Azərbaycanda daha bir təhlükə - Azyaşlılar arasında güclü təsirə malik maddələrin istifadəsi yayılıb - FOTO

25 Dekabr 2018 20:57

Azərbaycan Milli Antidopinq Agentliyi 2018-ci il üzrə illik hesabatı açıqlayıb.

"Dopinqin istifadəsi idmandan savayı ictimaiyyətə də mühüm zərər yetirir. Odur ki, dopinq vasitələrinin qanunsuz dövriyyəsi halları aşkarlanıb və müxtəlif yaş kateqoriyaları, ələlxüsus, azyaşlılar tərəfindən anabolik steroid və digər güclü təsirə malik maddələrin istifadəsi yayılıb. Cari ildə bir neçə əməliyyat tədbirləri həyata keçirilib və müəyyən şəxslər məsuliyyətə cəlb ediliblər. Lakin, 2019-cu ildə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edərək əməliyyat tədbirləri daha da genişlənəcək və qanunsuz dövriyyə ilə məşğul olan idman klubları və fitnes mərkəzləri məsuliyyətə cəlb olunacaqlar".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bu gün ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

AMADA-nın direktoru qeyd edib ki, 2018-ci il üçün Milli Antidopinq Proqramı çərçivəsində ümumilikdə 817 test keçirilib: "Bunlardan 445-i yarışdan kənar müddətdə, 372-si yarış müddətində olub. Əlavə olaraq, 44 idmançıdan bioloji pasport üçün qan toplanıb. Beynəlxalq federasiyalar tərəfindən verilmiş sifarişlərə əsasən, 2018-ci ildə ümumi 101 test sifariş edilib, bunlardan 67-si yarışma müddətində, 34-ü yarışmadan kənar müddətdə olnub. Bütün bu testlərin keçirilməsi üçün 162 missiya tələb olunub. Bu missiyalar 817 test, 543 idmançı və 21 idman növünü əhatə edib".

Ş.Hüseynlinin sözlərinə görə, antidopinq qayda pozuntularının bəzi məqamları ciddi narahatlıq doğrurur: "2018-ci il üzrə antidopinq qayda pozuntuları üzrə ağır atletika 2, güləş 12, boks 5, cüdo 3, velosiped idmanı 2, voleybol 2, taekvondo 7, atletika üzrə 1 qeyri-əlverişli analiz nəticəsi aşkarlanıb. Əlavə olaraq, ağır atletikada 1 atipik nəticə aşkarlanıb. İl ərzində dopinq nəzarətindən imtina 1 dəfə və məkan məlumatı pozuntusu halları isə 8 dəfə baş verib. Aşkarlanan qadağan edilmiş maddələr müxtəlif olub. Qeyri-əlverişli analiz nəticələrinin bir çoxunu anabolik steroid təşkil edib və idmançıların 25 faizi azyaşlılar olub. Ümumilikdə 2018-ci ildə 35 antidopinq qayda pozuntusu baş verib və 35 yekun qərar açıqlanıb".

Mübariz Qalib
Milli.Az