırırsa, onun dininə bədbin olun."[8]

Bu cür şəxslər dindən xalqı aldatmaq üçün istifadə edirlər. İxlasla olmayan ibadət cansız bədən kimidir. Quran-Kərimdə buyurulur: "Xalqa yalnız xalis dillə Allaha ibadət etmək tapşırılıb."[9]

4. Xüşu ilə ibadət:

Xüşu Allahı qəlbən düşünmək və Onun əzəmətinə uyğun hal tapmaqdır. Allaha pərəstiş Onun əzəmətini düşünmək və qarşısında kiçiklik, ehtiyac hiss etməklə yanaşı olmalıdır. Quran möminlərin sifətlərini "namazda xüşu" ilə bəyan edir: "O kəslər ki, namazlarında müti olub boyun əyərlər!"[10] İbadət edən şəxsin vücudunu mütilik (xüşu) əhatə etməlidir. Bu halı əldə etmək üçün namazqılan şəxs elə ibadət etməlidir ki, sanki Allahı görür. Namazqılan şəxs Allahın əzəməti və qüdrəti qarşısında öz kiçikliyini hiss etməlidir. Hədisdə buyurulur: "Allaha elə ibadət et ki, guya Onu görürsən."[11] Başqa bir hədisdə buyurulur: "Namazı vaxtında və sonuncu namazın kimi qıl. Elə zənn et ki, namaz və dünya ilə xudahafizləşirsən."[12]

5. Gizli ibadət:

İnsan şeytanın tələsindən sığortalanmayıb. İbadət bir çox hallarda təkəbbür, riya və özününümayişlə puç olur. Bu bəladan uzaqlaşmaq üçün gizli ibadət lazımdır. Allahın Rəsulu (s) buyurur: "Gizli ibadətin mükafatı daha böyükdür."[13] Əlbəttə, bu İslamın aşkar ibadət (cümə, həcc və camaat namazı kimi) göstəriş vermədiyi hallara aiddir. Çünki məsciddə qılınan camaat namazı evdə qılınan fərdi namazdan üstündür. Gizli ibadət bir çox hallarda riya və ibadətin puç olmasının qarşısını alır.

İbadət yox, bəndəlik!

Qeyd eməliyik ki, qəlbən qəbul edilməyən zahiri ibadətlər dəyərsizdir. Bəndə Allahın göstərişləri qarşısında qeyd-şərtsiz təslim olmalı, şəxsi istəklərini kənara qoymalı və xalqın xoşuna gəlib-gəlməyəcəyinə etina göstərməməlidir. Bu nə üçün-niyəsiz təslim olma ibadətin fəlsəfəsi olan bəndəlikdir.

İblis keçmiş ibadətlərinə baxmayaraq bəndəlik ruhiyyəsi olmadığından, həzrət Adəmə (ə) səcdə etmədi, Allahın göstərişindən boyun qaçırıb kafir oldu.

Xalqın peyğəmbərlərin dəvətindən boyun qaçırıb təkəbbür göstərmələrinin səbəbi onlarda bəndəlik və təslimçilik ruhiyyəsinin olmaması və nəfslərinə tabe olmaları idi. Qurani-Kərimdə buyurulur: "Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmirdinizmi?!"[14]

"Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam bir itaətlə Allahın hökmünə təslim olmayınca (həqiqi surətdə) iman gətirmiş olmazlar."[15]

Demək, insanın razılığı, təslimçilik və bəndəçiliyindən qaynaqlanan ibadət dəyərlidir. İbadət özünə bəndəlik və nəfsə tabeçilik yox, Allaha bəndəçilikdir.

İlkin İslam dövründə müsəlmanlara cihad hökmü gələrkən bəziləri deyirdilər: "Nə üçün bu göstəriş bir müddət təxirə salınmayıb indi gəldi?" "Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın..."[16] Qiblənin Beytül-Müqəddəsdən Kəbəyə doğru dəyişilməsi hadisəsində bəziləri dedilər: "Niyə? Quran belə cavab verir: "Kimin peyğəmbərə itaət edəcəyini və kimin geri qayıdacağını (ağız əyəcəyini) bilmək üçün."[17]

Təslimçilik və bəndəçiliyin kamil nümunəsini İbrahim və İsmailin əhvalatında görürük ki, həm ata Allahın göstərişinə tam itaət edib övladını qurbangaha aparır, boğazına bıçaq çəkir; həm də İsmail deyir: "Ey ata, göstəriş veriləni yerinə yetir."[18]

İbrahim (ə) müti və təslim bəndənin kamil nümunəsidir. İstər övladını qurban etməkdə, istər Hacər və İsmaili Məkkənin susuz çöllərində tənha buraxmaqda, istər Nəmrudun oduna atılmağa hazır olmaqda! ("Namazın sirləri", Ustad Möhsün Qəraəti, səh.8-11.)

[1] "Səfinətul-bihar", "Əbd" kəlməsi.

[2] "Muhəccətul-bəyza", 1-ci cild, səh.366.

[3] "Biharul-ənvar", 84-cü cild, səh.259.

[4] "Nisa" surəsi, ayə 43.

[5] "Vafi", 2-ci cild, səh.10.

[6] "Üsuli-kafi", 2-ci cild, səh.83.

[7] "Kəhf" surəsi, ayə 110.

[8] "Biharul-ənvar", 70-ci cild, səh.252; "Vəsailuş-şiə", 1-ci cild, səh.58.

[9] "Bəyyinə" surəsi, ayə 5.

[10] "Muminun" surəsi, ayə 2.

[11] "Misbahuş-şəriət", səh.8.

[12] "Biharul-ənvar" 84-cü cild, səh.233.

[13] "Biharul-ənvar", 70-ci cild, səh.251.

[14] "Bəqərə" surəsi, ayə 87.

[15] "Nisa" surəsi, ayə 65.

[16] "Nisa" surəsi, ayə 77.

[17] Bax: "Bəqərə" surəsi, ayə 143.

[18] Bax: "Saffat" surəsi, ayə 102.

Milli.Az