Azərbaycanda "çalğısız toy" mərasimləri
1 Oktyabr 2011 13:58
"Üç nöqtə" qəzeti yazır ki, Azərbaycanda yalnız toy mərasimləri deyil, həm də yas mərasimləri digər ölkələrə nisbətən çox təmtəraqlı keçirilir. Söhbət birinci növbədə özünəməxsus özəlliyi ilə seçilən zəngin süfrə açılmasından gedir. Əslində bu zənginlik yox, israfçılığın göstəricisidir. Təcrübəsinə tez-tez istinad etdiyimiz Türkiyədə isə toy və yas mərasimlərinin keçirilməsi tamam fərqlidir. Türkiyədə yas evinə qonşular, qohumlar ehsan bişirib gətirirlər. Orada nə küçənin ortasında təmtəraqlı çadırlar qurulur, nə də şadlıq evlərində ehsan verilir. Bundan başqa, Türkiyədə bizdən fərqli olaraq qəbrin üzərində "mini-saray" da düzəldilmir.
Kiçik araşdırma aparıb, kirayə çadır biznesi ilə məşğul olanlardan öyrəndik ki, yas mərasimlərində adi çadırların quraşdırılması 300-500 manat arasında dəyişir. Lakin varlıların istifadə etdiyi VİP çadırların quraşdırılma qiyməti isə 2-5 min manatdır. Təbii ki, yası düşən şəxsin arzu və istəkləri də burada nəzərə alınır.
Qafqaz Müsəlmanları İdarəsinin "Təzəpir" məscid kompleksində təklif olunan xidmət və qiymətlər də heç də kirayə çadırlardakından fərqlənmir. Kompleksin həyətində təxminən şadlıq saraylarının reklamını xatırladan, sadəcə rənginin qara olması ilə fərqlənən lövhə də asılıb. "Hüzr mərasimlərinin "Təzəpir" məscidinin mərasim zallarında və ya çadırlarda təşkili" elanı çox qəribə səslənir.
Aldığımız məlumata görə, burada ümumilikdə 6 mərasim zalı var. Zallardan hər birində eyni vaxtda 250 nəfərə xidmət göstərilə bilər. Bundan başqa, 300 nəfərlik zal da fəaliyyət göstərir. Bir nəfərlik xidmətin qiyməti isə 10-12 manatdan başlayır. Ancaq eynilə şadlıq saraylarında olduğu kimi, burada da bahalı menyu sifariş vermək mümkündür. Məsələn, yas mərasimlərində toyuq və ya balıq ləvəngisi sifariş edənlərə rast gəlinir. Belə olan halda bir nəfərlik stul 20-25 manata gəlib çıxır. Stulun qiymətindən asılı olmayaraq, məclisin mollası da mərasim təşkilatçıları tərəfindən təqdim olunur.
"Təzəpir" məscid kompleksində digər xidmətlər də təklif olunur. Məsələn, ölü yumanın qiyməti 50 manatdır. Xüsusi avtomobillə ölünün qəbristanlığa aparılması xidməti də göstərilir ki, bunun da öz qiyməti olur. Məsələn, ölünün "Təzəpir" məscidindən "Qurd qapısı" qəbristanlığına aparılması hüzr sahibinə 100 manata başa gəlir.
Qəbir yerinin alınması 200 manatdan 5 min manata qədər dəyişir
Paytaxtda ölü sahibi üçün ən mürəkkəb problem qəbir yerinin alınmasıdır. Ölü sahibi yaşadığı əraziyə yaxın və cibinə münasib yer axtarır. Ancaq indi həm qəbir yeri almaq çətinləşib, həm də qiymətlər kəllə-çarxa qalxıb. Qəbristanlıqlarda yer tapmaq olmur, çox torpaqlar satılıb.
Nəticədə şəhərin kənarında yerləşən məzarlıqlara üz tutanların sayı artıb.
Bundan başqa, adətən, əslən rayonlardan olan Bakı sakinlərinin dəfni də çox vaxt doğulduqları rayonlarda təşkil edilir. Çünki rayon yerlərində bütün bunlar pulsuzdur. Bakıda isə bu məsələdə biabırçılıqdır, çünki burada hər bir qəbristanlığın öz torpaq məzənnəsi var.
Qiymətlərə gəlincə, burada məzar yerinin qiyməti 200 manatdan 5000 manatadək dəyişir. Biləcəri qəbristanlığında məzar yerinin 1 kvadratmetrin qiyməti 300-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri isə 800-1000 manatdan ucuz deyil. Günəşli qəbristanlığında bu məbləğ 400-1500 manat, Badamdar qəbristanlığında 500-1500 manat, Qaraçuxur qəbristanlığında 200-1000 manat, "Qurd qapısı" qəbristanlığında 1000-3000 manat arasında dəyişir. Yasamal qəbristanlığında isə qəbir yerləri daha bahadır. Yəni, 2000-3000 manatdır. Paytaxtda qəbir üçün ən ucuz yer Hövsandadır. Burada 150-300 manata məzar yeri almaq mümkündür. Xırdalan qəbristanlığında bahaçılıqdır. Burada qiymət 800-2000 manat arasında dəyişir.
Dəfn xərcləri təkcə bunlarla bitmir. Qəbir qazmaq üçün tələb olunan zəhmət haqqı 70-100 manatdır. Bu işi mütləq həmin məzarlığın öz qəbirqazanları icra etməlidirlər.
"Təzəpir" məscid kompleksində meyitlərin saxlanılması da təklif edilir. Ölüsünü basdırmazdan öncə hansısa səbəblərdən bir və ya bir neçə sutka saxlamaq istəyənlər buradakı soyuduculardan istifadə edə bilərlər. Soyuducuda bir meyitin saxlanılmasının sutkası 20 manat təşkil edir.
"Təzəpir" məscid kompleksində yalnız tabut pulsuzdur. Tabutu almaqdan ötrü şəxsiyyət vəsiqəsini girov qoymaq kifayətdir.
Qəbrin üstünün götürülməsi də ölü sahibinə baha başa gəlir. Minlərlə manata başa gələn parfil, qranit və mərmərdən quraşdırılan baş daşlarının ömrü uzun olur, yəni onlar uzun illər xarab olmur. Qəbir daşlarının quraşdırılması elə özü ağırlığında da qiymətə başa gəlir. Onların qiymətləri keyfiyyətindən asılı olaraq 50 min manatdan 8 min manat arasında dəyişir. Kasıb təbəqənin tələbatı isə ucuz sayılan gülbaxt daşınadır ki, onun qiyməti maksimum 500-600 manatdır. Bütün bu xərcləri nəzərə aldıqda bir ölünün dəfn mərasimi 4-5 min manata çıxır.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Azərbaycandakı son illərin yas mərasimlərini "çalğısız toy" adlandırdı: "Hazırda ölüsünə ağlamağı yaddan çıxaran insanlar ilk növbədə kirayə çadırlara müraciət edirlər. Burada onların ilk qarşılaşdıqları, təbii ki, yemək və xidmət menyusu olur. Menyuda, maşallah, hər nə desən, var. Bir-birindən ləziz yeməklər, çeşid-çeşid şirələr, dünyanın o başından gətirilmiş ekzotik meyvələrdən tutmuş diş çöplərinə qədər... Yemək əlindən stolda yer yoxdur".
Müsahibimiz hesab edir ki, bütün vətəndaşlar bu cür dəbdəbəli süfrənin açılmasının tərəfdarı olmasa da, heç kəs cürət edib, etiraz səsini çıxarmır.
Mövzunu şərh edən Milli Məclisin Sosial siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirdi ki, artıq uzun müddətdir, yas mərasimlərinin təşkili ilə bağlı ölkədə maarifləndirmə işləri aparılır və bunun qismən nəticələri də var: "İctimai rəyə təsir edə bilmişik. Artıq rayonların çoxunda mərasimdə çay süfrəsindən əlavə şeylər götürülüb. Bu məsələdə qanundan çox, dini qurumlarla bələdiyyələrin və rayon icra hakimiyyətlərinin birgə əməkdaşlığı nəticəsində istənilən effekti almaq olar".
Qəbirüstü abidələrin qurulması ilə bağlı da vahid bir mexanizmə ehtiyac var
"İçərişəhər" məscidinin axundu Hacı Surxay da bizimlə söhbətində bildirdi ki, indiki yas mərasimləri İslam dininin tələblərinə uyğun şəkildə təşkil olunmur: "Yas məclislərində israfçılığa yel verilir və bu, dinimizin ehsan haqqında olan hədisləri ilə tam ziddiyyət təşkil edir. İslam dininin dünyadan köçmüş insan barədə göstərişləri yalnız insanın kəfənlənib dəfn olunması ilə məhdudlaşır. Yəni dünyadan köçən insanı yuyub, kəfənləyib dəfn etmək lazımdır. Ondan sonra isə mərhumun ailəsinin boynunda heç bir vacib əməl yoxdur.
Bizdə isə sanki vacib əməl kimi 40 gün ərzində mərhum üçün yas mərasimi təşkil olunur, ehsan verilir, o cümlədən cümə axşamları keçirilir. Lakin bu, dinimizə əsasən qəbul olunan əməl deyil. Təbii ki, hər bir şəxsin dünyadan köçən yaxını üçün ehsan vermək haqqı var. Amma bu, icbari xarakter daşımamalı, məcburi olmamalıdır. İlin istənilən vaxtında, xüsusən də ehtiyacı olan, fəqir insanlara ehsan verilə bilər. Ancaq bizdə təşkil olunan indiki yas mərasimləri həm məntiqə, həm də dinimizin göstərişlərinə ziddir".
Məsələyə münasibət bildirən dini ekspert Elşad Mirinin sözlərinə görə, istər toy və istərsə də yas mərasimlərinin keçirilməsi ilə bağlı məsələnin vətəndaşların öz ixtiyarına buraxılması bir çox problemlərə yol açıb:
"Bu mərasimlərdə əksər vətəndaşlar tərəfindən həddindən artıq ifrata varılır. Bu cür hallar, yolların kəsilməsi, kasıbların da özlərini varlılarla bərabər tutmaq məcburiyyətində qoyur. Bu cür halların qarşısının alınması üçün ən vacib addımlardan biri toy və yas mərasimləri ilə bağlı qanun layihəsinin qəbulu olardı. Bu gün Azərbaycanda mövcud olan nə toy, nə də yas mərasimlərinin heç biri Azərbaycanın nə milli, nə də dini dəyərlərinə uyğun deyil".
E.Miri maarifləndirmə xarakterli tədbirlərin keçirilməsini vacib sayır: "Hesab edirəm ki, ilk növbədə respublikada sözü eşidilən, hamı tərəfindən hörmət edilən şəxslər özləri nümunə göstərməlidir. Onlar həyatlarında bu cür hadisələr baş verərkən başqalarına nümunə ola biləcək tədbirlər nümayiş etdirə bilsələr, qanunun tələblərinə əməl edilməsi bir o qədər asan ola bilər. Amma bu gün Qafqaz Müsəlmanları Ruhani İdarəsinin tabeçiliyində olan Təzə Pir məscidində VİP yas məclislərinin olması heç kimə nümunə ola bilməz. Buna görə də məsələ ilə bağlı ciddi maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var. Yalnız bu yolla vətəndaşları toy və yas mərasimlərində israfçılıqdan qurtarmaq olar. Əks halda ancaq inzibati tədbirlərlə bu sahədə qayda-qanun yaradılmasını düşünmürəm".
E.Miri hesab edir ki, qəbirüstü abidələrin qurulması ilə bağlı da vahid bir mexanizm düşünmək olar: "Azərbaycan xalqının qədim adət-ənənələrində indiki formada dəbdəbəli qəbirüstü abidələrə heç vaxt rast gəlinməyib. Bu gün də qədim qəbirlərə baxsaq, sadəcə, torpağın bir qədər hündür yığılı və oraya qoyulan daş üzərində mərhumun ad və soyadının yazılmasına rast gələrik. Lakin son dövrlərdə insanlar özlərini başqalarına nümayiş etdirmək üçün sanki bir-biri ilə yarışa giriblər. Nə ölüyə, nə də ölü sahiblərinə heç bir xeyri olmayan dəyəri 10 minlərlə vəsait tələb edən qəbirüstü abidələr qurulub. Bu halların da qarşısının alınması üçün maarifləndirmə xarakterli tədbirlər görülməlidir".
Milli.Az