Son vaxtlar Azərbaycanda arterial təzyiqin yüksəlməsi ilə bağlı şikayətlər artıb. Təəssüf ki, bu xəstəlik həm də çox cavanlaşıb. Azərbaycan Tibb Universitetinin (ATU) kliniki farmakologiya kafedrasının assistenti, t.e.n. Arzu Bəydəmirova qeyd edir ki, indi təzyiq yüksəlməsi hallarına hətta 25-40 yaşlı insanlarda da rast gəlinir. Həkim bu xəstəliyin vaxtında aşkarlanması və tədbirlər görülməsi üçün bəzi əlamətlərə diqqət yetirməyi məsləhət görür:
-Əgər xəstənin döş qəfəsində ağrılar varsa, ağrı sol qola yayılırsa və bu ağrılar davamlıdırsa, ürəkbulanma və başgicəllənmələri varsa, onda arterial təzyiqin yuxarı olmasından şübhələnmək lazımdır. İlkin tənmilləşmiş müayinəyə qədər ən azından nəbzin müayinə olunması vacibdir. Bəzən heç bir əlamət olmadığı halda təzyiqin yuxarı olması hallarına da rast gəlinir. Ona görə də ürək ağrıları zamanı ilk növbədə təzyiq ölçülməlidir.
Bəzən insanlar bu xəstəlik haqqında məlumatsız olduqlarına görə, əlamətlərə diqqət yetirmirlər. Məsələn, bu yaxınlarda 25 yaşlı bir xanım tez-tez əsəbləşməsi ilə bağlı müraciət etmişdu. Məlum oldu ki, təzyiqi 190/100- dir. Müayinələr nəticəsində məlum oldu ki, xəstədə həm böyrək, həm də kardioloji problemlər var.
Müayinə zamanı xəstə son 3 gündə vəziyyəti (yuxusu, qidalanması, hər hansı dərman qəbul etməsi və əsəb gərginliyi keçirib-keçirmədiyi) barədə həkimi məlumatlandırmalıdır.
- Adətən arterial təzyiq həm də kardioloji problemlərlə müşayiət olunur. Bu baxımdan, insanlar nəyə xüsusilə diqqət yetirməlidir?
- Bizə müraciət edənlər arasında ürəkdaxili keçiriçilikdə problemi, ritm pozğunluğu olan xəstələr də çoxdur. Havanın mütəmadi dəyişməsi, geomaqnit qasırğalar bəzi metereohəsas insanların səhhətinə daha tez təsir edir. Belə insanlarda ən çox rast gəlinən əlamətlər baş ağrıları və kardioloji ağrılardır. Belə xəstələr həmin havada mütləq bayırda olmalıdırlarsa, onda təzyiq dərmanının dozasını artırsınlar. Antiaqreqal - yəni, qan durulaşdıran preparatlardan istifadə mütləqdir ki, xəstə metereoloji həssaslığı daha az hiss etsin.
- Bəzən ürəyi sıxılan, təzyiq problemi olan insanlar dərhal sakitləşdirici dərmanlar içirlər. Bu, nə dərəcədə düzgündür?
- Belə xəstələrin sedativ (sakitləşdirici) preparatlardan istifadəsinə gəlincə, müasir tibbdə bu preparatlar qida əlavəsi kimi qiymətləndirilir. Mən kardioloji problemi, metereoloji həssaslığı olan insanlara bu kimi sakitləşdiriciləri tövsiyyə etməzdim. Çünki bu preparatların təzyiq salıcı tərkibi yoxdur. Bu preparatlar psixoloji problemi olan və əsəb gerginliyi olan insanlar kömek edə bilər.
Ümumiyyətlə, əsəb gərginliyi də bir çox digər xəstəliklərin göstəricisi ola bilər. Məsələn, ultrasəs müayinəsi zamanı çox vaxt qalxanabənzər vəzin böyüməsi, sərtləşməsi,düyünləri olması kimi problemlər aşkarlanır. Qanın müayinəsi zamanı qalxanabənzər vəzin statusunda (T;) dəyişikliklər aşkarlanır. Yəni, xəstələr endokrin problemlərdən də xəbərsiz olurlar.
Bizə müraciət edənlər arasında osteoxondrozu olub və çoxlu miqdarda qeyri steroidlər qəbul edən xəstələr olub. İstənilən halda, insanları bütün əlamətlərə diqqətlə yanaşmağı və dərhal həkimlrə müraciət etməyi məsləhət görürük.
Milli.Az