Ehtiyatlı olmaq

10 Yanvar 2019 07:31

Kainat həssas bir müvazinət, mükəmməl bir ahəng və pozulmayan bir nizam içində yaradılmışdır. Kainatda meydana gələn hər şey Uca Allahın qoyduğu qanun və qaydalar çərçivəsində baş verir. Heç bir şey Ondan iznsiz baş vermir.

Allah-Təala biz bəndələrini müxtəlif formalarda imtahan etməkdədir. Qurani-Kərimdə belə buyurulur: "İnsanların öz əlləri ilə etdikləri üzündən quruda və suda fəsad əmələ gələr ki, Allah onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar qayıtsınlar" (Rum, 41).

Milli.Az islam.az-a istinadən bildirir ki, insanların böyük bir qismi sel, zəlzələ, meşə yanğınları kimi təbii fəlakətlərin tez-tez baş verdiyi ərazilərdə yaşayırlar. Son zamanlarda tez-tez baş verən zəlzələ, sunami, qasırğa və daşqınlar bəşəriyyətin necə bir təhlükə altında olduğunu göstərir.

Belə olduğu zaman, harada və nə zaman baş verəcəyini dəqiq şəkildə bilmədiyimiz bəlalara qarşı daima hazır və tədbirli olmaq məcburiyyətindəyik.

Hörmətli möminlər!

"Allah nə yazıbsa, o da olacaq" deyərək özümüzü ölümə atmağımız düzgün deyil. Çünki Allah-Təala insana iradə azadlığı verib və buyurub ki, "Öz əlinizlə özünüzü təhlükəyə atmayın..." (Bəqərə, 195). Biz özümüzü hər cür bəladan, xəstəlikdən qorumağa çalışmalı, bunun üçün lazımi tədbirləri görməli, ondan sonra isə Allaha təvəkkül etməliyik. Necə ki, Hz Peyğəmbər (s.ə.s.) müsəlmanlara vəba olan yerlərə getməməyi tövsiyə etmişdir. Onu da əlavə etmişdir ki, əgər olduqları yerdə vəba varsa, həmin yerdən çıxmasınlar. Bütün bunlar Allahın əmrinə qarşı gəlmək, Onun yazısından qaçmaq deyil, əksinə Allahın əmanət olaraq verdiyi canı qorumaq üçün görülən tədbirlərdir. Amma bütün ehtiyat tədbirlərini gördüyümüzə baxmayaraq, yenə də hansısa bəlaya və yaxud xəstəliyə düçar olsaq, artıq bunu ilahi təqdir və imtahan kimi qəbul etməliyik.

Uca Allah Qurani-Kərimdə belə buyurur:

"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver" (Bəqərə, 155);

"Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır. Allah çoxunu əfv edər" (Şura, 30).

Bir gün Həzrəti Ömər təhlükəli olan bir yerə getməkdən imtina etmişdi. Ondan "Allahın yazısından qaçırsan?" deyə soruşulanda belə cavab vermişdi: "Bəli, Allahın yazısından yenə Allahın yazısına sığınıram" (Buxari, Tibb, 30; Muslim, Səlam, 98).

Hörmətli müsəlmanlar!

Elə isə gəlin etdiyimiz səhvlərlə özümüzü təhlükəyə atmayaq. Ən ağıllı davranış ehtiyatlı olmaqdır. Hər xüsusda lazımi tədbirləri görüb, əlimizdə olan bütün imkanlardan maksimum şəkildə istifadə etməliyik. Xəstələndiyimiz zaman "Allahın yazısıdır" deyərək əl-qolumuzu sallayıb sakit otumamalıyıq. Çünki dinimiz bizə belə hallarda müalicə yollarını axtarmağı, müalicə olunmağı tövsiyə edir. Buna görə də həyatımızı yaxşılaşdırmaq, bəlalardan, xəstəliklərdən qorunmaq üçün bütün imkanlarımızı səfərbər etməli, tədbirlər görməliyik. Unutmayaq ki, İslam dini bizə təkcə gözəl axirət deyil, həmçinin bu dünyada da səadət vəd edir.

Milli.Az