İşləyib qazanmağın vacibliyi

10 Yanvar 2019 07:21

Əziz müsəlmanlar!

Bildiyimiz kimi, İslam dini maddə ilə mənəviyyat, ruh ilə bədən, dünya ilə axirət arasında həsas tarazlıq qurmuşdur. Dünya və axirət səadətinə qovuşmaq üçün bu tarazlığa riayət etmək lazımdır. Axirəti unudaraq sırf dünya həyatı üçün əlləşib vuruşmaq bəyənilmədiyi kimi, bu dünyanı unudaraq yalnız axirət üçün yaşamaq da xoş görülməmişdir. Hz Peyğəmbər (s.ə.s.) bir hədisində belə buyurmuşdur: "Sizin xeyirliniz nə dünyasını axirəti üçün, nə də axirətini dünyası üçün tərk edəndir. Hər ikisi üçün də çalışandır" (Camiu's-səğir, c.2, s.116).

Dinimiz həm dünya, həm də axirət səadəti üçün işləyib çalışmağı fərz qılmışdır. Elə isə Allah-Təalanın rizasını, həm də gündəlik ruzimizi qazanmaq üçün işləməliyik. Çünki insan dünya və axirətdə öz əməlinin qarşılığını görür. Bu həqiqət Qurani-Kərimdə bu şəkildə ifadə olunur: "İnsana ancaq öz zəhməti qalar" (Nəcm, 39).

Hörmətli müsəlmanlar!

Milli.Az islam.az-a istinadən bildirir ki, kainatı idarə edən Uca Allahdır. O, hər an bu kainata həyat verir və yaratmağa davam edir. "Göylərdə və yerdə kim varsa, Ondan diləyər. O hər gün bir işdədir" (Rəhman, 29) ayəsi bu həqiqətə işarə edir. Elə isə biz də Allahın qulları olaraq işləməli, həm də də çox işləməli deyilikmi? Uca Rəbbimiz Quranda bizə həm dünya, həm də axirət üçün çalışmağı əmr edir. Qəsəs surəsinin 77-ci ayəsində belə buyurulur: "Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma".

Dəyərli möminlər!

Dinimiz hər kəsi halal yolla ruzi qazanmağa təşviq etmiş, başqalarından asılı vəziyyətə düşməyi, dilənçilik etməyi xoş görməmişdir. Bu gün küçələrimizdə Allahın, müqəddəs övliyaların adlarını dillərində əzbər edərək insanlardan pul dilənənlər insanlardakı iman hissini istismar etməyə çalışırlar. Pul qazanmağa zərrəcə qabiliyyəti olan insan heç bir halda dilənçilik etməməlidir. Bir hədisdə belə buyurulur: "Heç kim əlinin əməyindən daha xeyirli loxma yeyə bilməz" (Buxari, Buğu, 15).

Başqa bir neqətiv hal isə özlərini din adamı adlandıraraq, bu yolla pul qazanmağa çalışanlarla bağlıdır. Onlar ruzi qazanmaq üçün heç bir əmək sərf etməməklə bərabər, dindən pul qazanmaq üçün istifadə edirlər. Halbuki Peyğəmbərimiz (s.ə.s.) belə çox gərgin təbliğ fəaliyyəti ilə paralel olaraq, uzun müddət ruzi qazanmaq üçün ticarətlə də məşğul olmuş, yalnız bu barədə gələn xüsusi vəhydən sonra bu işi dayandırmışdır. Amma hər zaman Davud Peyğəmbərin də öz əlinin zəhməti ilə dolandığını misal çəkən Peyğəmbərimiz (s.ə.s.) halal zəhməti mədh etmişdir. Bu barədə hədislərdə belə buyurulur:

"Əməllərin ən üstünü halal qazanc əldə etmək üçün işləməkdir" (Keyzu'l-qadir, c.2s.26);

"Ruzi axtaran, bunun üçün işləyən şəxs Allah yolunda cihad edən kimidir" (İhya, c.2s.89);

"Başqalarına möhtac olmamaq, arvad-uşağının xoşbəxtliyi və qonşularına yardım niyyəti ilə işləyən və halal yolla pul qazananlar üzləri ağ olaraq Allaha qovuşacaqlar" (H.B.Çantay, 40 hədis);

"Halal yolla işləyərək yorğun bir vəziyyətdə yatağa girən insanın günahları bağışlanacaqdır" (Camiu's-sağir, c.2, s.287).

Əziz möminlər!

Dinimiz halal yolla çalışaraq varlı olmağı qadağan etmir, əksinə buna təşviq edir. Təsadüfi deyil ki, İslamın beş təməl əsasından ikisi - Həc və zəkat işləyən və varlı olanların edə biləcəkləri ibadətlərdir. Bu ibadətləri yerinə yetirmək üçün kifayət qədər sərvətə sahib olmaq lazımdır. Cumuə surəsində Allah-Təala belə buyurur: "...Yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın".

Xütbəmizi Hz Peyğəmbərin (s.ə.s.) bu duası ilə bitirək: "Allahım! Sıxıntı və hüzndən, acizlik və tənbəllikdən, qorxaqlıq və pintilikdən, insanların lənətindən sənə sığınıram" (Tac, c.5, s.113).

Milli.Az