Pensiyalar bundan sonra fərqli hesablanacaq - Amma başqa təklif də var...

28 Dekabr 2018 11:26

Gələn ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunacaq. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək. Qeyd edim ki, bu ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur. Bununla belə, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.

Milli.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçı hesab edir ki, pensiya məbləğinin orta aylıq əmək haqqındakı artıma deyil, əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədəuyğun olardı: "Belə ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylıq əmək haqqındakı artım gəlirlərin artımını tam ifadə edə bilmir. Digər tərəfdən, rəsmi statistikada əhalinin gəlirləri orta aylıq əmək haqqına nisbətən daha yüksək faizlə artdığından bu, indeksasiya zamanı pensiyaların daha çox artmasına imkan verə bilir.

Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında əhalinin gəlirləri 9,2 faiz artsa da, orta aylıq əmək haqqı cəmi 2,8 faiz çoxalıb. Eləcə də 2018-ci ildə orta aylıq əmək haqqının 4 faiz artacağı gözlənilsə də, əhalinin gəlirləri 9 faizdən çox artacaq. Gələn ildə də orta aylıq əmək haqqı ilə əhalinin gəlirlərindəki artım arasında fərq olacağı gözlənilir: artım uyğun olaraq 5,7 və 9,0 faiz proqnozlaşdırılır".

Ekspert pensiya sahəsində aparılan islahatları təqdir etsə də, onun fikrincə, pensiyalar məbləğləri daha çox ola bilər: "Etiraf edək ki, 2018-ci ildə pensiyaya əlçatımlığın artırılması ilə bağlı bir sıra islahatlar həyata keçirildi. Aşağı pensiya alan 80 minə yaxın vətəndaşın pensiya məbləğinin gələn ildən orta hesabla 30 faiz artırılması da buna aid edilə bilər. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir. Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarının az olmadığını nəzərə alsaq, pensiyaların orta aylıq əmək haqqındakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı. Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik".

İlkin İzzət
Milli.Az