Dilənçilik, yoxsa sənət? - Küçə musiqiçiləri - VİDEO - FOTO

9 Yanvar 2019 19:25

Bir zamanlar rəqsləri, ifaları ilə insanları ətrafına toplayıb pul qazanan hindlilər Amerikaya köç edəndən sonra bu ənənə dəb halını aldı və dünya ölkələrində küçə incəsənəti adlı yeni anlayışı yaratdı. Bu gün ölkəmizdə küçə incəsənətinin ən geniş yayılan növü isə məhz küçə musiqisidir.

Milli.AZ bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Yaz-yay, payız-qış demədən metro yaxınlığında, dənizkənarı bulvarda, ən çox da paytaxt keçidlərində onlara rast gəlirik. Ətraflarında isə maraq dolu baxışlar.

Gülnaz Abdullazadə - Musiqişünas: "Hələ onların imkanı yoxdur geniş səhnəyə geniş publika qarşısına çıxsınlar, zallarda ifa etsinlər. Bu, o qədər asan iş deyil".

Dünya ölkələrində bu ənənə böyük maraqla qarşılansa da, bizdə hələ də münasibətlər birmənalı deyil. Elə şəhər sakinlərinin fikirləri kimi.

Sakin: "Efirə çıxır başqaları, bunlar da bacardığını edir".

Sakin: "Bu, nə musiqidir ki? Onların səviyyəsi aşağıdır".

Sakin: "Bilmirəm başqaları nə fikirləşir, mənim münasibətim çox yaxşıdır".

Qəribədir ki, bir zamanlar özlərini tanıtmaq üçün həvəslə kamera önünə keçən küçə ifaçıları kameramızı, mikrofonumuzu uzaqdan görən kimi bəziləri ifalarını dayandırdılar, bəziləri də, sözün əsl mənasında, şələ-küləsini yığıb bizdən uzaqlaşdılar. Səbəbini soruşduqda isə icazə vermirlər dedilər. "Kim" və "niyə" suallarımızın cavabları isə müəmmalı qaldı.

Lakin çətin də olsa cəhdimiz nəticə verdi. Gənc ifaçı Elnur Bayramovla nəinki söhbət etdik, həm də canlı ifasını da dinlədik.

Musiqçi: "İnsanlar dənizkənarında oturanda sakit qulaq asırlar. İndi həvəskar kimiyəm, amma professionallığa doğru getmək istəyirəm".

Gülnaz Abdullazadə - Musiqişünas: "Mən hesab edirəm ki, yerin altından çıxmaq vaxtı gəlib çatıb. Onlara imkan yaratmaq lazımdır, misal üçün, bizim "Tarqovı" küçəmiz - bəzi yerlərdə onlar oturub rahat öz ifalarını nümayiş elətdirə bilərdilər".

Çalışaq küçə musiqiçilərini adı kimi "dırnaqarası küçə ifaçıları" səviyyəsinə endirməyək, əksinə elə təəssürat yaradaq ki, bu üsul dünya ölkələrində olduğu kimi bizdə də peşəkar və sağlam rəqabətə köklənsin.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dilənçilik, yoxsa sənət? - Küçə musiqiçiləri