Müraciət üçün ünvanı düzgün qiymətləndirmək

12 Yanvar 2019 20:20

Bütün dini təlimlərimiz bizə tövsiyə edir ki, Allahdan qeyrisinə etimad etməyək. Tək söykənə biləcəyimiz varlıq - Uca Allah olmalıdır. Çünki Allah hər şeyə qadir və qüdrət sahibidir. Elə bir şey yoxdur ki, Allah ona qadir olmasın. Ona görə də həqiqi qadir olan tək Varlıq yerinə, özün kimi ehtiyaclı birinə etimad etməyin nə qədər məntiqli olar?!

"De: "Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti)Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən"". ("Ali-İmran" 26).

Allah Təala bu ayədə Peyğəmbərinə (s) əmr edir ki, ancaq Ona etimad etsin. Çünki o, qüdrət sahibidir və hər şeyə qadirdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quranda başqa yerdə buyurulur: "Və Allahdan başqa sənə fayda verməyən və ziyan yetirməyən şeyi (Allah kimi)çağırma ki, əgər belə etsən, onda mütləq zalımlardan olacaqsan". ("Yunus" 106).

"Və zülm edən kəslərə ürək bağlamayın, meyil etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz". ("Hud" 113).

İmam Baqir (ə) buyurur: "Zalımlara söykənməyin ki, atəşin sizi əhatə etməsinə səbəb olar. Həmin halda Allahdan başqa vəli və rəhbər tapmayacaqsınız və yardım olmayacaqsınız".

İmam Baqir (ə) başqa yerdə buyurur: "Allahdan başqa pənah tutmayın ki, mömin olmazsınız".

Ona görə də hər kim Allahı və özünü tanıyar, yaxşı bilər ki, kimə etimad edib, söykənmək lazımdır. Kimdən lazım olanda yardım istəmək lazımdır. Bu dünya - Allahın məxluqudur və bu dünyada olanların hamısı da həmçinin. Ona görə də Allahdan qeyrisinə pənah aparmaq cahil və nadanların işidir, aqillərin deyil.

"Göylərin və yerin gizli sirləri Allaha məxsusdur (Onun mülk, qüdrət və elminin əhatəsindədir) və (varlıq aləmində)bütün əmrlər və işlər (səbəb-nəticə qanunu yolu ilə) Ona qayıdır. Buna görə də Ona ibadət et və Ona təvəkkül et. Və Rəbbin etdiklərinizdən əsla xəbərsiz deyildir". ("Hud" 123).

Milli.Az