Azərbaycan mətbəxinin ləziz təamları - FOTO

24 Dekabr 2018 07:00

Şübhəsiz ki, Şərqdə ən maraqlı mətbəxlərdən biri Azərbaycandadır. Ölkəmizə gələn hər bir qurman təzə göyərti və ədviyyələr əlavə olunmuş ət, balıq və tərəvəz yeməkləri ilə zəngin olan Azərbaycan mətbəxinin sərrafına çevrilir. Azərbaycanda süfrəyə qoyulan təamlar orijinal və təkraredilməzdir, onları digər milli mətbəx nümunələri ilə dolaşıq sala bilməzsiniz. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dolma, bozbaş, dovğa, xəşil, piti, plov, qutab kimi sırf Azərbaycana məxsus yeməklərinin adı hamıya məlumdur. Bununla yanaşı, ölkənin hər regionunun özünəməxsus təamları var. Qoz, fındıq ləpəsindən müxtəlif ədviyyələr əlavə edilməklə hazırlanan şəkərburanı, paxlavanı, rahatluqumu, şəkərçörəyini, bamiyəni turistlər böyük məmnuniyyətlə özləri ilə aparırlar. Biz sizə yalnız o yemək və məhsullardan söz açacağıq ki, Azərbaycana səfəriniz zamanı bunlara diqqət yetirməyə dəyər.

Dolma

Üzüm yarpaqlarından hazırlanan qədim Azərbaycan yeməyi çoxdan dillərdə dastan olub. Ət qiyməsindən hazırlanan təkrarolunmaz dada və ətirə malik bu təam azərbaycanlıların ən sevimli yeməyidir, ölkəmizin mətbəxi ilə tanışlığa başlayan qonaqlar arasında çox populyardır. Xatırladaq ki, Azərbaycan dolması UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Dolma sözü türk feli olan "doldurmaq" sözündən əmələ gəlib. Azərbaycan dilində də "dolamaq", "bükmək" sözü işlənilir. Təamın adının mənası bu və ya digər şəkildə Azərbaycan klassik milli yeməyində - ət qiyməsinin sütül üzüm yarpaqlarına bükülməsində özünü göstərir.

Yeri gəlmişkən, dolmanın çoxsaylı çeşidləri var. Azərbaycanda dolmanın daha çox üzüm yarpaqlarından hazırlanan növü (yarpaq dolması), kələm dolması və badımcan dolması geniş yayılıb. Badımcan dolmasının hazırlanmasında istifadə olunan üç tərəvəzin - pomidor, badımcan və şirin bibərin içərisi ətli qiymə ilə doldurulur.

Çörək

Siz vətənindən uzaqda yaşayan azərbaycanlıdan qürbətdə daha çox nəyin xiffətini çəkdiyini soruşsanız, əksər hallarda "Azərbaycan çörəyi" cavabını alacaqsınız. Hansı çörəyin olması əhəmiyyətli deyil: ətirli və nazik qabıqlı yumru "zavod" çörəyi, təndirdə bişirilən çörək və sacda hazırlanan ipək kimi zərif lavaş. Ölkəmizdə çörəyin hazırlanması və istifadəsi mədəniyyəti çox yüksəkdir. Bu, çörəyin həm keyfiyyət, həm də kəmiyyət xarakteristikasına aiddir. Əgər Avropada sifariş edilmiş yeməklərə üç dilim çörək ayrılırsa, Azərbaycan süfrəsində sulu və ya əsas yeməyə görə adambaşına yarım çörək nəzərdə tutulur!

Azərbaycanda təzə, dadlı, müxtəlif növ çörəyi supermarketlərdən, çörək-bulka mağazalarından almaq olar. Çörəyin lavaş növünü isə siz asanlıqla özünüzlə apara bilərsiniz. Düzgün bişirilmiş lavaşı aylarla saxlamaq mümkündür. Quru lavaşı su ilə islatmaq kifayətdir ki, o, əvvəlki təravətinə qayıtsın. Yeri gəlmişkən, "xran fu" adlanan ləzgi çörəyi də eyni xassəyə malikdir. Siz bu çörəyi ləzgilərin daha çox yaşadığı Qusar rayonunda dada bilərsiniz.

Əlbəttə, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına lavaş bişirmə və paylaşma ənənəsinin Azərbaycan adından daxil edilməsini vurğulamağımız yerinə düşər.

Meyvə

Azərbaycan torpağı məhsuldardır və ilboyu ölkənin bazarları mövsümi meyvələrlə bol olur. Burada alma, armud, ərik və digər geniş yayılmış meyvələrlə yanaşı, əcnəbilər üçün ekzotik, lakin Azərbaycan iqlimi üçün adi olan meyvələr də yetişir. Məsələn, ilk şaxtalar düşəndə xurma ağacının uzunsov bəhəri büzüşdürücü xassəsini itirərək bal şirinliyini alır. Xurmanın digər növü olan "korolyok" tozlanmış çiçəklərdən əmələ gəlir. Noyabr-dekabr aylarında siz təzə xurmanı dada və qiyməti ucuz olan bu delikatesi özünüzlə apara bilərsiniz!

Payız mövsümündə feyxoa da çox populyardır. Bu meyvə eyni zamanda çiyələk, kivi və ananasın dadını xatırladır. Yerli bazarlarda alma ilə eyni qiymətdə satılır, ölkənin cənub bölgələrində - Lənkəran və Masallıda yetişdirilir. Feyxoanın cemi də çox dadlıdır. Onu istənilən mağazada əldə edə və Azərbaycana səyahətinizin dadlı xatirəsi kimi götürə bilərsiniz!

Qafqaz əzgilini də yada salmaya bilmərik. Onun tam yetişmiş meyvələri bal kimi şirin olur və tez əzildiyindən daşımaq üçün heç uyğun deyil. Yaxşı olardı ki, qış aylarında Azərbaycanda bu meyvənin dadına baxasınız.

Yay fəslində tut ağacı bəhər verir. Ağ və qara tutun mövsümü çox qısa olduğundan, insanlar onlardan bəkməz hazırlayırlar. Şəkər əlavə edilmədən şirədən hazırlanan bəkməz vitamin və enerji mənbəyidir. Azərbaycanda daha çox tut doşabı məşhurdur.

Payız aylarında ölkənin bütün bazarlarında satılan ənciri də yada salmağa dəyər. Ən şirin və dadlı əncirin məhz Azərbaycanda yetişməsini bir çoxları təsdiq edib. Ağacın yetişmiş sarı bəhrələri sanki ağızda əriyir. Ənciri uzaq məsafəyə aparmaq olmur, bu səbəbdən onun dadına Azərbaycanda baxmağa çalışın.

Mürəbbə

Sizin Azərbaycandakı bol meyvələrdən öz payınızı aparmaq şansınız var. Bunun üçün siz hər hansı supermarketin piştaxtalarında çeşidləri ilə göz qamaşdıran mürəbbələri seçə bilərsiniz. Əksər regionlar üçün nadir və delikates olan meyvə növləri Azərbaycanda o dərəcədə boldur ki, bu, hətta sənaye miqyasında mürəbbə və cemlərin hazırlanmasına da imkan verir.

Yerli mürəbbələrdən sütül yaşıl qozdan bütöv şəkildə hazırlanan qoz mürəbbəsi daha çox məşhurdur. Bu mürəbbənin ev şəraitində hazırlanma texnologiyası çox çətindir. Azərbaycana səyahətiniz zamanı qoz mürəbbəsi almağı unutmayın.

Azərbaycanda digər ənənəvi mürəbbələrdən qızılgül, əncir, heyva, ağ gilas, göyəm, cənnət alması və digərlərini göstərmək olar. Bu mürəbbələri münasib qiymətə ölkənin hər yerindən almaq mümkündür.

Çay

Mürəbbəsiz çay süfrəsini təsəvvür etməyənlərə haqq qazandırmaq olar! Azərbaycanlıların necə çayxor olduğunu da bilməlisiniz! Çay ölkəmizdə insanların qida rasionunda mühüm yer tutur. Hər yemək süfrəsindən sonra - evdə və ya restoranda olsanız belə, sizə mütləq çay təklif edəcəklər. Burada qara çaya - dəmlənəndə "məxməri" rəng alan çaya daha çox üstünlük verilir. Əgər Avropada çay sifariş edən müştəriyə qaynar su və paket gətirmək normal hesab edilirsə, Azərbaycanda buna yaxşı baxmırlar. Paket çaylardan demək olar ki, yalnız ofislərdə istifadə edilir. Məhz yaxşı dəmlənmiş, "məxməri" çay Azərbaycan süfrələrinin bəzəyidir. Çaya əksər hallarda müxtəlif ot və ədviyyələr, daha çox kəklikotu, nanə, qızılgül ləçəkləri, mixək, hil əlavə edilir.

Yeri gəlmişkən, Azərbaycanın subtropik regionlarında - Lənkəran, Masallı, Astarada əsrlərdən bəri çay yetişdirilib. Bu çay xüsusi zərif dadı və ətri ilə seçilir. Ölkənin mağazalarında və bazarlarında geniş çeşiddə satılan Azərbaycan çayından özünüzlə aparmağı unutmayın.

Siz azərbaycanlıların çay içdikləri stəkana diqqət yetirin. Bu zərif, armudşəkilli stəkanlar elə belə də adlanır - "armudu". Ortası daralmış, yuxarısı getdikcə enlənən bu stəkan çay içmək üçün çox rahatdır: çayı qaynar içdikdə ağızı yandırmır və xeyli vaxt isti qalır.

Ənənəvi "armudu" stəkanları nəlbəkisi ilə birlikdə Azərbaycanın hər yerində almaq mümkündür. Bu, turistlərə gözəl hədiyyədir!

Sucuq

Bu ənənəvi Azərbaycan şirniyyatı digər ölkələrdə başqa cür adlana bilər. Məsələn, Gürcüstanda sucuq "çurçxela" adıyla məşhurdur. Klassik sucuğun hazırlanması prosesində əvvəlcə qoz sapa düzülür, sonra isə xüsusi üsulla bişirilmiş üzüm şirəsinə batırılır. Nəticədə dadlı və doydurucu özünəməxsus "konfet" alınır. Son vaxtlar nar şirəsindən hazırlanan sucuqlara da rast gəlmək mümkündür.

Azərbaycanda sucuq daim hazırlanıb. Digər ölkələrdə hazırlanan sucuqlardan dadına və ölçüsünə görə fərqlənən bu nemət çox ləzzətli, təbii və faydalıdır. Sucuğun qiyməti də münasibdir.

"Lavaşana" turşusu

Azərbaycanda daim quru meyvə piştaxtalarında olan məhsullardan biri də meyvədən hazırlanmış "lavaşana" turşusudur. Lavaşana müxtəlif meyvələrdən özünəməxsus üsul ilə hazırlanır. Məsələn, şirin ərikdən hazırlanan lavaşana uşaq və böyüklər üçün ən sevilən çərəzdir. Alça və ya zirincdən hazırlanan turş lavaşana isə milli xörəklərin hazırlanmasında istifadə olunur.

Lavaş görünüşündə (nazik yuxa) olan lavaşana turşusunu meyvə satılan hər yerdən almaq mümkündür. Biz əminik ki, bu təbii və faydalı məhsul sizin də xoşunuza gələcək!

Narşərab

Azərbaycan narlarının çox gözəl dadının və keyfiyyətinin sirri Göyçay rayonunun mikroiqlimi və torpağının tərkibidir. Bu bölgədə narın ən gözəl növləri yetişdirilir. Məhz bu narlardan ənənəvi sous - narşərab hazırlanır. Narın bütün faydalı xüsusiyyətlərini özündə saxlayan bu qatı kəmturş sous balıq və ət yeməklərinə xüsusi dad verir və ondan Azərbaycan kulinariyasında geniş istifadə edilir.

Ölkənin demək olar ki, hər mağazasında satılan əsl Azərbaycan narşərabını almaq fürsətini əldən buraxmayın!

Milli.Az