Misirdə turizmin inkişafına dair yeni konsepsiya hazırlanıb

9 Yanvar 2019 23:39

Misirin Turizm Nazirliyi ölkədə turizmin inkişafına dair yeni konsepsiyanı təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misirin turizm naziri Raniya Maşatın sözlərin görə, turizmin beş əsas istiqamət üzrə inkişaf etdirilməsi nəzərdə tutulur: inzibati və kadr islahatları, ölkənin rebrendinqi, yeni bazarlara çıxış, birbaşa sərmayələrin cəlb olunması və qanunvericilik bazasının təkmilləşdirilməsi.

Nazir əlavə edib ki, beynəlxalq sərgilərdə daha fəal iştirak etmək və sosial şəbəkələrdə geniş təbliğat aparmaq ölkəyə turist axınını təmin edilməsinin ən optimal yollarıdır. Onun sözlərinə görə, yeni bazarlara çıxış Asiya və Şərqi Avropa ölkələrinə, xüsusən Ukrayna, Çin və Hindistana diqqətin artırılmasını, habelə Fars körfəzi ölkələrində marketinqin genişləndirilməsini nəzərdə tutur.

Misirin Turizm Nazirliyi, həmçinin otel şəbəkəsini yaxşılaşdırmağı və problemli kurortların əsaslı təmiri üçün birbaşa sərmayə fondunun yaradılmasını planlaşdırır. Eyni zamanda, dövlət orqanları otellərin qiymət siyasətinə müdaxilə etməyəcək.

Milli.Az