Almaniyada taraqqalar qadağan edilə bilər

9 Yanvar 2019 21:39

"Deutsche Umwelthilfe" ekologiya təşkilatı Almaniyanın iri şəhərlərində taraqqaların müəyyən növlərinin qadağan edilməsi kampaniyasına başlamaq niyyətindədir.

Təşkilatın rəhbəri Yurgen Reş "Berliner Zeitung" qəzetinə müsahibəsində şəhər hakimiyyət orqanlarını hədələyərək bildirib ki, kompromis əldə edilməsə, məhkəməyə müraciət olunacaq. O deyib: "Biz havasının çirklənmə səviyyəsi yüksək olan şəhərlərin bələdiyyələrini ətraf ərazilərdə peşəkarcasına hazırlanmış atəşfəşanlıq təşkil etməyə çağırırıq. Axı peşəkarcasına təşkil edilmiş pirotexnik şou həvəskarların şousundan daha təhlükəsiz, ətraf mühit üçün isə daha ziyansızdır".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Deutsche Umwelthilfe" təşkilatı Almaniyanın bəzi şəhərlərinin küçələrində dizel mühərrikinin köhnəlmiş tipi ilə işləyən avtomobillərin hərəkətinin qadağan edilməsinə dair iddia üzrə məhkəmədə qələbəsindən sonra ölkədə böyük populyarlıq qazanıb.

Milli.Az