Çətin müalicə olunan xəstəlik

9 Yanvar 2019 22:58

Parazitar xəstəliklər arasında lyamblioz geniş yayılan və çətin müalicə olunan xəstəliklərdəndir. Lyambliya ölçüsü 5-10 mkm olan birhüceyrəli ibtidaidir, vegetativ və sist formalarda olur.

Milli.Az bildirir ki, lyamblioz haqqında məlumat verən həkim-infeksionist Aynur Məmmədova AZƏRTAC-a verdiyi müsahibədə infeksiya mənbələrini və xəstəliyin kliniki əlamətləri haqqında deyib: "Lyamblioz su, qida məhsulları və məişət-təmas yolu ilə yayılır. Uşaqlar arasında yoluxma əsasən çirklənmiş oyuncaqlar, məişət əşyaları və yataq dəstləri vasitəsilə baş verir. Meyvə-tərəvəz vasitəsilə də lyambliozların yayılması mümkündür, bəzi həşəratların, xüsusən də milçək və tarakanların ayaq və bağırsaqlarında lyambliya sistlərinin aşkar olunması xəstəliyin onlar tərəfindən yayılma ehtimalını da istisna etmir.

Əsasən klinik əlamətlərsiz davam edən lyamblioz zamanı yalnız 10-12 faiz xəstələrdə simptomatikaya rast gəlmək olur. Klinik əlamətlər yoluxmadan 15-20 gün sonra müşahidə edilir, 1-2 gün davam edərək yarımkəskin, sonra isə xroniki formaya keçərək mütəmadi kəskinləşmələrə səbəb olur. İlkin əlamətlərə ürəkbulanma, bəzən qusma, bağırsaqlarda köp, epiqastral nahiyədə tutma şəkilli ağrılar və nəcis ifrazının pozulması aiddir. Bəzi hallarda xəstələrdə üzdə və bədəndə allergik səpgilər, dəridə qaşınma, ağır hallarda isə yuxarı tənəffüs yollarının xəstəlikləri olanda bronxial astma tutmalarına bənzər tutmalar müşahidə edilir.

Uşaqlarda lyamblioz əsasən nevroloji simptomlarla özünü büruzə verir, xəstəliyə yoluxan uşaqlar adətən çox inadkar, əsəbi olur və gecələr pis yatırlar. Həmin əlamətlərlə yanaşı uşaqlarda mədə-bağırsaq pozulması halları da müşahidə olunur. Qəbizlik, anemiya, kolit, mədə və onikibarmaq bağırsaq iltihabının səbəblərindən biri məhz lyamblioz ola bilər".

Həkim-infeksionist deyib: "Lyambliyalar əsasən nazik bağırsaq xovlarında yerləşərək həzm və sorulma proseslərini pozur və disbakteriozun əmələ gəlməsi ilə nəticələnir. Lyamblioz fonunda formalaşan disbakterioz zamanı bağırsaqlardan yağ, vitamin, karbohidrat və zülalların sorulmasında pozulma baş verməsi orqanizmin immun sisteminin aşağı düşməsi, yanaşı gedən xəstəliklərin kəskinləşməsi və ikincili infeksiyaların inkişaf etməsinə səbəb olur.

Xəstəliyin diaqnozu yalnız nəcis və onikibarmaq bağırsaq möhtəviyyatının müayinəsinə əsasən qoyulur, yəni nəcisdə lyambliya sistlərinin aşkar edilməsi diaqnozu təsdiqləyir. Nəcis və bağırsaq möhtəviyyatı götürüləndən sonra 15-20 dəqiqəyədək müayinə edilməlidir, əks halda lyambliya sistlərinin məhv olması nəticəsində onu aşkar etmək qeyri-mümkündür.

Ən səmərəli müalicə üsulu dərman preparatlarının tətbiqidir. Onları təyin edərkən dərmanın əlavə təsirləri, xəstənin yaşı, çəkisi və yanaşı gedən xəstəliklər mütləq nəzərə alınmalıdır. Bununla yanaşı kompleks müalicədə antiparazitar və ödqovucu təsirli bitki yığıntılarından da istifadə olunur.

Lyambliozun profilaktikasında əsas məsələ şəxsi gigiyena qaydalarına riayət etməkdən ibarətdir. Uşaq bağçaları, məktəblər və evlərdə mikrobioloji cəhətdən təmiz sudan istifadə edilməlidir. Yaxşı yuyulmamış meyvə-tərəvəz və çirkli əllər lyamblioza yoluxmaya səbəb olur. Əvvəlcə lyamblioza dəqiq diaqnoz qoyan elmi mərkəzlərə müraciət etmək və diaqnozun dəqiqliyinə əmin olandan sonra müalicəyə başlamaq və onu uzunmüddətli olmayan kurslar şəklində aparmaq lazımdır".

Milli.Az