Səfirlik: "Gürcüstanda baş verən yol qəzasında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur" - YENİLƏNİB - VİDEO - FOTO

9 Yanvar 2019 22:19

22:19

22:19

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşınının törətdiyi qəza nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycanın Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfirinin konsulluq məsələləri üzrə birinci katibi Elçin Məmmədov deyib.

Onun sözlərinə görə hadisə ilə bağlı səfirlik nümayəndələri araşdırma aparıb, hadisə yerində olublar: "Şəxsən özüm hadisə yerində olub, xəsarət alanlarla görüşmüşəm. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və xəsarət alanlar Gürcüstan vətəndaşlarıdır. Yəni Azərbayca əsilli Gürcüstan vətəndaşlarıdır. Dünyasını dəyişən şəxs Bolnisi rayon sakinidir. Mərhumun dəfn mərasimi sabah olacaq. Yaralananlar isə Bolnisi və Marneuli rayon sakinləridir. Mətbuatda həmin şəxslərin Azərbaycan vətəndaşları olması barədə yanlış məlumat verilib. Hadisə ilə bağlı bütün məsələlər nəzarətimizdədir. Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində oldum və məsələnin Azərbaycan tərəfinin marağında olduğunu bildirdim. Biz hadisəni törədən şəxsin qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını diqqətdə saxlayacağıq".

E. Məmmədov bildirib ki, hadisə təcili tibbi yardım avtomobilinin sürücüsünün yuxulu olması nəticəsində baş verib: "11 nəfər Azərbaycan əsilli Gürcüstan vətəndaşı bu gün səhər saat 07: 50-də işlədikləri tikinti şirkətinə daxil olarkən təcili yardım avtomobili sükan arxasında yatdığından avtomobili həmin şəxslərin üstünə sürüb. Hadisə nəticəsində 1 soydaşımız dünyasını dəyişib, 10 nəfər ağır xəsarət alıb".

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

---------

15:58

Yanvarın 9-da Tbilisinin Çavçavadze küçəsində baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub. Ölən gənc yerli azərbaycanlı - Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kənd sakini Babək Həsənovdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yaralanan şəxslər də yerli azərbaycanlılardır. Onlardan birinin ayağı amputasiya olunub, digər yaralılardan birinin də vəziyyəti ağırdır. O, başından xəsarət alıb.

Məlumat üçün qeyd edək ki, yanvarın 9-da təcili tibbi yardım avtomobili Tbilisinin Çavçavadze küçəsində idarəetməni itirərək tikintisi davam edən çoxmərtəbəli binanın qarşısındakı balaca yardımçı tikiliyə çırpılıb. Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralananlardan biri təcili tibbi yardımının sürücüsüdür.

Azərbaycanın Gürcüstandakı səfirliyi məsələni diqqətdə saxlayır. Hadisənin təfərrüatları araşdırılır.

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb.

----------
13:33

Tbilisidə təcili tibbi yardım maşını Çavçavadze prospektində işçiləri vurub. Sputnik Gürcüstan "Rustavi2" telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alanların azərbaycanlılar olduğu bildirilir.

Qəza nəticəsində 12 nəfər yaralanıb, onlardan biri ölüb. Xəsarət alanlar arasında həm işçilər, həm də təcili tibbi yardımın personalı da var.

İlkin ehtimallara görə, sürücü sükan arxasında yatıb, maşın yolun hərəkət hissəsindən çıxaraq işçiləri vurub. İnsident işçilərin tikilən obyektin qarşısında toplaşdığı vaxt baş verib. Təcili tibbi yardım maşını xəstə aparırmış.

Faktla bağlı cinayət işi başladılıb. Sürücü 4 -7 il müddəinə azadlıqdan məhrum edilə bilər.

----------

12:03

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşını ağır qəza törədib.

Milli.Az report-a istinadən xəbər verir ki, səhər saatlarında avtomobil prospektdə tikinti ərazisində yerləşən və tikintidə çalışan işçilərin olduğu köşkə çırpılıb.

Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanların təcili tibbi yardım briqadasının üzvləri və Azərbaycan vətəndaşları və ya yerli azərbaycanlıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyat olunub.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb. 

Azərbaycanın Gürcüstandakı səfirliyindən report-a bildirilib ki, qəza nəticəsində xəsarət alanların arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələlik məlumat daxil olmayıb.

Tikinti şirkətinin təhlükəsizlik üzrə meneceri Rati Tskitişvili isə jurnalistlərə bildirib ki, qəza zamanı xəsarət alanlar Gürcüstan vətəndaşlarıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Экипаж скорой помощи сбил граждан Азербайджана в Тбилиси