Malik Kələntərli "Dəyirman" qrupu, Rəqsanə, Natavan və Üzeyir haqqında danışdı - MÜSAHİBƏ
1 Oktyabr 2011 12:33
"Üzeyirdə nə musiqi, nə söz, nə də vokal var"
Uşaqlıq illərimə boylananda o zamanlar repin böyük kütlə tərəfindən maraqla dinlənildiyini xatırlayıram. Yadımdadır, Elşad Xosenin Şövkət Ələkbərova ilə etdiyi virtual duet, "Dəyirman" qrupunun "Ya Qarabağ, ya ölüm" kəlməsi dillərdə əzbər idi. Ancaq bu gün... Rep də öz aktuallığını itirməkdədir. Təəssüflər olsun ki, adının qarşısına repçi sözünü əlavə edən heç kim buna önəm vermir. Artıq bu sənətdə saqqal ağartmış, "Üç nöqtə"nin "Şənbə qonağı", "Dəyirman" qrupunun üzvü Malik Kələntərli repin dövrünün bitdiyini bildirdi. Müsahibimlə söhbətə elə bitmiş repin bugünkü vəziyyətindən danışaraq başladıq.
- Repin bugünkü durumu məni qane etmir. Amma bu artıq bizdən asılı deyil. Çünki dünyada rep formasını dəyişib. Amma Azərbaycanda yeni repçilər çalışırlar ki, 2003-2005-ci illərdə bizim etdiklərimizi etsinlər. Bu isə düzgün deyil. Rep inkişaf etməlidir, deyiliş və ifa tərzi dəyişilməlidir. Heç olmasa, əcnəbi ifaçılara baxıb, nəsə etsinlər. Hazırda bizim ifaçıların oxuduğu rep dəbdə deyil. Bundan əlavə, mövzulara düzgün yanaşmırlar, aktual məsələlərə toxunmurlar. Şablon, heç kimə lazım olmayan mətnlərdir.
- Bu şablonluq, bəsitlik yalnız repdədir? Sizcə, bu nüansı mahnılarımızın mətnlərinə aid etmək olar?
- Hər halda bu nüans pop musiqisinə aiddir. Mən isə pop musiqisindən uzağam. Bu musiqi mənim üçün maraqlı deyil. Pop - populyar musiqi fikrindən yaranıb. Əgər biz alternativ olaraq caz, rok musiqilərindən, onun hazırkı durumundan danışsaq, onda başqa məsələ. Çox təəssüf ki, rokun bugünkü durumu ürəkaçan deyil. İstəyirlər nəsə etsinlər, çalışırlar, amma neçə ildir ki, heç bir dəyişiklik yoxdur. Çünki rok bizim millət üçün, mentalitet üçün soyuq musiqidir.
Caz isə 2-3 ildir ki, istedadlı insanların sayəsində yenidən dirçəlir. Şahin Növrəsli, İsfar Sarabski və digər çox istedadlı gənclərimiz var. Ancaq repdə vəziyyət başqa cürdür. HOST sözünü yaxşı dedi, ancaq dayandı. Nə "Dəyirman", nə Anar Nağılbaz, nə HOST bu gün səhnədə yoxdur. Rep səhnəsi boşdur. Yalnız rep səhnəsinin ətrafında kimlərisə görürəm. Amma böyük, peşəkar səhnəyə nədənsə addım atmırlar. Neçə ildir ki, Uranın adını eşidirəm, ancaq heç nə görmürəm. Hüseyn Dərya yenidən səhnəyə qayıtdı, nəsə deyir, ancaq ortada ciddi heç nə yoxdur. Bu günədək ancaq Elşad Xose, "Dəyirman" və HOST qrupunun ciddi işləri olub. Özü ilə kütləni aparan işləri ancaq bunlarda görmüşəm.
- Son günlər "Qan" qrupu və Minanın "Hər şey istəyirəm" layihəsi müxtəlif müzakirələrə səbəb olub. Bəyənirsiniz?
- Çox səviyyəsiz işdir. İlk dəfə baxanda heç xoşuma gəlmədi. Onlar istədilər ki, xalqa yaxın olsunlar, amma çox səviyyəsiz yaxınlaşdılar. Elnarənin səsi və melodiya xoşuma gəldi. Bir də çəkilişi bəyəndim. O mətni kim yazıb, kim bu mətnə "hə" deyib? Mən o insanı görmək istəyirəm.
- Mətnin müəllifi ifaçı Minadır. Bu layihəni təbliğ edən isə ANS telekanalıdır.
- O, bu mətni yaza bilər. Ancaq buna necə "hə" demək olar? Necə təbliğ etmək olar? Mən ANS TV-dən belə bir şey gözləmirdim. "Dəyirman" qrupunun ilk addımlarını biz Vahid Mustafayevlə birgə atdıq (red. - ANS şirkətlər qrupunun prezidenti). Onlar bizə dəstək oldular, məsləhət verdilər. Amma onların hazırda gördükləri iş heç xoşuma gəlmədi. "Qoca kaftar olsun, mənə pul buraxsın, adı "kazyol" olsun" - bu cümlə ilə nə demək istəyiblər? Gənclərə nə məsləhət verirlər? Yəni gənc xanımlar bu cür seçim etməlidirlər? Rep nədir? Rep kimlərisə nəyəsə yönəltməkdir. Rep hayqırtıdır, çağırışdır. Bu mahnı ilə gənclərə nə demək istədiklərini anlamadım.
- Bugünkü gənclik yaşlı nəsil tərəfindən qınaq obyektinə çevrilir. Onlar gənclərdən narazıdırlar.
- Bu söhbət hər zaman davam edəcək. Çünki hər zaman böyüyə yol verən və verməyən gənclər olub. Digər ölkələrin gəncləri ilə özümüzü müqayisə etsək, onda vəziyyətimizə şükür edərik. Bizim gənclər tərbiyəli, mədəniyyətlidirlər. Ancaq sözsüz ki, hər bir ailənin dəcəli var. Ancaq bunu ümumiləşdirmək olmaz. Amma musiqi nöqteyi-nəzərdən gənclərimiz çox pis formada inkişaf edir. Niyə? Çünki yuxarıdan nəzarət yoxdur.
Mən Üzeyirə terror kimi baxıram. Sanki kimsə kənardan xalqımıza pislik etmək istədiyi üçün onu gətirdi. Beləliklə, gənclərimizin zövqünü korladılar. Üzeyir mənim üçün musiqi terrorudur. Nə musiqi, nə söz, nə də vokal var. Hərdən bir maşında kimsə ona yüksək səslə qulaq asanda, bilmirəm, nə edim. Az qalıram, gedib həmin adamı öldürəm. Bəsdirin! Siz gəncsiniz axı. Hanı sizin Şövkət Ələkbərovanız, Üzeyir Hacıbəyovunuz, Fikrət Əmirovunuz? Akif İslamzadə, Zeynəb Xanlarova axı bizim musiqimizin yetirməsi olublar. Axı biz onlardanıq... Əgər sən musiqi ilə məşğulsansa, bir ətrafındakılara da bax. Aygün Kazımova, Zülfiyyə Xanbabayevaya qulaq as. Bəsdir qara camaat üçün oxudunuz! Bazarda işləyən üçün oxumaqdan əl çəkin.
- Sizin "qara camaat" üçün oxuyan hesab etdiyiniz bəzi müğənnilərimizin bu gün fəxri adları var. Buna münasibətiniz necədir?
- Siz "Dəyirman" qrupunun ən zəif nöqtəsinə toxundunuz. "Dəyirman" 15 ildir ki, səhnədədir. Bu illər ərzində "Dəyirman" "Ya Qarabağ, ya ölüm", "Türk türkə dəstək" dedi, Xocalıdan, anadan, bacıdan, namusdan, qeyrətdən oxudu, amma bu günə kimi heç kim "çox sağ ol!" demədi...
Axı biz də insanıq. Bizim də stimula ehtiyacımız var. Diqqət görmədikdə isə həvəsdən düşdük. Anladıq ki, nə Xocalı, nə Qarabağ, nə türkçülük heç kimə lazım deyil. Deməli, biz lazım deyilik...
- Və onlar xaricdə olarkən deyirlər ki, "mən Azərbaycanın dövlət sənətçisiyəm"...
- Çünki, nəzarət edən yoxdur. Sovet dönəmində neçə il oxumalı idin ki, səni efirə çıxarsınlar. Amma indi... Kimin pulu varsa, efirə çıxır. Bu yaxınlarda eşitdim ki, Üzeyiri heç bir kanal və radiolara qoymurlar. Çox şükür, deməli, az da olsa, nəzarət var.
- Sözlərinizdən belə məlum olur ki, gördüyünüz işin qarşılığını adi bir "çox sağ ol" şəklində də görmədiyiniz üçün artıq işləməyin əbəs olduğuna qərar verdiniz. Yəni siz...? (sualı yarımçıq kəsərək cavab verir)
- ...biz heç kimə lazım deyilik! Biz gərək mühəndis, həkim olardıq. Bəlkə onda kiməsə lazım olardıq. İşləmək üçün stimul yoxdur. Son illər özünüz də gördünüz ki, "Dəyirman" sevgidən başqa, heç nədən oxumadı. Əvvəlki mahnılarımız heç kimə lazım olmadı. Bircə o zaman türklər Azərbaycana gələndə "çox sağ ol" dedilər. 2003-cü ildə "ya Qarabağ, ya ölüm" sözünə görə zərfin içində 50 dollar pul verdilər. O gündən bu günə kimi heç kim "çox sağ ol" demədi. Yalnız xalq bizi görəndə təşəkkür edirdi.
- Bundan sonra nə olacaq?
- Bilmirəm, vallah. "Üç nöqtə" qəzetində müsahibə olacaq (gülür). Mir Yusif sevgidən oxuyur. Mən də Aygün Kazımova, Zülfiyyə Xanbabayeva ilə duet oxudum. Bu yaxınlarda albom çıxaracam. Vəssalam...
- Yəni artıq "Dəyirman" da Azərbaycan sənətinin bugünkü reallığına ayaq uyduraraq "palaza bürün, ellə sürün" prinsipinə əməl edir?
- Bəli. Təkrarçılıq olmasın. Amma Londonda da "ya Qarabağ, ya ölüm" dedik, onlar yarım saat alqışladılar, sonra hərə öz işinin dalınca getdi. Demirəm, Qarabağın dərdini çəkən yoxdur. O qədər insan var ki... Sadəcə olaraq, biz nəsə demək istəyirdik, qulaq asan olmadı. Mədəniyyət siyasətdən də güclü silahdır. Yaxşısı budur ki, biz bu gün xarici ölkələrə Rəqsanəni, Natavanı, Üzeyiri göndərək.
- Niyə məhz onlar?
- Bilmirəm, vallah. Axı gedib nə deyirlər? Axı Rəqsanə xaricdə nə deyir? Tünzalə Ağayeva arada-sırada xaricə gedir. Aydındır ki, o, Azərbaycan haqqında oxuyur, deyəcək sözü var. Bəs digərlərinin? Yaxşı kı, "Eurovision" müsabiqəsi var. Bayrağımız orada dalğalanır, ölkəmiz tanınır.
- Bu müsabiqədən ölkəmiz nə əldə edir?
- Heç nə... Oxuyub, gəlirlər. Sonra isə heç nə olmur. Bəlkə də bunun da səbəbləri var. Kimlərsə mane olur və ya müqavilələr bağlayırlar. Bildiyimə görə, yalnız Safura nəsə etmək istəyir. Heydər Əliyev Sarayında konsert vermək fikri var. Nə olsun? "Dəyirman" da zamanında sarayda konsert verib, zalı doldurdu. Yer olmadığı üçün camaat pilləkanlarda otururdu. Amma bu gün "Dəyirman" konsert versə, heç zalın yarısını da doldura bilməz. Çünki, o nəsil artıq böyüdü. Onların da bizim kimi bu mövzulara marağı itdi.
Milli.Az