Ata və qızı saxta pullara görə saxlanıldılar

24 Dekabr 2018 12:21

Polis əməkdaşları tərəfindən Ağcabədi rayonunda xeyli miqdarda saxta əskinas aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən 4 mağaza sahibi dekabrın 23-də mağazalarında alış-veriş edən 2 nəfərin onlara müvafiq olaraq 3 ədəd 20 manatlıq və 1 ədəd 100 manatlıq əskinaslar verdiklərini, sonradan həmin pulların saxta olduğunu aşkar etdiklərini bildiriblər. Həmin əskinaslar polis əməkdaşlarına təqdim olunub. 

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulları verməkdə şübhəli bilinən rayon sakinləri Mehdi Mehdizadə və Təhminə Nəzərova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan əlavə olaraq 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq saxta əskinaslar aşkar edilib.

Araşdırmalarla onların saxta əskinasları T.Nəzərovanın atası Firəddindən aldıqları müəyyən edilib.

Görülmüş tədbirlərlə əvvəllər məhkum olunmuş Firəddin Nəzərov da saxlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 21 ədəd 100 manatlıq, 29 ədəd 20 manatlıq, 11 ədəd 10 manatlıq, 62 ədəd 5 manatlıq və 37 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb. 

Pünhan Mirzə
Milli.Az