Bir gündə 2 avtomobil qaçırıb qəza törətdi - FOTO

5 Yanvar 2019 22:57

Masallı rayonu Xırmandalı kənd sakini, 1992-ci il təvəllüdlü Said Kərimov Masallı şəhəri H.Əliyev prospektində yol kənarında saxlanılan, Məhəddin Alışova məxsus "VAZ-2017" markalı minik avtomobilini qaçırıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan verilən məlumata görə, o, Masallı şəhəri Seybətin küçə küçəsi ilə hərəkət edərkən idarəetməni itirib və avtomobili yol kənarında yerləşən hasara çırpıb.

Amma S.Kərimov bundan dərs almayıb. O, qəza törətdiyi əraziyə yaxınlıqda Elvar Mənsimova məxsus "VAZ-2107" markalı digər minik avtomobilini qaçırıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki hadisəni törədən, əvvəllər məhkum olunmuş Said Kərimov qaçırdığı avtomobildə saxlanılıb. S.Kərimov törətdiyi cinayətləri etiraf edib.

Qeyd edək ki, Said Kərimov hər iki fakt üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az