Cənub bölgəsinin mətbəxində ən dadlı təamlardan biri

11 Yanvar 2019 07:00

Ölkəmizin cənub bölgəsinin bənzərsiz mətbəxi həmişə öz zənginliyi ilə seçilir. Bölgədə təkcə düyüdən 21 növ plov hazırlanır. Düyüdən hazırlanan yeməklər içərisində ən qədimi düyü löküsü hesab edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yüksək kalorili təamlardan olan, qədimdə od üzərində bişirilən düyü löküsü bir az müasirləşsə də, əvvəlki dadını itirməyib.

Lökünün hazırlanma qaydası çox sadədir: yağ, süd, yumurta, duz, şəkər tozu, düyü və sarıkök qarışdırılır və tavada bişirilir.

Dörd nəfərlik lökü üçün bir gün əvvəl isladılmış və əl daşından keçirilmiş 800 qram düyüdən alınan una 1 stəkan kərə yağı, 2 stəkan süd, bir qaşıq şəkər tozu və duz, 3 ədəd yumurta əlavə edilir.

Düyü löküsü iki növ undan - qarğıdalı və düyü unundan bişirilir. Qarğıdalı unundan hazırlanan lökü daha dadlı olur.

Bu dadlı və kalorili yeməyi adətən səhər saatlarında şirin çayla yeyirlər.

Milli.Az