Sabiq nazirin qardaşı: "Bu işin qazancı 80 min dollar idi. Mən də buna görə 220 min istəyirdim"

9 Yanvar 2019 18:15

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Habil Cəfərov ifadə verib.

O, zərərçəkmiş Rəşad Tahirovun dostu olduğunu deyib. Şahid bildirib ki, R.Tahirov ondan borca 40 min dollar pul istəyib: "O, Əvəz Əhmədovun ondan hədə-qorxu ilə pul tələb etdiyini dedi. Mən bu hadisəyə qədər Əvəz Əhmədovu tanımırdım, amma adını eşitmişdim. Rəşad dedi ki, Əvəz həkimin 220 min dollar borcunu ondan istəyir. Mən də Əvəz müəllimə zəng edib, görüşmək istədiyimizi dedim. Ora gedəndə Əvəz müəllimə "axı borc 140 min manatdır, niyə 220 min dollar istəyirsiniz?" sualını verdim. Biz 140 minə razılaşıb gəldik".

Suallara cavab verən Habil Cəfərov həmin görüşdə Əvəz Əhmədov tərəfindən heç bir hədə-qorxu ilə qarşılaşmadıqlarını qeyd edib.

Amma şahidin ibtidai istintaqda fərqli ifadə verdiyi məlum olub. H.Cəfərov istintaqda deyib ki, R.Tahirov ona Ə.Əhmədovun ailəsini və özünü məhv edəcəyini bildirib. H.Cəfərovun bu epizod üzrə suallara cavabında ziddiyyətlər yaranıb. H.Cəfərov sonda söyləyib ki, R.Tahirov ona Ə.Əhmədov tərəfindən ailəsinin məhv ediləcəyi ilə bağlı da hədə-qorxu gəlib.

Ə.Əhmədovun vəkili şahidin çoxsaylı ziddiyyətli ifadələr səsləndirdiyi üçün şahidlər siyahısından çıxarılmasını istəyib. Hakim bildirib ki, şahidin ifadələrinə müşavirə otağında qiymət veriləcək.

Prosesdə hakim Ə.Əhmədova sual verərək soruşub ki, Rəşad Tahirovdan 220 min dollar tələb etdiyin halda, bu məbləği niyə 140 min dollara endirmisən.

Ə.Əhmədov isə söyləyib ki, ondan armatur satışı üçün 140 min dollar istəyiblər: "Bu işin qazancı 80 min dollar idi. Mən də buna görə 220 min istəyirdim. Sonra Habil də gəldi, danışdıq. Mən qazancımdan keçdim və öz halal pulumu istədim. Onlara qarşı insanlıq etmişəm. Rəşada hədə-qorxu gəlməmişəm".

Daha sonra məhkəmədə şahid qismində Sahil Allahverdiyev dindirilib. O, R.Tahirovun dostu olduğunu deyib.

Məlum olub ki, R.Tahirov S.Allahverdiyevdən də borc alıb.

S.Allahveridyev bildirib ki, R.Tahirova 55 min dollar borc verib və hazırda həmin borcun bir qismini geri ala bilib.

Prosesin davamında hakim zərərçəkmiş şəxslərə sual verərək təqsirləndirilən Ə.Əhmədovdan şikayətçi olub-olmadıqlarını soruşub.

Hörmət Əskərov heç bir şikayət və tələbinin olmadığını bildirib.

Zərərçəkmiş R.Tahirov isə Ə.Əhmədovun həbs edilməsini istəmədiyini, lakin maddi zərərinin ödənilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.

H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə.Əmədov bir neçə dövlət orqanında çalışıb. 

Milli.Az