Yer kürəsinin mıxları

10 Yanvar 2019 22:10

"Dağları (onun səthində) mıxlar (etmədikmi)?". ("Nəbə" 7).

"Və Yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrəməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu)". ("Nəhl" 15).

"(Allah) göyləri görə bilməyəcəyiniz bir sütunla yaratdı və (yer zəlzələlər ilə) sizi yırğalamasın deyə yerdə sabit, möhkəm dağlar bərqərar etdi və ora hər növ canlılardan yaydı. (Biz) göydən (yağış, qar və dolu şəklində) su nazil etdik, beləliklə yerdə gözəl və dəyərli bitkilərin hər cütündən bitirdik". ("Loğman" 10).

"Yerin onları silkələməməsi üçün yer üzündə möhkəm və sabit dağlar qoyduq və onda (yerdə və ya dağların arasında) geniş yollar yaratdıq ki, bəlkə (öz məqsədlərinə) yol tapdılar". ("Ənbiya" 31).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayələrdən göründüyü kimi, yerin mıxları - dağlardır. Allah Təala yeri sabit və möhkəm saxlamaq üçün uca dağlardan mıx kimi istifadə etmişdir və bunu Öz nurani ayələrində açıq şəkildə bəyan etmişdir.

Bildiyimiz kimi, yer daima hərəkətdədir və bəzən bu hərəkətlər nəticəsində zəlzələlər baş verir. Yuxarıdakı ayələr buyurur ki, əgər dağlar olmasaydı, bu zəlzələlərin sayı daha çox olardı. Çünki dağların ağırlığı və cazibə qüvvəsi zəlzələlərin qarşısını alır.

Yerin hərəkət etməsi nəzəriyyəsini Quran 14 əsr əvvəl xəbər vermişdi.

Bu, doğrudur ki, Qurandan əvvəl də bu nəzəri verən alimlər olmuşdur, ancaq insanlar bu alimləri kafir adlandırıb, onların nəzəriyyəsini qəbul etməmişdilər. Ancaq Quranın buyurduqları haqq olduğu üçün, hələ 14 əsr əvvəl insanlar yerin hərəkət etməsindən agah olmuş və bu sahədə müəyyən biliklər əldə etmişdilər.

Quran möcüzədir və buyurduqları haqdır və hər deyirsə, hamısı isbat olur və olmaqdadır da.

Milli.Az