Atasını döyüşdə itirən oğlanın kar doğulan övladı üçün ölüm savaşı - FOTO

9 Yanvar 2019 10:39

Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (6-cı say) təqdim edir:

İndi sənin dövranındır

İdman filmlərinin ssenariləri hamısı bir-birinə bənzəyir. Standart olaraq zəif idmançının sonda güclənib, 7-ci saniyədə döşəmədən qalxıb, rəqibini nokaut etməsi ilə bitir.

"Krid" filminin ssenarisi də belədir. Amma kinoda idmançının şəxsi həyatının əks olunması, ailə qurması, övladının dünyaya gəlməsi, anası ilə münasibətlər filmi daha maraqlı edib.

Əfsanəvi "Rokki" filmlərinin davamı olan "Krid" kinosunun əcnəbi filmləri dəyərləndirmək baxımından yaxşı seçim olduğunu düşünürəm. Çünki filmin əvvəlki hissələri illər keçməsinə baxmayaraq hələ də maraqla izlənilir, obrazları sevilir.

Elə bu filmə də maraq qatan məşhur Rokki Balboa obrazıdır. Bu obrazı canlandıran Silvester Stallone sayəsində "Krid" filmi də xeyli izləyici kütləsi əldə edib. Hətta 2015-ci ildə çəkilən "Krid 1" uğurlu alındığına görə, 3 il sonra yenidən "Krid 2" çəkilib.

"Krid 2" "Rokki" filmlərinin davamıdır. Ssenarilər bir-biri ilə əlaqəli olsa da, əvvəlki filmlərə baxmadan da mövzunu anlamaq mümkündür.

Rokki filmlərinin sonuncusu 2006-cı ildə çəkilib. 2015-ci ildə rejisssor Rayan Kuqler əfsanəvi Rokki obrazına yenidən həyat verib. Rokki "Krid" filminin birinci hissəsində illər əvvəl döyüşdə öldürülən Apollo Kridin oğluna dərs keçib, onun ən ağır çəkili dünya çempionu olmasına kömək edib.

Filmdə Kridin oğlu olan Adonis obrazını aktyor Maykl B. Cordan canlandırıb. Birinci filmdə musiqiçi qıza aşiq olan Adonisin filmin ikinci hissəsində övladı dünyaya gəlib.

Kinonun təsirli səhnələrindən biri Adonisin övladının qüsurlu doğulması olub. O, eşitmə problemi olan qadınla münasibətdə olduğuna görə onun dünyaya gələn övladının da qulaqları zəif eşidib.

Adonis atasız böyüyən idmançı oğludur. O, birinci filmdə atası kimi, hətta ondan da yaxşı döyüşçü olduğunu sübut etsə də, ikinci filmdə onun gözündə qorxu var. Elə bu səbəbdən də o, ukraynalı döyüşçüyə, Draqoya uduzur. Amma onun uduzmasına səbəb təkcə qorxması deyil, Rokki Balboanın onu məşq etdirməməsidir.

Silvester Stallone filmdə baş rolda olmasa da, əsas rollardan birini oynayır. Ötən il ölüm xəbəri yayılan aktyorun yeni filmdə tamamilə yaşlandığı aşkar şəkildə görünür. Hiss olunur ki, aktyor hərəkət etməkdə çətinlik çəkir və kadrlar çox da asanlıqla lentə alınmayıb.

Sonda Stallonenin Krid ilə yumruğunu toqquşduraraq: "indi sənin dövranındır" deməsi filmin ən təsirli səhnələrindən biriydi. Sanki, rejissor bildirmək istəyirdi ki, bundan sonrakı filmlərdə Stallone olmayacaq. Kinodakı qələbə zamanı çəkilən kolleltiv şəkildə də o, arxada qalmışdı.

Filmin çəkilişi, kadr seçimi, işıqlandırma və səs effektləri çox yaxşıdır. Rejissor, operator, montaj işi Azərbaycan və Türkiyə filmləri ilə müqayisə olunmayacaq qədər möhtəşəmdir.

Ssenarinin standart və əvvəldən proqnozlaşdırıla bilən olmasına baxmayaraq film idmanla məşğul olmayan birində boksa həvəs yaradacaq gücə malikdir. Xüsusən də idman həvəskarları və boksçuların mütləq baxmalı olduqları filmlərdəndir.

Kinoteatrda filmi seyr edən və sehrinə düşən tamaşaçıların sonda davamlı alqışları da kinonun yaxşı olduğunu deməyə əsas verir.

Qeyd edim ki, filmin iMDb xalı 7.7-dir.  2 saat 10 dəqiqə davam edən kinonu Google istifadəçilərinin 96 faizi bəyənib. Çəkiliş üçün 153 milyon dollardan çox pul xərclənib.

Film sabahdan etibarən Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.
 
Milli.Az