ABŞ vətəndaşı 6 aydır İranda həbsdədir - FOTO

9 Yanvar 2019 19:37

İran 6 aya yaxındır 46 yaşlı ABŞ vətəndaşı Maykl Uaytı saxlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, o, 2018-ci ilin iyulunda qızına baş çəkmək üçün İrana uçub.

Bildirilib ki, ABŞ-ın Kaliforniya ştatının sakininin nədə ittiham olunduğu məlum deyil.

Maykl Uaytın anası bildirib ki, oğlu iyulun 27-də qayıtmalı imiş: "Oğlum xərçəng və astma xəstəsidir. Onu çox görmək istəyirəm".

ABŞ Dövlət Departamentindən CNN telekanalının sorğusuna cavab olaraq bildirilib ki, M.Uaytın xaricdə saxlanılmasından xəbərdardırlar: "ABŞ vətəndaşının təhlükəsizliyi bizim üçün vacib məsələdir".

Məlumata görə, İran ABŞ-ın daha 3 vətəndaşını saxlayıb. Onlardan biri 12 ilə yaxındır İranda itkin düşüb.

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo ötən ilin dekabrında "Twitter" səhifəsində ölkəsinin vətəndaşlarının İranda saxlanılmasına görə Tehran hakimiyyətini günahlandırıb: "İran hakimiyyəti girov götürdüyü ABŞ vətəndaşları Robert (Bob) Levinson, Siyamək Nəmazi və Jiao Vanqı dərhal azadlığa buraxmalıdır".

Xatırladaq ki, 2007-ci ilin mart ayında ticarət məqsədilə İslam Respublikasına səfər etmiş Federal Təhqiqat Bürosunun keçmiş əməkdaşı Robert Levinson İranın Kiş adasında yoxa çıxıb. Rəsmi Tehran onunla bağlı məlumatsız olduğunu iddia edir. Levinsonun bu fotosunun İran həbsxanasında çəkildiyi bildirilib. 

Milli.Az