Öz xadiməsi ilə evlənən Stiven Hokinq - Ona niyə Nobel mükafatı verilmədi?

9 Yanvar 2019 22:55

Bu gün müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri Stiven Hokinqin doğum günüdür

Hokinq 1942-ci ildə Oksfordda anadan olub. 1962-ci ildə Oksford Universitetini bitirib və nəzəri fizika ilə məşğul olmağa başlayıb. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü biruzə verir. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirir.

Həmin dövrdən bəri fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlayır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ alinin şəhadət barmağı vasitəsi ilə verir.

Ağır xəstəliyə baxmayaraq, Hokinq aktiv həyat tərzi sürür, 2007-ci ildə o, hətta xüsusi hazırlanmış kostyumda çəkisizlik şəraitində uçuş həyata keçirir.

Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o həmçinin qara dəlikləri araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atmışdır. Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar.

Milli.Az ötən il 76 yaşında dünyasını dəyişən dahi astrofizikin həyatından maraqlı faktları təqdim edir.

- Hokinq dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak etmişdir. 1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirmişdir. Giriş hissədə yazırdı:

"Mənə dedilər ki, kitaba salacağım hər bir düstür alıcıların sayını iki dəfə azaldacaq. Onda mən ümumiyyətlə düstursuz keçinməyə qərar verdim. Düzdür, hər halda bir düstüru - Eynşteynin məşhur E=mc² düsturunu yazmalı oldum".

- Stiven Hokinq 8 yanvar 1942-ci ildə Oksfordda dünyaya gəlmişdi. Qalileo Qalileyin ölümündən düz 300 il sonra.

- 22 yaşında Stivendə hərəkəti əlaqələndirən sinir hüceyrələrinin nadir xəstəliyi aşkar olunur. Birinci arvadı Ceyn ilə evlənməyə hazırlaşdığı dövrdə həkimlər onun çox yaşamayacağını proqnoz ediblər. Cütlüyün ailə həyatı 26 il davam edib, onların 3 övladı doğulub.

- Məktəbdə Stiven orta səviyyədə oxusa da riyaziyyatda yaxşı nəticələr əldə edirdi və əlavə olaraq kimya ilə maraqlanırdı. 9 yaşında olanda onun dərslər üzrə qiymətləri sinifdəki ən bərbad qiymətlər idi. Buna baxmayaraq, müəllimlər onun dahiliyinə inanırdılar. Buna görə də məktəbdə o, "Eynşteyn" ləqəbinə layiq görülmüşdü.

- Atası istəyirdi ki, Stiven tibb ilə məşğul olsun. Lakin Stivenin biologiyaya həvəsi yox idi. O, biologiyanı həddindən artıq dəqiq olmayan bir elm hesab edirdi. Nəticədə o, Oksfordda hissəciklərin nəzəriyyəsi və kosmologiya ilə məşğul olmağa başladı. Belə ki, bu sahələr insanlar tərəfindən az öyrənilmişdi və böyük imkanlar vəd verirdi.

- Kral Cəmiyyətinin görüşündə Stiven birdən məşhur astrofizik Fred Hoylun mühazirəsini dayandırmışdır. O bunu Fredin səhv etdiyini söyləmək üçün etmişdi. Onun bu səhvi necə tapdığını soruşduqda isə belə cavab vermişdi: "Sadəcə olaraq mən bütün bunları başımda hesabladım".

- 1970-ci illərdə Stiven öz əsas kəşflərini etmiş və bəlkə də kosmologiyaya ən vacib töhfəni vermişdi: Hokinq şüalanmalarının kəşfi (qara dəliklər enerji ifraz edir və həmin enerji bitənə qədər bu proses davam edir).

- 1980-ci illərdə Stiven professor Ceyms Hartle ilə birlikdə zaman və məkanda sərhədlərin olmadığı kainat modelini təqdim etmişdi. Həmin kainat konsepsiyası həmçinin Stivenin "Zamanın qısa tarixi" kitabında da əks olunmuşdu. Həmin kitab bütün dünya üzrə 25 milyonluq tirajla satılmışdı. Stiven kainatı Yer kürəsinə bənzədirdi. Belə ki, Yer kürəsinin hansı nöqtəsinə gedirsən get onun kənarı yoxdur. Lakin planet yalnız ikiölçülü fəzada, kainat isə dördölçülü fəzada mövcuddur.

- 1985-ci ildə Stiven pnevmoniya xəstəliyinə tutuldu. Onun vəziyyəti o dərəcədə ağır idi ki, həkimlər onun həyatı dəstəkləyən aparatla əlaqəsini dayandırmaq istəyirdilər. Həyat yoldaşı Ceyn bu fikirdən imtina etmişdi. Nəticədə Stivenin həyatını qurtarmaq üçün onun üzərində traxeotomiya əməliyyatı aparılmışdı. Bu əməliyyat nəticəsində o, danışa bilmək qabiliyyətini itirdi və həmin vaxtdan insanlarla səs sintezatoru vasitəsilə ünsiyyət saxlamağa başladı.

- 1995-ci ildə Hokinq ona baxan xadimələrdən biri ilə Elaine Mason adlı qadınla evlənir. Onlar 11 il evli olduqdan sonra boşanıblar.

- Stiven elm dünyasının pop-ulduzu hesab olunurdu. Müxtəlif vaxtlarda o, "Simpsons", "Star Trek", "Big Bang Theory" kimi layihələrdə iştirak etmişdi.

- Baxmayaraq ki, Stiven çoxlu sayda nüfuzlu elmi və ictimai mükafatlara sahibdir, sağ ikən Nobel mükafatını ala bilmədi. Oksfordda 30 il ərzində o, İsaak Nyutonun çalışdığı kafedrada çalışdı.

- 2007-ci ildə Hokinq iflic xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, xüsusi təyyarədə yaradılmış çəkisizlik vəziyyətini sınayan dünyada ilk insan olub. Bundan sonra o deyib: "Bəşəriyyət kosmosa çıxmasa, gələcəyi olmayacaq".

- Stiven Hokinq riyaziyyat və elm sahəsində bir çox mükafatlara layiq görülüb, 2009-cu ildə ABŞ prezidenti Barak Obama alimi Azadlıq Prezident Medalı ilə təltif edib. (publika.az)

Milli.Az